22 may 2024 15:11
308

Azərbaycan və İran arasında münasibətlər daha da möhkəmlənəcək

xalqları arasında din, mədəniyyət, mənəvi dəyərlər baxımından yaxınlıq rəsmi Tehranla Bakının əlaqələrinə təsir göstərən mühüm amillərdən biridir. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanın digər qonşuları ilə yanaşı, İranla münasibətləri də keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Ulu Öndər Heydər Əliyevin siyasi xəttini davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev regionda cərəyan edən mürəkkəb və ziddiyyətli proseslər fonunda xarici siyasətdə İranla əməkdaşlığın prioritet istiqamətlərdən biri olduğunu təsdiqlədi. Rəsmi Tehranın Bakı ilə əməkdaşlığa olan marağı təkcə ölkəmizin malik olduğu strateji-coğrafi mövqe və zəngin karbohidrogen ehtiyatları ilə deyil, həm də möhkəm siyasi sabitliyə, demokratik inkişafa, beynəlxalq birliklə fəal inteqrasiyaya söykənən dövlətçilik kursunun dönməzliyi ilə şərtlənir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev mayın 19-da Araz çayı üzərində in­şa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açı­lış mərasimində iştirak edib. Azərbaycan ictimaiyyəti də, İran ictimaiyyəti də, dünya ictimaiy­yə­ti də hər iki tədbiri tarixi hadisə kimi dəyərləndirir. Bu layihələrin gerçəkləşməsi əra­zi­də səna­ye­nin də, kənd təsərrüfatının da inkişafında əhəmiyyətli olacaq. Digər tərəfdən, bunlar iki dövlət arasında münasibətlərin daha da möhkəmlənməsini də təmin edəcəkdir. Azərbaycan Res­pub­likasının Prezidenti cənab İlham Əliyev tədbirdə çıxışında qeyd etdi ki, “Bizi birləşdirən layihələr arasında nəqliyyat layihələri xüsusi rol oynayır. Bu gün nəinki öl­kələrimiz üçün, daha geniş coğrafiya üçün böyük əhəmiyyət daşıyan Şimal-Cənub Nəqliyyat Dəhlizinin yaradılması ilə əlaqədar birgə səylər göstərilib. Bu günə qədər göstərilən səylər artıq real layihələrə çevrilib. Bundan sonra həm İran ərazisində, həm Azərbaycan ərazisində müasir dəmir yolu infrastrukturunun yaradılması və modernləşdirilməsi Şimal-Cənub Nəqliyyat Dəhlizini dünyanın ən önəmli nəqliyyat damarına çevirəcəkdir”.

Araz çayının su ehtiyatlarından səmərəli istifadə olunmaqla elektrik enerjisinin istehsalı və əkin sahələrinin su təminatının yaxşılaşdırılmasına xidmət edəcək “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları uzun illər hər iki xalqın və dövlətin maraqlarına xidmət göstərəcəkdir. Hazırda “Xudafərin” su anbarında 503 milyon kubmetr, “Qız Qalası” su anbarında isə 42 milyon kubmetr su yığılıb ki, bu da ümumi tutumun 40 və 85 faizini təşkil edir. Su tutumu 1,6 milyard kubmetr olan “Xudafərin” və 56,75 milyon kubmetr su tutumuna malik “Qız Qalası” hidroqovşaqları, həmçinin hər bir tərəf üçün ümumi qoyuluş gücü 140 MVt olan “Xudafərin” və “Qız Qalası” su elektrik stansiyaları ölkələrimizin maraqlarına xidmət etməklə Azərbaycan-İran təcrübəsində transsərhəd sulardan istifadənin örnəkləri olacaqdır. Bu layihə təkcə Azərbaycana mövcud 252 min hektar torpaq sahəsi üzrə suvarmanın yaxşılaşdırılması və 12 min hektar yeni əkin sahələrinin suvarılması, illik 358 milyon kilovat-saat elektrik enerjisi istehsalı, 80 milyon kubmetr qaza qənaət imkanı yaradacaqdır  “Xudafərin” və “Qız Qalası” Şərqi Zəngəzurun “yaşıl enerji zonası” kimi inkişafının mühüm elementlərindən olmaqla bərabər, regional əməkdaşlıq əlaqələrinə də təkan verəcəkdir. Sevindirici haldır ki, müstəqil Azərbaycan artıq dünya birliyində öz layiqli yeri olan, sayılıb-seçilən, mövqeyini gündən-günə möhkəmləndirən ölkələr sırasındadır. Mədəni, mənəvi və humanitar cəhətdən ölkəmizə bəslənən rəğbət ilbəil artan və yüksələn iqtisadi qüdrət çərçivəsində Azərbaycana daha böyük nüfuz qazandırır. Bu faktlara söykənən elə bir reallıqdır ki, bunu bütün dünya qəbul edir.

İndi artıq qətiyyətlə deyə bilərik ki, Azərbaycan hər cəhətdən bölgənin lider dövlətidir. Dünyanın nüfuzlu dövlətlərinin yüksək rütbəli rəsmilərinin və beynəlxalq aləmdə tanınmış, məşhur şəxslərin dilindən dövlətimizin qüdrəti, onun bölgədəki rolu haqda səslənən fikirlər isə hər birimizdə fəxarət hissi yaradır. Bəli, bu reallıqdır və dünya Azərbaycan reallıqlarını qəbul edir. Burada ikitərəfli və çoxtərəfli münasibətlər ən vacib şərtlərdəndir. Azərbaycanın xarici siyasətində prioritet istiqamətlərini düzgün müəyyənləşdirməsi, dünyanın ayrı-ayrı dövlətləri ilə yaratdığı əlaqələrin, beynəlxalq təşkilatlarla, bu qurumlara üzv olan dövlətlərlə əməkdaşlığın uğurlu nəticələri ölkəmizi dünya birliyi müstəvisində söz və nüfuz sahibi edib. Daxili və xarici siyasətin bütün məqamlarının zərgər dəqiqliyi ilə həyata keçirilməsi dövlətçiliyimizin möhkəmlənməsinə, cəmiyyətin demokratik dəyərlərlə idarə olunmasına, xalqın sosial həyat səviyyəsinin yüksəlməsinə, bir sözlə, hüquqi, demokratik dövlət quruculuğuna xidmət edir.

Ayaz Cəbrayılov,

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri