22 may 2024 18:15
291

Dərin kökləri və tarixi olan dostluq

Bu il may ayının 19-da Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyev və İran İslam Respublikasının Prezidenti  cənab Seyid İbrahim Rəisi Azərbaycan Respublikası və İran İslam Respublikasının dövlət sərhəddində görüşmüş, Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimində iştirak etmişlər.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında bildirmişdir ki, “Qız Qalası” hidroqovşağının açılışı və “Xudafərin” hidroqovşağının istismara verilməsi tarixi hadisədir, həm də bu gün keçirilən mərasim dostluğumuzun təzahürüdür. Cənab Prezident İlham Əliyev demişdir: “Bu günkü mərasimin tarixi əhəmiyyəti, o cümlədən ondadır ki, ilk dəfə olaraq İran və Azərbaycan prezidentləri sərhəddə görüşürlər. Bu, bir daha onu göstərir ki, bu sərhəd dostluq sərhədidir, qardaşlıq sərhəddidir. Qədim tarixdən gələn qarşılıqlı hörmət, anlaşma, dəstək hissləri bu gün həm bu nəhəng layihədə, aparılan danışıqlarda və əldə edilmiş razılaşmalarda özünü göstərir, eyni zamanda, gələcək planlarımızda özünü göstərəcək.”

İran İslam Respublikasının Prezidenti cənab Seyid İbrahim Rəisi çıxış edərək demişdir: “Xudafərin” və “Qız Qalası” bəndlərinin açılışı günü çox önəmlidir. Araz çayı həmişə xalqlarımız arasında bir bağ olmuşdur. Bu bağ 50 il əvvəl iki ölkə və iki xalq arasındakı əməkdaşlıq nəticəsində yaranmışdır və bu günə qədər davam edir.  Cənab Seyid İbrahim Rəisi çıxışında bildirdi ki, “Biz təbii ki, qardaş, qonşu  ölkələrik. Xüsusilə Ali Dini Rəhbərin bildirdiyi kimi, İranın Azərbaycanla olan əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür. Bu, qohumluq əlaqəsidir. Bu əlaqə və bağ çox möhkəm, çox dərin bir bağdır. Bu bağ, bu əlaqə bizim ölkələrin tarixə dayanan əlaqəsi olaraq xalqlarımızı bir-birinə birləşdirir. Bu əlaqə qəlblərdədir, qəlblərdən gəlir və sarsılmazdır. İki ölkə arasındakı   əlaqə heç nədən asılı olmayaraq xələl görməyəcək və sarsılmayacaq. Bu əlaqələr gündən-günə daha da artacaq və daha da məhkəmlənəcək”.

Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyev Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsinin və “Qız Qalası” hidroqovşağının açılışının mühüm önəm daşıdığını bildirmişdir: Bu görüşlərin həm mahiyyət üzrə çox böyük əhəmiyyəti var, həm də xalqlarımıza, bölgəyə və dünyaya ciddi mesajdır. İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır. Heç kim bizim aramıza girə bilməz. Bu səylər əbəsdir və biz bugünkü mərasimlə bunu bir daha sübut edirik.

Bahar Məmmədova,
YAP Xətai rayon təşkilatının "General Şıxlinski 56/2" ünvanı ərazi partiya təşkilatının sədri