18 may 2024 02:17
420

Rəsmi Paris Azərbaycanı ittiham etməkdənsə…

E.Makron iqtidarının təmsilçiləri Yeni Kaledoniyada baş verənlərlə bağlı artan beynəlxalq qınaqdan yayınmaqdan ötrü əsassız iddialar səsləndirirlər

Rəsmi Paris Azərbaycan-Fransa münasibətlərində daha mənfi təsirlərə gətirib çıxaracaq növbəti addım atıb. Daxili işlər naziri Jerar Darmanin “France- 2” telekanalına müsahibəsində Azərbaycanı Yeni Kaledoniyada iğtişaşlara müdaxilə etməkdə və ölkəsinin daxili işlərinə qarışmaqda ittiham edib. Bu absurd iddia bir daha sübut edir ki, aqressiyadan, nifrətdən, ədalətsizlikdən qidalanan Fransa  yalnış siyasət yürütdüyünü etiraf etmək əvəzinə rəsmi Paris Bakıya qarşı əsassız ittihamlar irəli sürməklə məsuliyyətdən yaxa qurtarmağa çalışır.

Son günlər Fransanın işğalı altında olan Yeni Kaledoniyada ciddi etiraz aksiyaları keçirilir. Yerli sakinlərin narazılığını yatırmaq üçün Paris adaya qoşun yeridib. Belə görünür ki, rəsmi Paris Əlcəzairdə, Ruandada və digər müstəmləkələrində törətdiyi cinayətləri Yeni Kaledoniyada da təkrarlamaq istəyir. Təkcə son hadisələr zamanı 54 mühafizəçi yaralanıb, 82 nümayişçi saxlanılıb. 200 maşın və 50-dən çox iş yeri yandırılıb. Fransa hökuməti etirazları yatırmaq üçün Yeni Kaledoniyada fövqəladə vəziyyət elan edib.  Kanak xalqının bu dəfəki etirazlarına səbəb isə Emmanuel Makron hakimiyyətinin Yeni Kaledoniya ilə bağlı mürtəce planı həyata keçirməyə başlamasıdır. Artıq siyasi sifariş əsasında Fransa parlamenti Yeni Kaledoniyada konstitusiya “islahatları” ilə bağlı müzakirələrə start verib. Əslində, “islahatlar” Fransanın xəbis niyyətlərindən xəbər verir. Bu dəyişikliklərin yeganə məqsədi Yeni Kaledoniyada aborogen xalqın hüquqlarını məhdudlaşdırmaq, bunun əksinə olaraq gəlmə fransızların hüquqlarını genişləndirməkdir.  Bu isə yerli kanak xalqının mənafeyinə ziddir. Buna görə də kanaklar müvafiq qanunun qəbul ediləcəyi təqdirdə öz tarixi vətənlərində ikinci dərəcəli etnik qrupa çevriləcəklərini düşünürlər və bunun qarşısını almaq üçün ayağa qalxıblar.

İndi Fransa ordusunun Yeni Kaledoniyada törətdiyi vəhşilikləri dünya ictimaiyyətindən gizlətməyə çalışır. Bunun üçün TikTok sosial şəbəkəsinə çıxışı bloklayıb. “Azad fransız mediası” küçədə güllənənən kanakları göstərməkdən, yerli əhaliyə qarşı törədilən vəhşilikləri işıqlandırmaqdan imtina edir. Yeni Kaledoniya xalqı  informasiya blokadası tətbiq etmək üçün internetin tamamilə kəsilə biləcəyindən, ordunun həmin an adada törədə biləcəyi vəhşiliklərdən narahatdır. Ancaq Fransa öz əməllərini gizlədə bilməyib. Belə ki, BMT-nin Dekolonizasiya üzrə Xüsusi Komitəsinin ildə regional tədbirində iştirak edən Yeni Kaledoniyanın BMT-dəki nümayəndəsi Paris tərəfindən ölkəsində törədilən qırğınlar barədə qurumun üzv ölkələrini məlumatlandırıb. Qətlə yetirilənlər arasında gənclərin olduğunu qeyd edib. 

Əlbəttə bütün bu destruktiv siyasət beynəlxalq ictimaiyyəti də narahat etməlidir. Artıq Bakı Təşəbbüs Qrupu və Fransanın son koloniyaları olan Kanaki (Yeni Kaledoniya), Maohi Nui (Fransız Polineziyası), Fransız Qvianası, Martinik, Qvadelupa və Korsikadakı müstəqillik uğrunda mübarizə aparan 14 siyasi hərəkat birgə Bəyanat yayıb. Bəyanatda Fransa hökumətinin Kanaki-Yeni Kaledoniyada seçki kütləsinin genişləndirilməsi lehinə qanunsuz dəyişikliyi zorla tətbiq etməsi pislənilir, müstəqillik uğrunda ədalətli mübarizəsində kanak xalqına tam dəstək ifadə olunur. Sənəddə Kanakinin bu gün alov içində olması, o cümlədən son günlər ərzində 150-yə yaxın insanın həbs edilməsi və 3 nəfərin qətlə yetirilməsinin məsuliyyətinin Fransa hökumətində olduğu qeyd olunur: “Kanak xalqının öz müqəddəratını təyinetmə hüququnu tapdalayan “insan hüquqları ölkəsi” adlanan Fransa dövlətinin kanak xalqını öz torpağında azlıqda qoymaq üçün seçki elektoratını genişləndirmək məsələsindəki məqsədli istəyi mövcud vəziyyətin pisləşməsinə səbəb olur”.

Bütün bunların fonunda E.Makron iqtidarının təmsilçiləri Yeni Kaledoniyada baş verənlərlə bağlı artan beynəlxalq qınaqdan yayınmaqdan ötrü əsassız iddialar səsləndirirlər. Fransa hakimiyyətinin bu qəbildən olan ittihamlarının ünvanlandığı ölkələrdən biri də Azərbaycandır. Ölkəmiz beynəlxalq səviyyədə Fransanın qatı müstəmləkəçilik siyasətini ardıcıl şəkildə ifşa edir. Bu isə E. Makron iqtidarının xoşuna gəlmir. Öz qəbahətlərini, o cümlədən də Afrikada, dənizaşırı ərazilərdə qanlı müstəmləkəçilik siyasəti apardığını, insanlıq əleyhinə cinayətlər törətdiyini  etiraf etməyə və üzr istəməyə cəsarəti çatmayan Yelisey Sarayının Bakını nədəsə günahlandırmağa çalışması  Fransanın daxili işlər naziri Jerar Darmaninin mayın 16-da “France-2” telekanalına müsahibəsində Azərbaycana qarşı növbəti dəfə sərsəm iddialar irəli sürməsi bir növ həyasızlıq və çarəsizlik anlamında qəbul olunur.  Təbii olaraq  Azərbaycanın cavabı özünü gecikdirmədi. Xarici İşlər Nazirliyi Fransanın bütün bu ittihamlarını qətiyyətlə pisləyərək, Parisin ölkəmizə qarşı apardığı qarayaxma kampaniyasını dayandırmağı tələb etdi.

Fransanın daxili işlər naziri Azərbaycanı Yeni Kaledoniyada müstəqillik tərəfdarı etirazları dəstəkləməkdə ittiham etmək əvəzinə, ölkəsinin bu cür etirazlara səbəb olan dənizaşırı bölgələri ilə bağlı uğursuz siyasətinə diqqət yönəltməlidir. Fransa daxili işlər nazirinin öz ölkəsinin uzun illər həyata keçirdiyi müstəmləkəçilik siyasətinin tərkib hissəsi kimi yerli xalqlara qarşı insanlıq əleyhinə cinayətlər törətməsini, milyonlarla günahsız insanın vəhşicəsinə qətlə yetirilməsi tarixini xatırlaması daha məqsədəuyğundur.

Bu ölkənin nazirinə, onun kimi “düşünən”lərə xatırlatmaq istərdik ki, Fransadan fərqli olaraq Azərbaycanda fundamental hüquq və azadlıqlar tam olaraq təmin edilir. Müstəqilliyini bərpa etməsindən indiyədək Azərbaycanda demokratik dəyərlərə sadiq cəmiyyət formalaşıb və inkişaf edib. Azərbaycan müxtəlif etnik və dini mənsubiyyətlərə mənsub insanların mehriban və təhlükəsiz şəraitdə yaşadığı ölkədir. Özünün mövqeyini əsas götürən Azərbaycan dövləti üçün ən mühüm prioritet suveren hədəfləridir. Bu hədəflərə çatmaq üçün isə real, açıq, çoxvektorlu xarici siyasət kursu yürüdülür. 

Yaqut Ağaşahqızı, “İki sahil”