19 may 2024 19:10
351

Ulu Qarabağ torpağı, dirçəlişin mübarək!

Tarix boyu Azərbaycan xalqı həmişə təqiblərə , zalım düşmənlərin zorakılığına , amansız hücumlara məruz qalmışlar. Lakin yenilməz qüvvə ilə həmişə ayağa durmağı bacaran bu xalq amansız hücumlara sinə gərmiş , öz milli mənliyini qoruyub saxlamağı bacarmışdır. Lakin XX əsrin sonu Azərbaycn xalqı üçün faciəli anlar gətirdi. Məkrli düşmən od saçan silahlarla minillik arzusunu həyata keçirə bildi . Azərbaycanın başının tacı -gözəlliklər diyarı cənnət Qarabağı xaincəsinə zəbt edə bildi. Xalq arasında alınmaz, toxunulmaz , əlçatmaz bir qala hesab olunan , Şah Qacarın, Teymurləngin ala bilmədiyi dağ başında qürurla dayanan Şuşa qalası xəyanətin qurbanı oldu. Zorakılıq, təqib və təzyiqlərə məruz qalmış bir milyon soydaşımız doğma yurd- yuvasından ayrı düşdü. Öz vətənində didərginə çevrilən vətəndaşlarımız illərlə ağır mərhumiyyətlər içərisində yaşamağa məcbur olsa da, ümidini itirmirdi, dövlətimizin və ordumuzun gücünə inanırdı.

27 sentyabr 2020-ci ildə Azərbaycan tarixi torpaqlarını işğalçılardan azad etmək üçün haqq və ədalət savaşına qalxdı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan ordusu 44 gün ərzində mənfur düşməni torpaqlarımızdan qovaraq onu məğlubiyyət sənədinə - kapitulyasiya aktına qol çəlməyə məcbur etdi. Tarixi qələbədən dərhal sonra təməlini vaxtilə Ulu Öndərin qoyduğu Qarabağa qayıdış siyasətini onun layiqli davamçısı İlham Əliyev qətiyyətlə reallığa çevirməyə başladı.

İndi məcburi köçkünlərimiz öz yurd -yuvalarına ləyaqətli və təhlükəsiz qayıdır. İşğaldan azad olunan Qarabağ və Şərqi Zəngəzurda reallaşdırılan layihələr dünyanın hər yerində maraqla və heyrətlə qarşılanır, yenidən dirçəldilən kənd və şəhərlərimizə yola salınan köç karvanları Böyük Qayıdışımızın təntənəsidən xəbər verir. Qurub –yaratmaq , sülh , əmin -amanlıq tərəfdarı olmaq xalqımızın mental dəyərlərindəndir. Qarabağ və Zəngəzurda həyatın əvvəlki məcrasına qaytarılması bütün dünyanın diqqət mərkəzindədir. Hər bir xalqın öz qəlb, könül dünyası var . Bu könül dünyasının ağrı-acısı , həsrəti ,nisgili var. Və nəhayət ruhunu göylərə qaldıran könül musiqisi var. Azərbaycan xalqının da könül musiqisi Qarabağdır. Bu diyarın güllü -çiçəkli çəmənləri, diş göynədən buz bulaqları , başı qarlı zirvələri muğamda bəmdən köçən zilə bənzəyir.

Aranlı-dağlı, bir ucu Mil düzündə, bir ucu Kiçik Qafqazda, Laçın- Kəlbəcər dağlarında, Murov, Qafqaz və Dəlidağda zilə qalxan nəğməmiz bütün dünyaya “Biz qalibik” deyir. Koroğlunun, Qaçaq Nəbinin, Qaçaq Kərəmin qəhrəman sirdaşı, Qarabağ igidlərinə nəsil-nəsil şöhrət gətirən Qarabağ atları , əlvan iplərlə toxunmuş Qarabağ xalısı, Vaqifin qoşmaları, Natəvanın qəzəlləri, Ü.Hacıbəyovun “Koroğlusu”, Bülbülün, Xan Şuşinskinin əsrarəngiz səsi “Biz qayıtmışıq” deyir. Qorqud babam da ismarıc göndərib : “Qarı düşmən dost olmaz” Ulu Qarabağ torpağı, dirçəlişin mübarək!

K. Mahmudova,
YAP Xətai rayon təşkilatının üzvü