23 may 2024 02:16
362

Qayıdışımızın harmoniyası

Prezident İlham Əliyev Şuşa şəhərinə köçmüş ilk sakinlərlə görüşü zamanı demişdir: “Qarabağ və Şərqi Zəngəzur bölgələri nəinki Azərbaycanın, Qafqazın, dünyanın ən gözəl yerlərindən biri olacaq - ən müasir, ən rahat, ən gözəl. Buranın təbiəti, gözəl mənzərələri, yaşıllıqlar, bulaqlar müasir və eyni zamanda, ənənəvi üslubda inşa edilən binalarla tamamlanır”. 

Dövlətimizin başçısının rəhbərliyi ilə azad edilmiş bütün ərazilərdə - daşın daş üstə qalmadığı Qarabağ və Şərqi Zəngəzur bölgələrində bu gün sürətli bərpa-quruculuq işləri davam etdirilir. 30 ildən çox erməni faşistlərinin əsarətində olmuş və dağıntılara məruz qalmış bu ərazilərdə bütün sosial infrastruktur əsaslı şəkildə yenidən qurulur: müasir tələblərə cavab verən yeni yaşayış binaları, xəstəxanalar, məktəblər tikilir, avtomobil,  dəmir yolları, hava limanları və s. inşa olunur. Bir sözlə, bu torpaqlarda güclü infrastruktur qurulur, insanlarımızın normal yaşaması üçün vacib olan bütün layihələr həyata keçirilir. Bu mənada demək olar ki, həmin məkanlar misli-bərabəri olmayan quruculuq meydanına çevrilib. Hətta ölkə enerji sistemi tarixində ilk dəfə Qarabağ və Şərqi Zəngəzur regionunun elektrik enerjisi tələbatı 100 faiz yaşıl enerji hesabına təmin edilir və tələbatdan artıq qalan həcm ölkə enerji sisteminə ötürülür. Xatırladaq ki, işğaldan azad edilmiş torpaqlarda son üç il ərzində 270 meqavat gücündə su elektrik stansiyaları inşa edilib.

Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimində dövlətimizin başçısı bildirib ki, bu stansiyaların istehsal gücünü 500 meqavata çatdırmaq üçün konkret proqramımız da var və yaxın iki-üç il ərzində bu, həll olunacaq.  Bu da Qarabağ və Şərqi Zəngəzurun Azərbaycanın iqtisadi inkişafının yeni bir dayaq nöqtəsi olacağından xəbər verir. Şübhəsiz, bütün bu abadlıq-quruculuq işləri ilə Azərbaycan həm də Şərqi Zəngəzurun və Qarabağın timsalında bölgədəki mövqeyini, söz sahibliyini gücləndirir.

Burada görülən işlər azad edilmiş torpaqlara gələn hər bir xarici qonağı valeh edir. Prezident İlham Əliyevin sözləri ilə desək, çünki bu dərəcədə dağıntılardan sonra bu sürətlə bərpa işlərinin aparılması tarixdə görünməmiş bir hadisədir. Yeri gəlmişkən qeyd edək ki, mayın 17-də Prezident İlham Əliyevlə birlikdə Füzulidə və Şuşada səfərdə olmuş və gülləbaran edilmiş abidələri görərkən “ikonalara və heykəllərə atəş açanlar vəhşidirlər” deyən  Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko aparılan yenidənqurma işləri ilə tanışlıqdan sonra heyrətini gizlədə bilməmişdir.

Xatırladaq ki, düşməndən təmizlənən yaşayış sahələrində yenidənqurma işləri üçün 2021-ci ildə 2,2 milyard, ­2022-ci ildə 2,7 milyard manat, keçən il isə 3 milyard manat vəsait ayrılıb. Maliyyə Nazirliyinin məlumatına görə, cari ilin I rübündə Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması məqsədilə nəzərdə tutulan 3 milyard 825  milyon manat vəsaitin sifarişçi təşkilatlar tərəfindən təqdim edilən sənədlər əsasında 31,9 faizi və ya 1 milyard 220 milyon manatı ayrılıb ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 58,6 milyon manat və ya 5 faiz çoxdur. Bu da bir daha təsdiq edir ki, həqiqətən də ölkəmizdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının milli iqtisadiyyata reinteqrasiyası əsas prioritetə çevrilib.

Onu da xüsusi vurğulayaq ki, işğaldan azad edilən ərazilərdə sosial-iqtisadi həyatın bərpasında özəl sektor  əhəmiyyətli rol oynayır. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin birincü rübündə Qarabağ iqtisadi rayonu üzrə kiçik sahibkarlıq subyektlərinin sayı 1,8 faiz artaraq 179, orta sahibkarlıq sub­yektlərinin sayı 1,9 faiz artaraq 70, iri sahibkarlıq subyektlərinin sayı 0,8 faiz artaraq 6, fərdi sahibkarların sayı isə 6,4 faiz artaraq 85723 təşkil edib. Yanvar-mart aylarında Şərqi Zəngə­zur iqtisadi rayonunda isə kiçik sahibkarlıq subyektlərinin sayı 0,5 faiz artaraq 48-ə, orta sahibkarlıq subyektlərinin sayı 0,4 faiz artaraq 15-ə, iri sahibkarlıq subyekt­lərinin sayı 0,2 faiz artaraq 2-ə, fərdi sahibkarların sayı isə 0,4 faiz artaraq 5081-ə çatıb.

Bir-birini əvəz edən qayıdış karvanları  isə bu yenidənqurmaya xüsusi çalarlar əlavə edir. İndiyədək Zəngilanın Ağalı kəndinə, Füzuli şəhərinə, Tərtər rayonunun Talış kəndinə, Laçın şəhərinə, bu rayonun Zabux və Sus kəndlərinə sakinlərin qayıdışı, eləcə də mayın 10-da Şuşaya ilk qayıdışın gerçəkləşməsi bu prosesin ümumdövlət işinə çevrildiyini bir daha təsdiqləyir. İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən bu ilin sonunadək 27 yaşayış məntəqəsi üzrə geri qayıdacaq əhalinin sayının ümumilikdə 25 min nəfərdən çox olacağı və növbəti illərdə bu rəqəmin getdikcə artacağı gözlənilir. Bu il Cəbrayıl, Xocalı, Xocavənd və Xankəndiyə də keçmiş məcburi köçkünlərin qayıdışı baş tutacaq. 2026-cı ilin sonuna qədər isə 140 min nəfərə yaxın sakinin yerləşdirilməsi planlaşdırılır. Bu isə  Prezident İlham Əliyevin qeyd etdiyi kimi, qayıdışın daha intensiv şəkil alacağından xəbər verir.

Qvami Məhəbbətoğlu, “İki sahil”