20 may 2024 10:51
341

Azərbaycan- Belarus əlaqələri səmimi dostluğa və qarşılıqlı etimada əsaslanır

Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında dostluq və əməkdaşlıq davamlıdır və hər il daha da inkişaf edir. Xüsusilə Belarus Azərbaycana kənd təsərrüfatı məhsulları və texnikası ixrac edir və əvəzində ölkəmizdən qaz- neft və digər sənaye məhsulları idxal edir. Eyni zamanda hər iki ölkə  bir çox ortaq layihələrə də sahibdirlər.

2024-cü ilin mayın 16-da Prezident İlham Əliyevin ölkəmizə dövlət səfəri etmiş Belarus Respublikasının prezidenti Aleksandr Lukaşenkonu yüksək səviyyədə qəbul etməsi ölkəmizin mehriban dostlar olduğunun bir daha təsdiqidir. Bu səfər münasibətlərmizin inkişafını və gələcəkdə də fəaliyyətlərin davam etməsini göstərdi. Eyni zamanda,  yaxın vaxtlarda Minskdə keçiriləcək Hökümətlərarası Komissiyanın iclasına qədər qarşılıqlı iqtisadi ticari əməkdaşlığın planlaşdırılması inkişafın davamlı olacağını şərtləndirir. Səfər çərçivəsinddə danışıqların nəticəsi olaraq ikitərəfli sənədlər paketi imzalandı.

Prezident İlham Əliyev Belarus Prezidentini noyabrda Bakıda keçiriləcək iqlim sammitində iştirak etməyə şəxsən dəvət etdi. Bu onu göstərir ki, əlaqələr çox səmərəlidir.  Ölkəmizin başçısı bu barədə dedi ki, iki ölkə arasında aparılan danışıqlar – təkbətək və geniş tərkibdə görüşlər ölkəmizin mehriban dostlar olduğunu bir daha əyani şəkildə nümayiş etdirir.

Görüşdə Prezident İlham Əliyev  dünya və bölgə üçün önəmli mesajlar da verdi. Dedi ki, Azərbaycan hər zaman sülhün və əmin-əmanlığın tərəfdarıdır və bundan sonrakı fəaliyyətimizdə də bu prioritet olacaq.  Qeyd edək ki, səfər çərçivəsində hər iki ölkənin iqtisadiyyatını daha da inkişaf etdirmək üçün əhəmiyyətli məsələlər geniş şəkildə müzakirə olundu. Prezidentlərin ölkələr arasındakı münasibətlərin dinamik inkişafından məmnun qaldıqları danışıqlarda bir daha qeyd edildi.  Digər önəmli məsələ Bakı, Gəncə, Qəbələ şəhərləri ilə Belarusun Minsk, Qomel və Qrodno şəhərləri qardaşlaşmış şəhərlər olması ilə bağlı memorandumların imzalanması oldu.

Prezidentlərin Bakı görüşlərinin ən maraqlı məqamlarından biri də onların işğaldan azad olmuş torpaqlara birlikdə səfər etmələri və cənab İlham Əliyevin Belarus şirkətlərini Qarabağ və Şərqi Zəngəzur bölgələrinin bərpasında fəal iştirak etməyə dəvət etməsi oldu. 30 illik işğal zamanı erməni vandalları tərəfindən viran edilmiş, bu əraziləri sıfırdan bərpa etmək lazımdır. Belarusun çox yaxşı şəhərsalma təcrübəsi, müasir texnalogiyaları, aqroşəhərciklərin tikintisi təcrübəsindən yararlanaraq işğaldan azad olunmuş torpaqlarda müasir tələblərə uyğun ağıllı kəndlər və şəhərlərin tikinti prosesi daha da sürətlənəcək.

Prezidentlər həmçinin MDB məkanında təhlükəsizliklə bağlı məsələləri müzakirə ediblər. Ölkəmizin başçısı çıxışında Aleksandr Lukaşenko ilə son 20 ildə fəal işlədiklərinin və bu illər ərzində milli və mənəvi dəyərlərə, xeyirxahlığa, ləyaqətə, dürüstlüyə və nəticəyə hədəflənməyə sadiqliyi qoruyub saxladıqlarını vurğulayıb. Prezident İlham Əliyev çıxışında bir daha vurğuladı ki, Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun ölkəmizə səfəri dostluq və hörmət əlaməti kim qəbul edib. Cənab Lukaşenkonun isə ölkəmizi cənnət adlandırması onun səmimiyyətinin təzahürüdür

Ən maraqlı və təsiredici məqam Belarus Prezidentinin ölkəmiz, ölkə Prezidenti və Ulu Öndərimiz haqqında söylədikləri oldu. O, deyib ki, Azərbaycan 30 il bundan əvvəlki ölkə deyil. Bu gün Azərbaycan dünyada söz sahibi olan dövlətdir. Bu, diplomatiyada və dünya siyasət arenasında sözü eşidilən Prezident İlham Əliyevin müdrüklüyü, böyük zəka sahibi olması sayəsində mümkün olub. Həmçinin vurğulayıb ki, təkcə İlham Heydər oğlu ilə köhnə dostlar deyilik, bizim Heydər Əliyevlə də yaxşı münasibətimiz var idi.: « Uzun müddət olmasa da, onunla çox səmimi çalışırdıq. İlham Heydər oğluna deyirəm ki, təbiət nadir halda övlada atanın istedadını bəxş edir.»

İsmayıl İbrahimov,
YAP Hacıqabul rayon təşkilatının sədri