23 may 2024 01:15
319

Şərab satırsan vergi ödə!..

Paşinyan hakimiyyətinə qarşı çıxan keşişləri necə cəzalandıracaq?

Ermənistanda hakimiyyət əleyhinə etiraz aksiyalarının uğursuzluqla nəticələnəcəyi gözlənilən idi. Baxmayaraq ki, “Vətən naminə Tavuş” hərəkatı 2020-ci ildə İkinci Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra baş nazir Nikol Paşinyana qarşı başladılmış ən böyük narazılıq dalğası hesab edilə bilər. Üstəlik, bu dəfə sabiq prezidentlər Serjik Sarkisyan və Robert Koçaryanın da fəal iştirakı ilə birləşmiş müxalifət   ölkə tarixində ilk dəfədir kilsəni açıq-aşkar siyasi oyunlarına cəlb ediblər. Daha dəqiqi, bu vaxta qədər erməni kilsəsi daha çox proseslərin gizli idarəedicisi rolunda çıxış edib. Bu dəfə isə keşiş Baqrat Qalstanyan etiraz hərəkatının əsas fiquru kimi ön plana çıxarıldı, hətta etiraz aksiyaları nəticə verəcəyi təqdirdə onun baş nazir postuna namizədliyi də müzakirə mövzusuna çevrildi. Ermənistanda hakimiyyətin devrilməsi planının xarici qüvvələr, eləcə də erməni lobbisi tərəfindən dəstəkləndiyi də heç kimə sirr deyil.

Bəs etirazçıların heç bir konkret nəticə əldə edə bilməməsi hansı səbəblərlə bağlıdır? Postu üçün növbəti təhlükəni də sovuşdurmaqda olan Nikol Paşinyan əleyhdarları ilə necə hesablaşacaq? Ermənistanda baş verənlərə ictimai münasibət necədir?

Əslində, keşiş Baqrat Qalstanyanın rəhbərlik etdiyi “Vətən naminə Tavuş” hərəkatının uğursuzluqla nəticələnməsinin əsas səbəbi sonuncu sualın cavabında gizlənib. Belə ki, Ermənistanın müxalifyönümlü siyasi nəşrlərin, həmçinin Paşinyan əleyhdarlarının cidd-cəhdlə yox yerdən ajiotaj yaratmaq cəhdlərinə baxmayaraq ölkə əhalisinin böyük əksəriyyəti birmənalı şəkildə baş nazirin kursuna etimad və etiraz aksiyalarına mənfi münasibət nümayiş etdirdi. Bunu “Azadlıq radiosu”, BBC və sair kimi beynəlxalq kütləvi indormasiya vasitələrinin paytaxt İrəvanda və regionlarda keçirdikləri sosioloji sorğular da təsdiq etdi. Yaranmış vəziyyətə münasibət bildirən sakinlərin demək olar hamısı hesab edir ki, baş verənlərin əsas günahkarları aksiyaçıların özləri, onları bu addımı atmağa təhrik edən keçmiş prezidentlər, dolayısı ilə Ermənistanda uzun illər hakimiyyəti zəbt etmiş “Qarabağ klanı”dır. Yəni, erməni xalqı yeni müharibələrin, silahlı toqquşmaların baş verməsini istəmir, Nikol Paşinyanın Azərbaycanla və Türkiyə ilə münasibətlərin normallaşması istiqamətində atmaq istədiyi addımları dəstəkləməkdədir. Birləşmiş müxalifətin yeni etiraz aksiyalarının uğursuzluğunun ən mühüm səbəbi də məhz budur.

İkinci səbəb “Vətən naminə Tavuş” hərəkatına uğursuz lider seçimi və kilsənin açıq şəkildə siyasi oyunlara alət edilməsi ilə bağlıdır. Bəzi analitiklər Baqrat Qalstanyanın Tavuşdan İrəvana yürüşünü yanlış olaraq Nikol Paşinyanın 2018-ci ildəki hakimiyyəti ələ keçirmək uğrundakı mübarizəsi ilə müqayisə edirdilər. Ancaq birincisi, Qalstanyanın nəinki siyasi fiqur kimi heç bir ictimai nüfuzu və təcrübəsi yoxdur, üstəlik din xadimi kimi də qaranlıq keçmişə malikdir. Üstəlik, keşiş uzun illər Kanadada yaşayıb və hazırda həm də həmin ölkənin vətəndaşlığını daşıyır. Ermənistan qanunvericiliyi isə ikili vətəndaşlığı olan şəxsin baş nazir seçilməsini qadağan edir. İkincisi isə erməni ictimaiyyəti din xadiminin siyasi proseslərdə iştirakını, bir keşişin hakimiyyətə gəlmək naminə etiraz aksiyalarına rəhbərlik etməsini birmənalı qəbul etmir. Əslində, bu, erməni kilsəsinin qaydalarına da ziddir.

Ermənistan hakimiyyəti tərəfindən Azərbaycanın işğal altında olan dörd kəndinin – Qazax rayonunun inzibati ərazisində yerləşən və anklav olmayan Bağanis Ayrım, Qızıl Hacılı, Aşağı Əskipara və Xeyrimlini Azərbaycana təhvil verilməsi, iki dövlət arasında sərhədin delimitasiyasına bu istiqamətdə başlanması və sərhəd dirəklərinin basdırılması sülhə doğru atılmış ciddi addımdır. Artıq Ermənistan ictimaiyyəti də Azərbaycanla münasibətlərdə irəliləyişin əldə edilməsinin, sülh müqaviləsinin imzalanmasının, bununla da regionda dinc əməkdaşlıq dövrünə start verilməsinin zərurətə çevrildiyinin, bunun üçün tarixi şəraitin yarandığının fərqindədir. Paşinyanın son etirazlar fonunda postunu qoruya bilməsinin əsas amillərindən biri də bu faktorla bağlıdır. Ermənilər başa düşürlər ki, bir dövlət kimi mövcudluq və inkişafa aparan yol suveren sərhədlərin müəyyənləşdirilməsindən keçir.

Ermənistan polisinin müəyyən müdaxilələrini nəzərə almasaq hakimiyyətin aksiyalara loyal münasibəti hadisələrin, necə deyərlər, cızığından çıxmamasında əsas rol oynadı. Ancaq bu, Nikol Paşinyanın etirazlara sonadək seyrçi qalacağı anlamına gəlmir. Çox güman ki, erməni baş nazir əleyhdarlarını necə cəzalandıracağının ssenarisini artıq çoxdan öz komanda yoldaşları ilə müzakirə etməkdədir. Böyük ehtimalla, ilk hədəf keşiş Baqrat Qalstanyan və onun timsalında kilsə olacaq. Çünki Paşinyan hökuməti ilə erməni kilsəsi arasında ziddiyyətlər yeni deyil. Son hadisələr isə Paşinyana konkret addımlar atmaq üçün əsaslar yaratmış oldu. Bu baxımdan Ermənistan parlamentinin spikeri Alen Simonyanın qanunverici orqanın iclasında çıxışı zamanı səsləndirdiyi “Yaxın vaxtlarda Erməni Apostol Kilsəsinin vergiyə cəlb edilməsi məsələsini müzakirə etmək lazımdır” fikrini hakimiyyətin cavab tədbirlərinin anonsu kimi də qəbul etmək olar. Simonyan daha sonra bildirib ki, hisslərimizlə, tariximizlə oynamağı dayandırın: “Onsuz da siyasətlə məşğul olur, diaspordan pul yığırsınız. Şam, “Coca-Cola”, şərab satır, restoranlar işlədirsiniz, amma vergi ödəmirsiniz.”

O, din xadiminin vergi ödəyən sadə iş adamından niyə üstün olduğunu anlamaq istədiyini vurğulayıb. Bundan başqa, erməni spiker etirazçıların İrəvandakı katolikosun iqamətgahının ərazisinə, Müqəddəs Anna kilsəsinin həyətinə toplaşmasından da narazılığını ifadə edib.

Göründüyü kimi, Ermənistanda siyasi hakimiyyətlə kilsə arasında narazılıq pik həddinə çatıb. Nikol Paşinyan isə əleyhinə başladılmış hərəkatdan öz məqsədləri üçün istifadə etmək niyyətindədir. Özü də ilk addım kimi kilsənin “pul kisəsini silkələməklə”. Bundan sonra nələr olacağını isə zaman göstərəcək...

Mahir Rəsuloğlu, “İki sahil”