23 may 2024 00:45
250

Şərin qulluğunda dayanan marginallar tarixin təkərləri altında qalacaqlar…

Bu gün planetimiz sözün əsl mənasında xaos, anarxiya girdabına yuvarlanıb. Müharibələr, münaqişələr, terror aktları, vətəndaş müharibələri quraqlıq, ərzaq qıtlığı və s. dünyanı qaynar qazana çevirib. Bir sözlə, hazırda planetimizin real mənzərəsi heç də ürəkaçan deyil.

Bütün bunların fonunda yeganə təsəllimiz odur ki, belə bir çətin dövrdə sabitlik, tərəqqi ünvanı olan Azərbaycan tarixinin ən şərəfli dövrünü yaşayır. Xalqımız işıqlı gələcəyi naminə yeni tarix yazır. Dünyada gərgin, ziddiyyətli və qarışıq proseslərin getdiyi bir dövrdə qırx dörd günlük Vətən müharibəsindəki tarixi Zəfəri ilə yeni reallıqlar yaradan, lokal antiterror tədbirləri ilə suverenliyini tamamilə bərpa edən Azərbaycanda demokratiyanın inkişafı, insan hüquqlarının qorunması hökumətimizin başlıca prioritetləri sırasındadır. Ölkəmizdə bütün fundamental hüquqlar, o cümlədən ifadə azadlığı, media azadlığı, toplaşma azadlığı, dini etiqad azadlığı və vətəndaş cəmiyyətinin inkişafı tam şəkildə təmin edilir.

Sürətlə yeniləşən, keyfiyyətcə yeni mərhələyə qədəm qoyan respublikamızda dayanıqlı inkişafın, siyasi sabitliyin, həmrəylik mühitinin və demokratik ənənələrin təminatçısı olan siyasi dialoqun qorunması və inkişaf etdirilməsi dövlət siyasətinin strateji vəzifələrindən biridir. Bu istiqamətdə demək olar ki, bütün potensiallar səfərbər edilib. Xüsusilə vurğulamaq lazımdır ki, bu sahədə görülən işlər artıq öz bəhrəsini verməkdədir.

Azərbaycanda iqtidar-müxalifət dialoqunun inkişafı ölkəmizin başçısının dövlətçilik siyasətinin prinsipial istiqamətlərindəndir. Təqdirəlayiq haldır ki, ölkədə yeni siyasi konfiqurasiyanın formalaşmasında müxalifət partiyaları yaxından iştirak edirlər. Bu gün Azərbaycanın ictimai-siyasi həyatında dialoq mövcuddur. Təbii ki, söhbət iqtidar-müxalifət dialoqundan gedir. Çox təəssüf ki, bəzi xarici anti-Azərbaycan dairələrlə yanaşı, ölkə daxilində də bu dialoqa hər vəchlə mane olan qüvvələr var.

Şübhəsiz, ölkəmizin beynəlxalq münasibətlər sistemində öz mövqeyini möhkəmləndirməsi, iqtisadi imkanlarını artırması, və digər amillər müəyyən güc mərkəzlərini, eləcə də bəzi region dövlətlərini narahat edir. Məhz həmin dairələrin dirijorluğu ilə əsassız iddia və bəhanələrlə siyasi dialoqdan, sağlam siyasi rəqabətdən yayınan AXCP-nin sədri Əli Kərimli, “Milli Şura” nın sədri Cəmil Həsənli, bu qurumun Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli, eləcə də xarici ölkələrdə məskunlaşan Qənimət Zahid, Sevinc Osmanqızı kimi antipodlar son zamanlar sosial şəbəkələrdə ölkəmizin əleyhinə apardıqları “qara piar” kampaniyasının miqyasını daha da genişləndiriblər. Təbii ki, bu marginalların dünyada baş verən proseslərin fonunda Azərbaycanın milli maraqlara xidmət edən daxili və xarici siyasətinə ləkə yaxmaları onların erməni lobbisinin təsiri altında olan təşkilatlarla sinxron fəaliyyətini açıq-aşkar ortaya qoyur.

Hər kəlməsində islahat deyən Ə.Kərimli kimilər özləri də yaxşı bilirlər ki, ölkəmizdə islahatlar partiyalararası dialoq aparılmadan həyata keçirilə bilməz. Belə olan təqdirdə görəsən onun rəhbərlik etdiyi AXCP nədən siyasi dialoqdan yayınır?  Bizə elə gəlir ki, Ə.Kərimli və ətrafındakılar özləri də yaxşı bilirlər ki, milli həmrəyliyə və sağlam siyasi münasibətlərə xidmət edən siyasi dialoq respublikamızda demokratiyanın inkişafında, siyasi, iqtisadi azadlıqların qorunmasında, ölkəmizin güclənməsində, siyasi sistemin vacib komponentləri olan siyasi partiyalar arasında yeni sağlam münasibətlər formalaşmasında mühüm rola malikdir.

Şübhəsiz, şəxsi ambisiyaları və maraqları naminə milli mənafeləri ayaqlar altına atan AXCP və “Milli Şura”da toplanan antimilli ünsürlər əslində bütün bunları bilərəkdən edirlər. Belə ki, onlar xaricdəki ağalarının yardımı, qrantları və sifarişləri ilə siyasi dialoqa mane olmağa cəhd göstərməklə respublikamızdakı mövcud milli birliyə və siyasi həmrəyliyə zərbə vurmağa çalışırlar. Onların başlıca məqsədi cəmiyyəti xaos və anarxiya girdabına sürükləmək, necə deyərlər, bulanıq suda balıq tutmaqdır.

Təbii ki, bütün bunlar heç bir nəticə verməyəcək. Bu marginalların bütün cəhdləri iflasa uğrayacaq, güclü, qüdrətli, qalib Azərbaycan öz yolu ilə inamla irəliləyəcək. Özünü cəmiyyətdən təcrid edən, bədnam antimilli fəaliyyəti ilə cəmiyyətdə ikrah doğuran, şərin qulluğunda dayanan radikal müxalifət düşərgəsinin təmsilçiləri tarixin təkərləri altında qalaraq əziləcək, siyasi səhnədən silinəcəklər…

Zahid Rza, “İki sahil”