23 may 2024 01:57
367

İran-Azərbaycan dostluğu bölgədə sabitliyin qarantıdır

Prezident İlham Əliyevin «Bölgənin inkişafı bölgədəki ölkələrdə yaşayan xalqların iradəsi ilə təmin edilməlidir. Qeyri-regional ölkələrin bizim işlərimizə müdaxiləsi qəbuledilməzdir» sözlərinin reallığı qarşılıqlı əməkdaşlıq üçün yeni imkanlar yaradan «Xudafərin» və «Qız Qalası» hidroqovşaqlarının istifadəyə verilməsidir

Dövlətlərarası münasibətlərdə, ölkələrin iqtisadi inkişafında, beynəlxalq münasibətlərin möhkəmlənməsində enerji diplomatiyasına, xarici siyasət və milli təhlükəsizlik məsələlərinə vəhdət halında diqqət yetirilməsi sınaqdan çıxmış çoxillik təcrübədir. Dövlətlərin milli maraqlarına əsasən formalaşdırılan xarici siyasətin yüz illərlə yaşı olsa da enerji diplomatiyasının daxili və xarici siyasətə inteqrasiyası daim ehtiyac duyulan sahə kimi həmişə aktualdır.

Dünyadakı dəyişən vəziyyətlə əlaqədar enerji təhlükəsizliyinin və enerji diplomatiyasının aktuallaşması müasir dövrün tələblərindən irəli gəlir. İqtisadiyyatı və energetikanı bir-birindən ayrı təsəvvür etməyin mümkün olmadığı müasir dövrümüzdə enerji ehtiyatlarına əlçatanlıq hələ də səngiməyən müharibələrin nəticələrini müəyyən edən faktor kimi də gündəmdədir. Enerji ehtiyatlarından səmərəli istifadə, xüsusən bərpaolunan enerji ehtiyatlarının istehsalı müasir dövrdə özünün aktuallığı ilə diqqəti cəlb edir və iqtisadi inkişaf üçün mühüm perspektivlər yaradır.

Enerji diplomatiyasında Qərb ölkələri ilə əməkdaşlığa prioritet kimi diqqət yetirən, Avropa bazarını ən sərfəli əməkdaşlıq məkanı adlandıran Prezident İlham Əliyevin dünyada dəstəklənən enerji diplomatiyası, şaxələndirmə siyasəti Azərbaycanın dünya birliyində önəmini daha da artırıb, mövqeyini möhkəmləndirib. Avropa üçün sabit və mühüm enerji mənbəyi hesab edilən ölkəmizin Səudiyyə Ərəbistanının, İtaliyanın tanınmış şirkətləri ilə əməkdaşlığı ölkəmizin «yaşıl enerji» gündəliyini daha da zənginləşdirir. Azərbaycan təkcə zəngin karbohidrogen ehtiyatlarına sahib ölkə deyil, eyni zamanda, Mərkəzi Asiyadan Avropa istiqamətində göndərilə biləcək karbohidrogen məhsullarının nəqlində mühüm tranzit ölkə kimi də mühüm önəm daşıyır. Son illərdə Avropanın doqquz ölkəsi ilə enerji sahəsindəki əməkdaşlığını genişləndirən ölkəmizin şaxələndirmə siyasətinə qoşulan qitə ölkələri də daxil olmaqla digər dövlətlər də Azərbaycanın bölgədə müstəqil siyasət yeritməsini, enerji asılılığı olmayan bir dövlət kimi söz sahibliyini etiraf edirlər.

Prezident İlham Əliyevin son illərdə neft-qaz sahəsində həyata keçirdiyi düşünülmüş strategiya sayəsində müstəqil dövlətimiz nəinki regionun aparıcı dövlətinə, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinin başlıca təminatçılarından birinə çevrilmişdir. Respublikamızın bölgənin və qitənin enerji təhlükəsizliyində mühüm rol oynaması istər dünyanın aparıcı dövlətləri, istərsə də beynəlxalq təşkilatlar tərəfindən birmənalı dəstəklənir. Azərbaycan regionda hansısa ölkədən enerji asılılığı olmayan, tələbatını daxili imkanlar hesabına ödəməyə qadir dövlət kimi varlığını təsdiqləyir.

Torpaqlarımız Ermənistanın işğalından azad edildikdən sonra bərpa-quruculuq işləri arasında ən çox diqqət enerji layihələrinin reallaşmasına yönəlib. Ərazimizin təxminən 25 faizini təşkil edən Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan bölgələri ölkəmizdə «yaşıl enerji» zonaları elan edilib. İşğaldan azad edilmiş torpaqlarda son üç il ərzində 270 meqavat gücündə su elektrik stansiyaları inşa olunub. Bu stansiyaların istehsal gücünü 500 meqavata çatdırmaq üçün proqnozlaşdırılan konkret layihələr yaxın iki-üç il ərzində reallaşacaq. Bizim energetika sahəsində çox böyük planlarımız var. «Yaşıl enerji» və qazıntı yanacağına həmişə tələbat olacağını bildirən Prezident İlham Əliyevin vurğuladığı kimi, ölkəmizdə 240 meqavat gücündə ilk günəş elektrik stansiyasının açılması, dörd günəş və külək elektrik enerjisi stansiyasının təməlinin qoyulması ümumi gücü 1300 meqavat olacaq alternativ enerji mənbələri Azərbaycanın enerji diplomatiyasının imkanlarını daha da artıracaq. Qarabağda və Şərqi Zəngəzurda son 3 ildə su elektrik stansiyalarının gücü 170 meqavata çatdırılıb. «Azərbaycanda bərpaolunan enerji resurslarının istehsalını 5 qiqavata qədər artırsaq, bu, elektrik enerjisi üçün istifadə etdiyimiz təbii qazın böyük bir hissəsini əvəz edəcək və biz bərpaolunan enerji resurslarından istifadə üzrə hədəfimizə hətta daha qısa müddət ərzində çata bilərik» söyləyən Prezident İlham Əliyev Gürcüstanın Qara dəniz sahilindən Rumıniyanın Qara dəniz sahilinədək uzanan kəmərin beynəlxalq əhəmiyyətini birləşdirici halqa kimi dəyərləndirir.

Bu günlərdə enerji istehsalı və suvarma məqsədilə Araz çayı üzərində Araz çayı üzərində inşa edilən, enerji güclərinin bərabər bölünməsini təmin edəcək «Xudafərin» və «Qız Qalası» hidroqovşaqlarının istifadəyə verilməsi ilə ölkəmizin enerji xəritəsinin coğrafiyası genişlənir. Hidroqovşaqların açılış mərasimlərini dərin kökləri, oxşar tarixləri, adət-ənənələri olan İran-Azərbaycan dostluğunun təzahürü adlandıran Prezident İlham Əliyev bu layihələrin gerçəkləşməsini bölgənin sabitliyi, gələcək təhlükəsizlik tədbirlərinin gücləndirilməsi baxımından əhəmiyyətli adlandırdı. Dörd ölkə arasında əməkdaşlıq körpüsü, sərhədyanı ərazilərdə yaşayan insanların həyat səviyyələrinin iqtisadi cəhətdən yaxşılaşmasına töhfə verən Araz çayının iqtisadi, mədəni və tarixi əhəmiyyəti aktuallaşıb. Araz çayı üzərində hidroqovşaqların birgə razılıq əsasında inşası bölgə ölkələrinin maraqlarına uyğun olmaqla, əməkdaşlığın yeni istiqamətlər üzrə imkanlarını də artırır.

Hazırda «Xudafərin» su anbarında 503, «Qız Qalası» su anbarında isə 42 milyon kubmetr su yığılıb ki, bu da ümumi tutumun 40 və 85 faizini təşkil edir. Bu layihə təkcə Azərbaycana mövcud 252 min hektar torpaq sahəsi üzrə suvarmanın yaxşılaşdırılmasını və 12 min hektar yeni əkin sahələrindən istifadəni gerçəkləşdirir. İllik 358 milyon kilovat-saat elektrik enerjisi istehsalına, 80 milyon kubmetr qaza qənaət imkanı yaradacaq. «Yaşıl enerji» zonası kimi, regional əməkdaşlıq əlaqələrinə də təkan verəcək. Stansiyaların qoşulacağı «Cəbrayıl» enerji qovşağı ölkəmizin Şərqi Zəngəzur və Naxçıvan bölgələri arasında yeni enerji bağlantısına xidmət edəcək. Hər iki ekoloji, enerji, iqtisadi əhəmiyyət daşıyan infrastruktur layihələri olmaqla bərabər, bölgədə inkişafa, təhlükəsizliyə, dostluğa xidmət edən uzunmüddətli əməkdaşlıq körpüsüdür. İqlim dəyişikliyi və ətraf mühitin çirklənməsi baxımından yaranan quraqlıqların aradan qaldırılmasına geniş imkan yaradacaq , su diplomatiyası sahəsində bənzərsiz layihələr olan iki elektrik stansiyasında 540 meqavat enerji istehsal ediləcək.

İki ölkə arasındakı əlaqələrin perspektivlərindən bəhs edərkən «Bizi birləşdirən layihələrin arasında təbii ki, nəqliyyat layihələri xüsusi rol oynayır. Bu gün nəinki ölkələrimiz üçün, daha geniş coğrafiya üçün böyük əhəmiyyət daşıyan Şimal-Cənub Nəqliyyat Dəhlizinin yaradılması ilə əlaqədar birgə səylər göstərilib. Bu günə qədər göstərilən səylər artıq real layihələrə çevrilib. Bundan sonra həm İran ərazisində, həm Azərbaycan ərazisində müasir dəmir yolu infrastrukturunun yaradılması və modernləşdirilməsi Şimal-Cənub Nəqliyyat Dəhlizini dünyanın ən önəmli nəqliyyat damarına çevirəcəkdir» sözləri ilə proqnozları açıqlayan Prezident İlham Əliyev Şimal-Cənub Nəqliyyat Dəhlizinin bir hissəsi olacaq Ağbənd istiqamətində inşa edilən avtomobil körpüsünün əhəmiyyətini də diqqətə çatdırdı. Qeyd edildiyi kimi, bu körpü təkcə Azərbaycanın əsas hissəsini onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə birləşdirən körpü deyil, eyni zamanda, beynəlxalq nəqliyyat dəhlizinin bir parçası, Şimal-Cənub, eyni zamanda, Şərq-Qərb Nəqliyyat dəhlizlərinin bir hissəsi olacaq.

«Bölgənin inkişafı bölgədəki ölkələrdə yaşayan xalqların iradəsi ilə təmin edilməlidir. Qeyri-regional ölkələrin bizim işlərimizə müdaxiləsi qəbuledilməzdir. Biz Azərbaycan olaraq bütün ölkələrlə əlaqələri qarşılıqlı hörmət, bir-birinin işinə qarışmamaq və qarşılıqlı mənfəət əsasında qururuq və bundan sonra da quracağıq. Əgər kimsə - buradan minlərlə kilometr uzaqlıqda yerləşən ölkələrin rəhbərləri bu bölgədə hər hansı bir nəticə əldə etmək istəyirlərsə, bizimlə danışsınlar. Yersiz və lazımsız müdaxilə bu günə qədər heç bir səmərə verməyib və verməyəcək. Hesab edirəm ki, Ermənistan səhv addım atmamalıdır» sözləri ilə bölgədə sabitliyin qarantı olan birgə əməkdaşlığa böyük önəm verdiyini vurğulayan Prezident İlham Əliyev növbəti dəfə qətiyyətli mövqeyini ifadə etdi: «Regional məsələlər region ölkələrinin bilavasitə iştirakı və iradəsi ilə həll olunmalıdır.» Bölgədə əmin-amanlığın mövcudluğu üçün başlıca şərt olan bu şəraitdən ən çox nəticə çıxarmalı dövlət isə uzaq məsafələrdən gələn qərəzli sifarişlərə arxayınlaşan Ermənistan olmalıdır.

Bəllidir ki, Arazətrafı bölgə dövlətlərinin əksəriyyəti güclü, müstəqil siyasət aparmaq imkanına, gücünə malik ölkələrdir. Elə bu səbəbdəndir ki, heç bir kənar qüvvə bu günə qədər bu dövlətlərin iradəsinə təsir edə bilməyib və etməyəcək də. İran-Azərbaycan əlaqələrinin gələcək inkişafı münasibətləri daha da gücləndirəcək. Enerji diplomatiyasını siyasətdən ayıran, beynəlxalq əlaqələrini əməkdaşlıq prinsipləri əsasında inkişaf etdirən Azərbaycan üçün «Xudafərin» və «Qız Qalası» hidroqovşaqları bölgədə sabitliyin qarantı olmaqla qarşılıqlı əməkdaşlıq üçün yeni perspektivlərin qarşısında «yaşıl işıq» olacaq.

Xuraman İsmayılqızı, «İki sahil»