21 may 2024 02:58
394

Ermənistan səhv addım atmaqdan çəkinməlidir

Rəsmi İrəvan yadda saxlamalıdır ki, regionun inkişafı bölgədə yaşayan xalqların iradəsi ilə təmin edilməli, bütün regional məsələlər yalnız bölgə ölkələrinin bilavasitə iştirakı və iradəsi ilə həll olunmalıdır

Danılmaz faktdır ki, Cənubi Qafqazda sabitlik Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması sayəsində əldə olunub. Sülh danışıqları Azərbaycan tərəfindən hazırlanmış sənəd əsasında aparılır. Hazırda sülh prosesində müsbət tendensiya müşahidə edilir, sərhədlərin delimitasiyası ilə yanaşı, həm də demarkasiyaya başlanılıb. Sərhədlərin delimitasiyası və demarkasiyası iki ölkə arasında əldə olunan razılaşmalar əsasında, vasitəçilərsiz həyata keçirilir.

Uzun fasilədən sonra Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalana bilər. Təbii ki, bu gün Azərbaycanla Ermənistan arasında etimad quruculuğu istiqamətində ciddi addımların atılmasının və sülhə doğru irəliləyişin təməlində ölkəmizin Vətən müharibəsindəki tarixi Qələbəsi, eləcə də 2023-cü ilin sentyabrında lokal antiterror tədbirlərinin həyata keçirilməsi nəticəsində separatizmə son qoyulması, respublikamızın suverenliyinin tamamilə bərpa olunması dayanır. Ən əsası odur ki, Azərbaycan bütün bu məsələləri beynəlxalq hüquq, eləcə də beynəlxalq humanitar hüquq çərçivəsində həll edib.

Bir məsələni xüsusilə vurğulamaq lazımdır ki, ölkəmizin əleyhinə mövqe sərgiləyən bəzi dairələr 2023-cü il sentyabrın 19-20-də lokal xarakterli antiterror tədbirlərinin ardınca ölkəmizin beynəlxalq qanunvericiliyə əsaslanan mövqeyindən, eləcə də hərbi-siyasi gücündən doğan reallıqları qəbul edərək geri addım atmağa məcbur oldular. İstər Ermənistan, istərsə də havadarları Azərbaycanın beynəlxalq hüququn aliliyinə əsaslanan iradəsi qarşısında rəsmi Bakıya qarşı məkrli və destruktiv siyasətlərindən əl çəkmək zorunda qaldılar.

Yuxarıda qeyd etdiyimiz kimi, hazırda Ermənistanla Azərbaycan arasında sərhədlərin müəyyən edilməsi prosesi gedir. Bu prosesin ilkin müsbət nəticələrini görürük və sərhədimizin şimal hissəsində artıq delimitasiya və demarkasiya işləri aparılır.  Artıq iki  ölkə arasında sülh müqaviləsinin bağlanması istiqamətində atılan addımlar öz bəhrəsini verməkdədir. Ermənistanla Azərbaycan arasında şərti sərhəddə sabitlik, rəsmi İrəvanın iki ölkə arasında sülhün əldə olunması üçün yaranmış tarixi fürsətdən bəhrələnərək ölkəmizlə münasibətləri normallaşdırmaq, suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət əsasında sülh sazişinə nail olmaq niyyətini təsdiq etməsi tərəflər arasında etimad mühitinin yarandığının təsdiqidir. Məsələ orasındadır ki, sülh danışıqlarının irəliləməsini istəməyən bəzi xarici  dairələr Cənubi  Qafqazda sabitliyin və əməkdaşlığın bərqərar olmasını əngəlləməyə çalışırlar.

İş orasındadır ki, bütün bunların fonunda Ermənistan uzun illər ərzində regionumuzdan çox uzaqda yerləşən ölkələrin himayəsinə, dəstəyinə bel bağlayıb. Ancaq rəsmi İrəvan nəzərə almalıdır ki, bölgəmizdə yerləşən güclü dövlətlər davamlı olaraq müstəqil siyasət aparıblar.  Heç bir kənar qüvvə bu günə qədər bu dövlətlərin iradəsinə təsir etməyib, etməyəcək də. Yersiz, lazımsız müdaxilə bu günə qədər heç bir səmərə verməyib, verməyəcək də. Əgər bölgəmizdən minlərlə kilometr uzaqlıqda yerləşən ölkələrin rəhbərləri bu bölgədə hər hansı bir nəticə əldə etmək istəyirlərsə, regionda yerləşən ölkələrin maraqlarını nəzərə almalıdırlar. Ona görə də Ermənistan səhv addım atmamalıdır. Rəsmi İrəvan, eləcə də ayrı-ayrı qüvvələr yaddan çıxarmamalıdırlar ki, regional məsələlər yalnız bölgə ölkələrinin bilavasitə iştirakı və iradəsi ilə həll olunmalıdır. Qeyri-regional ölkələrin bu məsələlərə müdaxiləsi qəbuledilməzdir. Hazırda region ölkələri, o cümlədən İran bölgədə sülhün, sabitliyin, təhlükəsizliyin təmin edilməsi istiqamətində çox önəmli və dəyərli səylər göstərir.

Milli maraqların təmin edilməsinə uyğun siyasət yürüdən, bütün ölkələrlə əlaqələri qarşılıqlı hörmət, bir-birinin işinə qarışmamaq, qarşılıqlı mənfəət əsasında quran ölkəmiz Azərbaycanla Ermənistan arasında sülhün əldə olunması, eləcə də Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin davamlı olması üçün mühüm addımlar atır. Ermənistan da bu istiqamətdə səylərini gücləndirməli, ölkəmizin başçısının bildirdiyi kimi, səhv addım atmamalıdır. Uzun illər bölgədən uzaqda yerləşən ölkələrin himayəsinə, dəstəyinə bel bağlayan Ermənistan üçün nəticənin o qədər də ürəkaçan olmadığını diqqətə çatdıran dövlətimizin başçısı bildirib: “Bölgə dövlətləri güclü dövlətlərdir, müstəqil siyasət aparan dövlətlərdir. Heç bir kənar qüvvə bu günə qədər bu dövlətlərin iradəsinə təsir etməyib və etməyəcək. Ümid edirəm ki, Ermənistan düzgün siyasət apararaq regional əməkdaşlığa ziyan yox, töhfə verəcək”.

Zahid Rza, “İki sahil”