18 may 2024 10:17
390

Azərbaycanın beynəlxalq siyasətdə mövqeyi yüksəkdir

Azərbaycanla Belarus arasında qarşılıqlı əlaqələr dostluq münasibətləri əsasında qurulub. Bu, siyasi əlaqələrin iqtisadi əlaqələrlə, mədəni əlaqələrlə davam etdiriliməsi deməkdir.

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun mayın 16-da Azərbaycana dövlət səfəri də bu baxımdan dünyanın diqqət mərkəzində oldu. Dövlət səfəri iki dövlət arasında möv­cud münasibətlərin daha da genişlənməsi istiqamətində tarixi səfər oldu. Səfər çərçivəsində Azərbay­can Respublikasının Prezidenti cənab İlham Əliyev mətbuata verdiyi bəyanatda dövlət­lə­ra­rası mü­na­sibətlərin qarşılıqlı inama, etibara əsaslandığını xatırladaraq bu səfərin Azər­bay­can – Bela­rus mü­nasibətlərində daha geniş sahələri əhatə edəcəyini də, əlaqələrin şəbəkəsinin genişlənə­cəyini də bildirərək dedi: “Gündəlikdə olan məsələlər kifayət qədər konkret xarakter daşıyır. İlk növbədə, söhbət sənaye kooperasiyasından, Belarusda, Azərbaycanda birgə istehsalın təşkili və artıq bir çox illər öncə yaradılmış birgə istehsal potensialının artırılma­sın­dan gedir. Bu, ilk növbədə, maşınqayırmadır. Həmçinin hərbi-sənaye kompleksində, kənd təsərrüfatında, nəqliy­yatda əlaqələrin inkişafı məsələləri. Əməkdaşlıq əlaqələri ölkələrimizin iqtisadiyyatının inkişafı üçün praktiki əhəmiyyət daşıyacaq bütün məsələləri əhatə edir”.

İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərdə böyük quruculuq iş­lə­ri başladı. Azərbaycan Respublikasının Prezidenti mətbuata verdiyi bəyanatda quruculuq işlə­ri­nin dinamikasının yüksəldiləcəyini də bildirdi, tikintinin sürətinin artırılacağını da. Onu da qeyd etdi ki, quruculuq işlərində dünya təcrübəsindən də bəhrələniləcəkdir: “Belarusun çox yaxşı şəhər­salma təcrübəsi, müasir texnologiyaları və  aqroşəhərciklərin tikintisi təcrübəsi var. Birinci dərə­cə­li vəzifəmiz keçmiş məcburi köçkünləri tikiləcək doğma evlərinə mümkün qədər tez qaytar­maqdır. Həmçinin onları müvafiq işlə təmin etmək lazımdır ki, azad olunmuş ərazilərə qayıdanlar da yüksək əməkhaqqı olan işlərdə çalışsınlar”.

Dövlətlərarası münasibətlərin başlıca təyinedicisi doctluqdur. Azərbaycanla Belarus arasın­da belə münasibətlər daha da səmimiləşir. 16 may görüşündə mətbuata bəyanatında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dedi: “Ölkələrimizin rəhbərləri arasın­da etimada əsaslanan münasibətlər bütün digər dövlət qulluqçularına impuls verir ki, onlar, həmçinin öz aralarında ünsiyyət saxlasınlar, çalışsınlar, dostluq etsinlər, öz ölkələrinin rifahı və ölkələrimiz arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi naminə fəaliyyət göstərsinlər”.

Dövlət səfərində Azərbaycan Respublikası Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında malların mənşəyinin sertifikatlaşdırılmasının elektron sisteminin qarşılıqlı tətbiqi haq­qında Protokol”, “Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında 2007-ci il 2 may tarixli Sazişə əlavə və dəyişikliklər edilməsinə dair Protokol”, “Bakı şəhəri (Azərbaycan Respublikası) ilə Minsk şəhəri (Belarus Respublikası) arasında qardaşlaşma əlaqələrinin qurulmasına dair Memorandum” və s. kimi sənədlər imzalandı.

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko mətbuata bəyanatında səmimi­lik­lə dedi ki, “Tanrıya şükür olsun ki, burada Azərbaycanın timsalında olduqca güclü, normal lider ölkə mövcuddur. Siz Qafqaz regionunu nəzarətdə saxlamağa qadirsiniz. Bu, artıq təkcə Azərbaycana görə məsuliyyət daşımaq demək deyil, Siz artıq bütün Qafqazdakı vəziyyətə cavabdehsiniz, biz - Qafqazda yaşamayan xalqlar buna çox böyük ümid bəsləyirik.”. Bu fikirlər Azərbaycanın dünyəvi siyasətdə mövqeyinin göstəriicisi kimi tarixləşdi...

Səbinə Xasayeva,

Milli Məclisin deputatı