23 may 2024 00:12
246

Əli Kərimlinin bitib-tükənməyən hap-gopları

Daha ona öz ətrafı da inanmır

AXCP sədri Əli Kərimli yenə də avantürist xislətinə sadiqlik göstərərək sosial şəbəkələrdə və internet televiziyalarında Azərbaycan dövlətinə və onun rəhbərinə qarşı ənənəvi böhtanlarını davam etdirməkdədir. O, bildirir ki, Azərbaycan dövlətinin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında apardığı tikinti- quruculuq işlərinə bu qədər geniş yer verməyə ehtiyac yoxdur.

Diqqət edin və görün bu siyasət dəllalı necə savadsız və qərəzli danışır. O, hələ də anlamır ki, məcburi köçkünlərin tezliklə öz doğma yurdlarına qayıtması ölkəmizə yeni sosial tərəqqi bəxş edəcək çox önəmli məsələdir. Çünki əvvəla, insanlar öz yurdlarına qayıtmaqla burada yeni və daha xoş həyata qovuşacaqlar. Eyni zamanda, onların doğma torpaqlarına qayıtması ilə paytaxtımızın əhali yükü azalacaq və ona yeni nəfəs gələcək. Həmçinin məcburi köçkünlər öz doğma yurdlarında  yeni iş yerləri ilə təmin olunacaqlar. Onlar ölkəmizin iqtisadi və sosial həyatının inkişafında yeni imkanlar qazanacaqlar.

Əli Kərimlinin avantürası təbii ki, bununla bitmir. Bu antimilli ünsür iddia edir ki, guya işğaldan azad olunan rayonlarda aparılan tikinti-quruculuq işlərində korrupsiya halları mövcuddur. Yenə  də tam çılpaqlığı ilə böhtandır. Çünki burada çalışanların böyük əkəsəriyyəti ixtisaslaşmış və tenderdə qalib olmuş xarici və yerli şirkətlərdir. Bu şirkətlərin korrupsiya ilə məşğul olmaq imkanları ona görə mümkün deyil ki, onlara həm Azərbaycan dövləti  nəzarət edir, həm də sərmayəçilər özlərinə qarşı israfçılıq etməyə çalışmazlar.

Əli Kərimlinin  anromal və antimilli mövqeyi həmişə olub və bu gün də davam edir. Xatırlayırsınızsa, bu hərdəm xəyal «siyasətçi» hələ ötən il Azərbaycan dövlətinin Qarabağda həyata keçirdiyi birgünlük lokal antiterror tədbirini qəbuledilməz hal adlandırmışdı. İddia etmişdi ki, guya Qarabağ məsələsi artıq həll edilmişdi və Avropa bu məsələdə Azərbaycana dəstək verəcəkdi. O, bu sərsəm fikirləri sgyləyərkən yenə də unudur ki, Azərbaycan 30 il ərzində beynəlxalq təşkilatlarda öz haqq səsini qaldırdıqca onun səsi batırılırdı. Azərbaycan dövləti hətta ən yüksək tribunalardan torpaqlarımızın ermənilər tərəfindən işğal edildiyini bəyan etsə də sözümüzü eşidən olmurdu. Hələ 30 il əvvəl BMT Təhlükəsizlik Şurasının işğalçı Ermənistanın hərbi qüvvələrinin  ərazilərimizi qeyd-şərtsiz tərk etmələrinə dair  qəbul etdiyi dörd qətnaməni ermənilər öz havadarlarına arxalanaraq icra etmədilər. Əvəzində ATƏT-in Minsk qrupunun həmsədr ölkələri ermənipərəst mövqe sərgiləyərək torpaqlarımızın işğalının davam etməsinə şərait yaratdılar.

Bəli, vaxtilə Ermənistanı güclü şəkildə müdafiə edən ölkələr, İkinci Qarabağ müharibəsindəki tarixi Zəfərimizdən və 2023-cü ilin sentyabrın 19-da başlayan bir günlük lokal antitoerror tədbirindəki Qələbəmizdən sonra gücümüzü və ərazi bütövlüyümüzü qəbul etdilər. Əli Kərimlinin ən böyük xəyanəti isə Vətən müharibəsində bütün ictimai və siyasi təşkilatların dövlətimizə, ordumuza dəstək bəyanatına imza atmalarına rəğmən onun bu addımı atmaqdan imtina etməsi oldu. Təbii ki, belə bir bəyanata yalnız erməni lobbisindən maliyyələşənlər imza atmağa cəsarət edə bilməzdi.

Əli Kərimli o qədər həyasızlıq edir ki, hətta  dünyadakı  50 milyonluq azərbaycanlının özünə lider hesab etdiyi Müzəffər Ali Baş Komandanımıza, Prezident İlham Əliyevə «siyasi məsləhətlər verməyə» özündə «cəsarət» tapır. Bu gün bütün dünya liderləri Azərbaycan Prezidenti İlham Əliyevin siyasi qətiyyətinə və geosiyasi uğurlarına heyranlıqlarını gizlədə bilmirlər. O, isə bunları görməzlikdən gəlir.

Ölkəmizin başçısı Ermənistanın Avropadakı əsas himayəçisi olan Fransa kimi böyük dövlətə « Bu gün Cənubi Qafqazda Fransaya yer yoxdur» deyir. Bununla da o, rəsmi Parisin ermənipərəst təşəbbüslərini beşikdəcə boğur. Təbii ki, Əli Kərimli bunları yaxşı görür və anlayır. Ancaq öz xislətinə uyğun olaraq etiraf etməyə özündə cəsarət tapmır. O, sadəcə dil pəhləvanıdır, sosial şəbəkə qəhrəmanıdır…  Əli Kərimlinin bugünkü, siyasi fəaliyyətin trolluq etməkdən, saxta profillərlə layk yığmaqdan o yana keçmir. 

Bu antimilli ünsür  utanmadan iddia edir ki, hakimiyyətimiz dövründə Qarabağın işğal olunmuş ərazilərinin 40 faizi azad edilmişdi, sadəcə sonradan Rusiya buna mane oldu. Görəsən Surət Hüseynov kimi sıradan bir adamın qarşısından qaçan AXC-Müsavat hakimiyyəti Qarabağda nə vaxt uğurlu əməliyyat apardı ki, xalqın xəbəri olmadı? Axı Surət Huseynovdan, Əlikram Hümbətovdan qorxaraq evlərin zirzəmisində gizlənən sizlər işğaldan torpaq azad edə bilməzdiniz.  Əli Kərimli, sən bu bimti- tükənməyən  hap-goplarını yalnız yanındakı 5-10 nəfərlik hərdəmxəyallara danışa bilərsən. Ancaq artıq onlar da sənin nağıllarına inanmırlar…

Elçin Zaman, «İki sahil»