22 may 2024 16:56
308

“Xudafərin” və “Qız Qalası” layihələri dostluğa xidmət edən uzunmüddətli əməkdaşlıq körpüsüdür

Dərin köklərə malik olan Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasındakı əlaqələr ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra inkişaf etmişdir. Bünövrəsi Ümummilli Lider tərəfindən qoyulmuş bu siyasət bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Müstəqil siyasət yürüdən Azərbaycan dünya dövlətləri ilə dostluq münasibətlərinə xüsusi önəm verir.

 Mayın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi Azərbaycan Respublikası ilə İran İslam Respublikasının dövlət sərhədində görüşüblər. Hər iki dövlət başçısının iştirakı ilə Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilib. Azərbaycan Respublikası ilə İran İslam Respublikası dövlət sərhədində - Araz çayı üzərində inşa edilən “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları elektrik enerjisi istehsalı və suvarma məqsədilə tikilib.         

Hidroqovşaqların layihələri Sovet İttifaqı ilə İran arasında 1977-ci ilin oktyabrında imzalanan razılaşma əsasında hazırlanıb. Layihələri 1990-cı illərin əvvəllərində yenidən işlənilən hidroqovşaqların tikintisi Azərbaycan ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal edilməsi nəticəsində dayandırılsa da, sonrakı dövrlərdə tikinti işləri yalnız İran İslam Respublikası tərəfindən aparılıb. Araz çayının su ehtiyatlarından səmərəli istifadə olunmaqla elektrik enerjisinin istehsalı və əkin sahələrinin su təminatının yaxşılaşdırılmasına xidmət edəcək “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarında su bəndlərinin tikintisi üzrə işlər tamamlanıb, su anbarlarının doldurulması işlərinə başlanılıb. Hazırda “Xudafərin” su anbarında 503 milyon kubmetr, “Qız Qalası” su anbarında isə 42 milyon kubmetr su yığılıb ki, bu da ümumi tutumun 40 və 85 faizini təşkil edir.

“Xudafərin” və “Qız Qalası” hər iki ölkə üçün ekoloji, enerji, iqtisadi əhəmiyyət daşıyan infrastruktur layihələri olmaqla bərabər, bölgədə inkişafa, təhlükəsizliyə, dostluğa xidmət edən uzunmüddətli əməkdaşlıq körpüsüdür.

“İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır. Heç kim bizim aramıza girə bilməz. Bu səylər əbəsdir və biz bugünkü mərasimlə bunu bir daha sübut edirik”, - deyə dövlətimizin başçısı bildirib.

Aytac Axundova,
YAP Xətai rayon təşkilatının "Məhsəti 3" ünvanı üzrə ərazi partiya təşkilatının üzvü