18 may 2024 00:36
442

Şər yuvasında cövlan edən şeytanlar

İranın molla rejimi Azərbaycana qarşı böhtan və təhqirlərindən əl çəkmir

Bu ölkənin dostu niyə yoxdur? Ona görə ki, dörd bir yanına, sərhədlərindən uzaqdakılara belə nifrin yağdırır, ərazilərini zəbt etməyə çalışır. Bu mənada Azərbaycan cəmiyyətinə nifaq toxumu səpmək üçün cilddən-cildə girir, niyyəti alınmayanda isə əsəbiləşir, daha sərt əməllərə qurşanır.  Bu rejimin ölkəmizə qarşı böhtan və təhdidlərinin sayı hesaba gəlməz. 

Bir neçə gün əvvəl İran İslam Respublikasının ali dini rəhbəri Seyid Əli Xameneinin nəzarətində olan “Keyhan” qəzeti Qəzza məsələsi ilə bağlı dərc etdiyi məqalədə Azərbaycan Respublikasına qarşı bir sıra ittihamlar irəli sürüb. Azərbaycanı təhdid məqalənin  “Əgər etinasızlıq etsəniz, İsraildən sonra növbə sizdədir!" sərlövhəsi ilə başlayıb.

Müəllif Məsud Əkbəri məqalənin bir neçə yerində İsrail-Azərbaycan münasibətlərinə toxunub. O, İsrailin enerji ehtiyacının yarıdan çoxunun Azərbaycan nefti hesabına təmin olunduğunu iddia edib. Müəllif bildirib ki,  Asiyadan Hind okeanı-Ədən körfəzi-Bab əl-Məndəb boğazı və Qırmızı dəniz marşrutu vasitəsilə İsrailin Eylat limanına mal daşınmalarının qarşısı husilər tərəfindən alınır: “Qeyd etdiyimiz başqa bir strateji marşrut var, o isə Bakı-Tbilisi-Ceyhan kəməridir. Bu dəhlizin pozulması sionist rejimin bütün iqtisadiyyatında böhrana səbəb ola bilər.”

Molla rejiminin məqsədi budur ki, Azərbaycan Respublikası onların dostu ilə dost, düşməni ilə düşmən olmalıdır. Ancaq bu, baş tutan sövdə deyil. Onun dostu torpaqlarımızı işğal altında saxlayan Ermənistandır. Onu da yaddan çıxarmasın ki, İkinci Qarabağ müharibəsində İsrail bizə dəstəyini ifadə edirdisə, İran Ermənistanın yanında idi. Biz indi onunla necə dost ola bilərik? Birinci Qarabağ savaşından otuz iki il keçsə də yaralarımız hələ də qaysaq tutmur. İran özü bizə nə qədər yaralar vurub. Bunu da unutmamalıdır. Nə isə...Mövzudan uzaqlaşmayaq.

Mühacirətdə yaşayıb İran hökumətinə qarşı fəaliyyət göstərən müxalif ekspertlər “Keyhan” qəzetinin bu ifadəsini kəmərə qarşı təxribat çağırışı kimi dəyərləndiriblər. Yəni, İran Azərbaycan Respublikasının daxili işlərinə qarışmaqdan əl çəkmir və bunu açıq nümayiş etdirir. Bu nədir ki? Biz yüz illərdir İranın molla rejiminin bundan da çirkin hərəkətlərinə vərdiş etmişik. Rejimin başında duranlar Azərbaycana bundan min dəfə betər zərbələr vurublar. Heç nəyi unutmuruq. Onlara bədəl ödətməmizin vaxtı gələcək.

Qeyd edək ki, “Keyhan”ın baş redaktoru, ölkəmizə qarşı radikal mövqeyi ilə tanınan Hüseyn Şəriətmədari Seyid Əli Xameneinin göstərişi ilə bu vəzifəyə təyin olunub. Bu qəzetdə dərc olunan bütün yazılar İranın ali dini rəhbəri Əli Xameneinin başçılıq etdiyi mühafizəkar qanadın - SEPAH və ETTELAAT-ın mövqeyini əks etdirir. "Keyhan" cəlladın ruporuna çevrilib. Bu iki şeytan  yuvasının adını çəkməklə onların arxasında kimlərin durduğu aşkar olur. Avantürist və başından böyük danışan Şəriətmədari də onlardan biridir. Adları çəkilən hərbi qurumlarda xidmət edən generalların və polkovniklərin azğın hərəkətləri, hətta ölkənin rəhbərinin yerinə danışmaları, təşəxxüs göstərmələri, azərbaycanlıları müharibə ilə hədələmələri yaxın keçmişdə az qala gündəlik hal almışdı. Belə əhval-ruhiyyənin təsiridir ki, hər hansı bir qəzetin yazarı da bizi müharibə ilə hədələməyə cürət edir,“qırmızı cizgi”dən dəm vurur. Həmin təşkilatların üzvləri pis yuxu görəndə də bunun səbəbkarının Azərbaycan olduğunu iddia edirlər. Nə qədər ki, bir xalqı ikiyə bölünmüş halda saxlayacaqlarsa pis yuxuların da sayı-hesabı olmayacaq.

Vəli İlyasov, "İki sahil"