19 may 2024 18:34
393

Azərbaycan-Belarus münasibətlərində yeni inkişaf perspektivləri

Cənab Prezident İlham Əliyevin hakimiyyətə gəldiyi ilk illərdən Azərbaycanın beynəlxalq əlaqələrinin formalaşdırılmasında müəyyənləşdirdiyi diplomatiya strategiyası ölkəmizin digər dövlətlərlə formalaşdırdığı uğurlu dostluq və qarşılıqlı əməkdaşlıq münasibətlərinin bünövrəsini təşkil edir. Elə bu səbəbdəndir ki, Azərbaycanın istər regional, istərsə də beynəlxalq səviyyədə digər dövlətlərlə qurduğu qarşılıqlı və çoxtərəfli əməkdaşlığa əsaslanan əlaqələrinin dairəsi günü-gündən genişlənir.

Azərbaycanın müstəqillik əldə etdikdən sonra yaxın əlaqələr qurduğu dövlətlərdən biri də Belarus Respublikasıdır. Şərqi Avropada yerləşən Belarus Respublikası Sovet İttifaqının dağılması prosesi ərzində 25 avqust 1991-ci il tarixində öz müstəqilliyini elan edib. BMT-nin qurucu üzvlərindən biri olan Belarus, həmçinin Müstəqil Dövlətlər Birliyi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, Avrasiya İqtisadi Birliyi və Qoşulmama Hərəkatının üzvüdür.
Azərbaycan Respublikası ilə Belarus Respublikası arasındakı münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır. Bu münasibətlərin formalaşmasında və inkişafında dövlətlərimizin başçıları arasında səmimi dostluq münasibətləri, yüksək səviyyəli dialoq və qarşılıqlı anlaşma mühüm rol oynayır. Belə ki, son illərdə ölkə prezidentlərinin həyata keçirdikləri qarşılıqlı səfərlər həm ölkələrimiz, həm də dövlət başçıları arasında güclü dostluq əlaqələrinin olmasının bir göstəricisidir. 18-19 noyabr 2018-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Belarusa, 28-29 noyabr 2016-cı il tarixində Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana rəsmi səfərləri baş tutmuşdur. Həmçinin 13-14 aprel 2021-ci il tarixində Belarus Respublikası Prezidentinin Azərbaycana işgüzar səfəri baş tutmuşdur.
Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında diplomatik münasibətlər 11 iyun 1993-cü ildə qurulmuşdur. 2006-cı ilin fevral ayında Belarusun Azərbaycanda, həmin ilin avqust ayında isə Azərbaycanın Belarusda səfirlikləri açılmışdır.
Cari ilin 16 may tarixində Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana rəsmi səfəri və Cənab Prezident İlham Əliyevlə görüşü çərçivəsində Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında imzalanan sənədlər heç şübhəsiz ki, ölkələrimiz arasında qurulmuş olan çoxşaxəli tərəfdaşlığın dairəsinin daha da genişlənməsinə xidmət edəcəkdir:
“Azərbaycan Respublikası Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında malların mənşəyinin sertifikatlaşdırılmasının elektron sisteminin qarşılıqlı tətbiqi haqqında Protokol”;
“Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında 2007-ci il 2 may tarixli Sazişə əlavə və dəyişikliklər edilməsinə dair Protokol”;
“Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında 2007-ci il 2 may tarixli Sazişə əlavə və dəyişikliklər edilməsinə dair Protokol”;
“Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə Belarus Respublikasının İdman və Turizm Nazirliyi arasında turizm sahəsində əməkdaşlığın inkişafına dair 2024-2025-ci illər üzrə Tədbirlər Planı”;
“Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Belarus Respublikasının Antiinhisar Tənzimləmə və Ticarət Nazirliyi arasında rəqabət siyasəti, dövlət satınalmaları, istehlakçı hüquqlarının müdafiəsi və reklam fəaliyyəti sahələrində qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında Memorandum”;
“Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Belarus Respublikasının İqtisadiyyat Nazirliyinin “İnvestisiya və Özəlləşdirmə Milli Agentliyi” Dövlət Müəssisəsi arasında Anlaşma Memorandumu”;
“Bakı şəhəri (Azərbaycan Respublikası) ilə Minsk şəhəri (Belarus Respublikası) arasında qardaşlaşma əlaqələrinin qurulmasına dair Memorandum”;
“Gəncə şəhəri (Azərbaycan Respublikası) ilə Qomel şəhəri (Belarus Respublikası) arasında qardaşlaşma əlaqələrinin qurulmasına dair Anlaşma Memorandumu”;
“Qəbələ şəhəri (Azərbaycan Respublikası) ilə Qrodno şəhəri (Belarus Respublikası) arasında qardaşlaşma əlaqələrinin qurulmasına dair Anlaşma Memorandumu”.
İmzalanan sənədlərin məzmununa nəzər yetirdikdə görürük ki, məqsəd xarici təcrübənin öyrənilərək ölkə iqtisadiyyatının müxtəlif sahələrinin inkişaf etdirilməsi, müvafiq sahələr üzrə ölkəmizdə mövcud olan mütərəqqi təcrübənin paylaşılması və eyni zamanda müvafiq sahələr üzrə fəaliyyətin birgə təşkilidir.
Ölkə prezidentlərinin görüşü zamanı öz çıxışında Azərbaycan və Belarus arasında maşınqayırma, hərbi sənaye, kənd təsərrüfatı, nəqliyyat sahələrində çox yaxşı birgə fəaliyyət potensialının olduğunu və bu istiqamətdə əlaqələrin inkişaf etdirilməsinin zəruriliyini vurğulayan Cənab Prezident İlham Əliyev Hökumətlərarası Komissiyanın bu yöndə iş apardığını da bildirdi.
Dövlətlər arasındakı hazırki iqtisadi göstəricilər onu deməyə əsas verir ki, Azərbaycanla Belarus arasında uğurlu iqtisadi əməkdaşlıq mövcuddur. Belə ki, hazırda Azərbaycan ilə Belarus arasında qarşılıqlı ticarət fəaliyyətində 270-dən çox müəssisənin iştirakı ilə 300 çeşiddən artıq malın iki ölkə ərazisində qarşılıqlı mübadiləsi həyata keçirilir. 58 Azərbaycan şirkəti Belarus müəssisələrinin respublikamızda qanuni nümayəndəsi və ya təmsilçisi kimi fəaliyyət göstərirlər.

Azərbaycandan Belarusa neft məhsulları, tütün, alüminium materialları, polietilen və digər kimya məhsulları, şokolad və şokolad məmulatları, meyvə şirələri, bentonit gili, pambıq iplik və s. ixrac olunur. Belarusdan Azərbaycana isə traktorlar, taxta və ağac materialları, qazma maşınlarının ehtiyat hissələri, dərman vasitələri, tibb avadanlığı, plastik məmulatlar, soyuducular, elektrik naqillər, qida və kənd təsərrüfatı məhsulları və s. idxal olunur. İki ölkə arasındakı ticarət dövriyyəsinin həcmi 4 yüz milyon dollardan artıqdır və görüş çərçivəsində hər iki ölkə arasında əldə olunan razılığa əsasən bu rəqəmin çox yaxın zamanda 1 milyard dollara çatdırılması hədəfi qarşıya qoyulmuşdur.

Bu bir reallıqdır ki, Azərbaycanın beynəlxalq münasibətlər sahəsində əldə etdiyi uğurlar və onun bariz nümunəsi kimi digər dövlətlərlə formalaşdırılan və qarşılıqlı əməkdaşlığa və dostluğa söykənən, həm  Azərbaycanın, həm də onun tərəfdaşlarının siyasi və iqtisadi cəhətdən güclənməsinə hesablanmış İlham Əliyev diplomatiyası dövlətimiz üçün mayak rolunu oynamağa davam edir.

Ziyafət Əsgərov,
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri