20 may 2024 02:41
323

Azərbaycan ilə Belarus arasında sıx əməkdaşlıq əlaqələri mövcuddur

Azərbaycan ilə Belarus arasında münasibətlər dərin tarixi köklərə malikdir və hər iki ölkə müstəqilliyi əldə etməsi ilə yeni inkişaf mərhələsinə qədəm qoydu. Ümummilli Lider Heydər Əliyev beynəlxalq münasibətlərin, o cümlədən Belarusla strateji tərəfdaşlığın inkişafına böyük diqqətlə yanaşırdı. Ulu Öndər Heydər Əliyevin siyasi müdrikliyi və uzaqgörənliyi sayəsində möhkəm ikitərəfli münasibətlər qurulmuşdur.

Bu gün ölkə prezidentləri cənab İlham Əliyev və Aleksandr Lukaşenkonun səyləri nəticəsində Azərbaycan ilə Belarus arasında münasibətlər keyfiyyətcə yeni səviyyəyə yüksəlib və qarşılıqlı fəaliyyətin geniş spektrini əhatə edir. Qarşılıqlı hörmət və anlaşma prinsipləri əsasında qurulan əlaqələr həm ikitərəfli, həm də daha geniş regional və beynəlxalq gündəlik kontekstində öz bəhrəsini verməkdədir.
Azərbaycan ilə Belarus BMT, MDB kimi beynəlxalq və regional təşkilatlar çərçivəsində də əməkdaşlıq edir, ənənəvi olaraq bir-birinə qarşılıqlı dəstək verirlər. Belarus həmişə Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, Ermənistanı isə ərazi iddialarından əl çəkməyə çağırıb. Belarus ən çətin anlarda ölkəmizin yanında olduğunu nümayiş etirərək Azərbaycanın haqq-ədalət mübarizəsinə dəstək verib.
Mayın 16-da Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana rəsmi səfəri zamanı aparılan müzakirələrin gedişində bir sıra vacib məqamlar bir daha öz təsdiqini tapdı. Həmin gün keçirilən Azərbaycan və Belarus prezidentlərinin təkbətək və geniş tərkibdə keçirilən görüşlərində iki ölkə arasında münasibətlərin genişləndirilməsi və digər məsələlər müzakirə edildi. Belarus dövlət başçısının Azərbaycana səfəri bütün sahələr üzrə əməkdaşlığı yenidən nəzərdən keçirməyə, əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirməyə, birgə iqtisadi layihələr həyata keçirməyə imkan verəcək.

Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko mətbuata bəyanatlarla çıxış ediblər.  Azərbaycan dövlət başçısı çıxışı zamanı bildirib ki, işğaldan azad olunmuş bütün ərazilər bərpa olunacaq: “İşğal illərində hər şey dağıdılıb. İnfrastrukturu, yaşayış sahələrini, ictimai binaları, tarixi abidələri və digərlərini sıfırdan bərpa etmək lazım gəlir. Ona görə də Belarus şirkətlərini bu prosesə fəal qoşulmağa dəvət edirik”.

Cənab Prezident İlham Əliyev mətbuata bəyanatında bildirib ki, aparılan danışıqlar, təkbətək və geniş tərkibdə görüşlər ölkəmizin mehriban dost olduğunu bir daha əyani şəkildə nümayiş etdirir: “Bu gün münasibətlərimizin son illərdə inkişafını müfəssəl şəkildə təhlil etdik və bu münasibətlərin dinamik inkişafını məmnuniyyətlə qeyd etdik, həmçinin daha da mühüm olanı - gələcəkdə qarşılıqlı fəaliyyət yollarını müəyyənləşdirdik”.
Səfər zamanı iki ölkə arasında malların mənşəyinin sertifikatlaşdırılmasının elektron sisteminin tətbiqi, maşınqayırma, kənd təsərrüfatı, hərbi sənaye, turizm, iqtisadiyyat sahəsi ilə əlaqədar mühüm sənədlərin imzalanması gələcək inkişaf üçün yeni yollar açır və perspektivlər vəd edir. Mətbuata verilən bəyanatda dövlət başçısı cənab Prezident İlham Əliyev Azərbaycanın son illər əldə etdiyi nailiyyətlər, xüsusilə də erməni faşizmi üzərində qazanılan qələbəyə diqqəti cəlb etdi və bildirdi ki, Cənubi Qafqazda Azərbaycan beynəlxalq hüququ normaları tətbiq etmək və burada sülhü, əmin-amanlığı yaratmaq əzmindədir.
Səfərin ümumi təhlili bir daha bu reallığı təsdiqləyir ki,  Azərbaycan və Belarus etibarlı və strateji  tərəfdaşdırlar. Azərbaycan və Belarus arasında münasibətlər konkret nəticələrə hədəflənib və iki dost ölkənin xalqlarının maraqlarına tam uyğun şəkildə inkişaf etdirilir.

Cavid Mehdizadə
YAP Xətai rayon təşkilatının fəalı