16 may 2024 23:04
397

Əməkdaşlığımız yetərincə çoxplanlıdır, yaxşı keçmişə və yaxşı gələcəyə malikdir

Dövlət başçısı İlham Əliyev Belarus Prezidenti Aleksandr Lukaşenko ilə mətbuata bəyanatında bildirdi ki, çox uzaq olmayan gələcəkdə əməkdaşlığın yeni istiqamətlərini görəcəyik

Daim vurğulandığı kimi, qarşılıqlı səfərlər, bu səfərlər çərçivəsində imzalanan sənədlər, müzakirə olunan məsələlər, eyni zamanda, tərəflərin ortaya qoyduqları mövqe, səsləndirdikləri bəyanatlar   ölkələr arasında ikitərəfli əlaqələrin inkişafına müsbət təsir göstərməklə yanaşı,  münasibətlərin hansı səviyyədə olduğuna, mövcud potensial imkanlara da aydınlıq gətirir. Xarici siyasətimizin prioritet istiqamətlərindən biri kimi ikitərəfli əməkdaşlıq əlaqələrinin inkişafı yönündə atılan addımlar, həmçinin bu addımların beynəlxalq təşkilatlar çərçivəsində daha da genişləndirilməsi bugünümüzün reallıqları sırasındandır. Mayın 16-da Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun ölkəmizə səfəri də bu silsilədəndir.

Qeyd edək ki, hər iki ölkə bir vaxtlar keçmiş İttifaqın tərkibində müttəfiq respublika statusunda olmuşdular. Elə həmin dövrdə də respublikalarımız arasında iqtisadi və mədəni əlaqələr formalaşmışdır.  Sovetlər Birliyi dağıldıqdan, postsovet məkanında müstəqil dövlətlər yarandıqdan sonra bu münasibətlər daha da inkişaf etməyə başlamışdır. Azərbaycan ilə Belarus arasında diplomatik münasibətlər 1993-cü ildə qurulub.  2006-cı ildə qarşılıqlı olaraq Bakıda və Minskdə səfirliklər açılıb. 

Azərbaycan ilə Belarus arasında yüksək səviyyəli dialoq və əməkdaşlıq əlaqələri mövcuddur. Son illərdə iki ölkə arasında siyasi, iqtisadi, elmi, təhsil, mədəni və digər sahələrdə əlaqələr yüksələn xətlə inkişaf edir və nəzərəçarpacaq dərəcədə fəallaşır. Ötən dövrün ən mühüm nailiyyətlərindən biri ikitərəfli münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə çıxarılması olmuşdur. Bu münasibətlərin formalaşmasında və inkişafında dövlətlərimizin başçıları arasında səmimi dostluq münasibətləri, yüksək səviyyəli dialoq və qarşılıqlı anlaşma mühüm rol oynayır.

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun  2007-ci ildə Azərbaycana rəsmi səfəri zamanı imzalanmış Azərbaycan Respublikası və Belarus Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Müqavilə, o cümlədən  Azərbaycan və Belarus prezidentləri tərəfindən  2016-cı ildə Bakıda qəbul olunmuş Birgə Bəyanat ikitərəfli münasibətlərin inkişafına əsaslı zəmin yaradan və əlaqələrimizi tənzimləyən əsas siyasi sənədlərdir.

Azərbaycan ilə Belarus BMT, ATƏT, MDB kimi beynəlxalq və regional təşkilatlar çərçivəsində də əməkdaşlıq edir, ənənəvi olaraq bir-birinə qarşılıqlı dəstək verirlər.

İki ölkə arasında  iqtisadi əlaqələrə gəldikdə  bu sahədə də davamlı inkişaf meyilləri müşahidə olunur. İkitərəfli münasibətlərin iqtisadi və humanitar sahələrinin perspektivlərini əhatə edən sənədlər  “Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında 2025-ci ilədək sosial-iqtisadi əməkdaşlıq haqqında Müqavilə” və onun tərkib hissəsi olan, iki ölkə arasında  bu sahədə əməkdaşlığın istiqamətlərini müəyyən edən “Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında 2025-ci ilədək sosial-iqtisadi əməkdaşlıq Proqramının icrası üzrə Tədbirlər Planı”dır. Bu Proqramda nəzərdə tutulmuş tədbirlərin ardıcıllıqla həyata keçirilməsi iki ölkə arasında ticarət-iqtisadi və humanitar əməkdaşlığın müvəffəqiyyətlə inkişaf etməsinə imkan yaradır. Ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi məqsədi ilə Minsk şəhərində “Azərbaycan Ticarət Evi”, Azərbaycanda isə Belarus mağazalarının şəbəkəsi fəaliyyət göstərir.

İkitərəfli iqtisadi əməkdaşlığın daha da genişlənməsində Hökumətlərarası Komissiya əhəmiyyətli rol oynamaqdadır. 2004-cü ildə  Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiya fəaliyyət göstərir.  İndiyədək Komissiyanın 13 iclası keçirilib. Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın sonuncu, 13-cü  iclası ötən ilin mart ayında Bakı şəhərində keçirilmiş  və iclasın yekunlarına dair Protokol, eləcə də Belarus və Azərbaycan arasında əməkdaşlığa dair bir sıra sənədlər imzalanmışdır.

Belarus həmişə Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, Ermənistanı isə  ərazi iddialarından əl çəkməyə çağırıb. Belarus dövlət başçısının Azərbaycana səfəri bütün sahələr üzrə əməkdaşlığı yenidən nəzərdən keçirməyə, əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirməyə, birgə iqtisadi layihələr həyata keçirməyə imkan verəcək. Əminliklə demək olar ki, Azərbaycan-Belarus münasibətləri başqa ölkələr üçün  nümunə ola bilər.

Ötən il Prezident İlham Əliyev Azərbaycan  ilə Belarus Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə belaruslu həmkarı Aleksandr Lukaşenkoya ünvanladığı  təbrik məktubunda  bu məqamları xüsusi qeyd etmişdir ki,  son üç onillikdə xalqlarımızı birləşdirən mehriban dostluq ənənələrinə, qarşılıqlı hörmətə və etimada əsaslanan, faydalı tərəfdaşlıq ruhunda ardıcıl olaraq genişlənən və dərinləşən Azərbaycan-Belarus münasibətləri yüksək səviyyədədir. Bizim böyük inkişaf yolu keçmiş, fəal siyasi dialoqla, intensiv təmaslarla, ikitərəfli və çoxtərəfli formatlarda iqtisadi-ticari, humanitar və bir çox başqa sahələrdə məhsuldar əməkdaşlıqla xarakterizə olunan dövlətlərarası əlaqələrimiz xüsusi məmnunluq doğurur.  Aleksandr Lukaşenkonun Azərbaycan-Belarus münasibətlərinin ardıcıl inkişafına, onların strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsinə sanballı şəxsi töhfə verdiyini vurğulayan dövlətimizin başçısı ölkələrimiz arasında dostluq münasibətlərinin və əməkdaşlığın birgə səylərlə gələcəkdə də hərtərəfli möhkəmlənəcəyinə, xalqlarımızın və ölkələrimizin maraqları naminə yeni məzmunla zənginləşəcəyinə əminliyini ifadə etmişdir.

İki ölkənin münasibətlərinin dünəninə qısa baxış əsasında qarşıdakı dövrün  perspektivlərini böyük əminliklə qeyd edə bilərik. Azərbaycan və Belarus prezidentlərinin təkbətək və geniş tərkibdə keçirilən görüşlərində bu kimi məsələlərə bir daha aydınlıq gətirildi. Cənab İlham Əliyev keçirilən  geniş tərkibdə görüşdə  bildirdi ki, münasibətlərimizin strateji xarakterini bir daha təsdiq etdik. Ölkələrimiz arasında etimada, qarşılıqlı hörmətə, dostluğa və əməkdaşlığa əsaslanan kreativ tərəfdaşlığı çox yüksək qiymətləndiririk. Bu münasibətlər zamanın sınağından çıxıb.  Belarus ilə Azərbaycanın etibarlı dost olmaları heç kimdə şübhə doğurmur. Bu, dövlətlərarası münasibətlərimizin əsasıdır, çünki yalnız qarşılıqlı etimad şəraitində həmişə bütün vəziyyətlərdə ikitərəfli dəstəyə arxalanaraq irəliləmək mümkündür.

Görüşdə bu məqam da xüsusi vurğulandı ki,  qarşılıqlı fəaliyyətimizin perspektivlərinə baxdıqda böyük potensialı, əmtəə dövriyyəsinin artmasını və sənaye kooperasiyasının, kənd təsərrüfatında əməkdaşlığın genişləndirilməsini görürük. Azad edilmiş ərazilərin bərpasında Belarus şirkətlərinin, müəssisələrinin iştirakına şad olardıq. Əməkdaşlığımız yetərincə çoxplanlıdır, yaxşı keçmişə və yaxşı gələcəyə malikdir.

Dövlətimizin başçısının bu fikirlərinin davamı olaraq Belarus Prezidenti vurğuladı ki, münasibətlər çox səmimi,  yaxındır. Biz qardaş kimi ünsiyyət qururuq. Dünyanı eyni şəkildə anlayır, onun haraya doğru getdiyini başa düşürük. Kaş ki, Ulu Öndər Heydər Əliyev   Azərbaycanın necə inkişaf etdiyini və uğurlarını görəydi: «Mən bir daha düşündüm və müharibədən əvvəl, Sizin azadlıq müharibənizdən öncə söhbətimizi xatırladım. Həmin vaxt biz nahar süfrəsi arxasında ikilikdə fəlsəfi fikir yürüdürdük və belə nəticəyə gəldik ki, müharibədə qələbə çalmaq olar. Bu vacibdir, Qələbəni qoruyub saxlamaq daha vacibdir. Üçüncüsü isə, Sizin də bu mövzuya toxunduğunuz kimi, biz ümumi fikrə gəldik ki, müharibədən sonra ən ağır dövr başlayacaq, azad etdiyiniz torpaqları dirçəltməyə, bərpa etməyə başlamaq lazım gələcək. Həmin ağır dövr gəlib çatdı, bu torpaqları dirçəltmək, insanları artıq qaytarmaq, - onların bəziləri şəhərdə anadan olub, - lazımdır və belə də olacaq. Qələbə çaldınız və onu qoruyub saxladınız. İndi dirçəliş dövrüdür. Bu, zaman, böyük zəhmət tələb edir, beş və ola bilər ki, on il ərzində həmin işlər yerinə yetirilməlidir.» Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycana işğaldan azad edilmiş ərazilərin bərpasında yardım təklif etdi: « Biz kömək göstərə və bu prosesdə iştirak edə bilərik. Sizin kifayət qədər köməkçiləriniz var, amma biz bir dost kimi bu prosesdə texnika, aqroşəhərciklər, iş yerləri ilə iştirak edə bilərik. İnsanları köçürmək, qaytarmaq olar, amma bunun üçün mənzillər, iş yerləri lazımdır. Bizim müəyyən texnologiyalarımız var, Sizin mütəxəssisləriniz, nazirləriniz bu texnologiyalara yaxşı bələddirlər. Əgər işə yarayarsa texnikamız burada olar və işləyər.»

Prezidentlərin bugünədək keçirilən görüşlərinə diqqət yetirdikdə ümumi fikir bu olur ki, Belarus-Azərbaycan münasibətlərinin fərqləndirici cəhəti  bu münasibətlərin dostluq, qarşılıqlı hörmət, etimad prinsipləri üzərində qurulmasıdır. Münasibətlərdə heç bir qapalı mövzu yoxdur. Ən yüksək etimad dərəcəsi və əldə edilən razılaşmaların yerinə yetirilməsi də bu münasibətlərin fərqləndirici xüsusiyyətidir.

İki ölkə arasında əlaqələr bütün sahələrdə uğurla inkişaf edir. Bu istiqamətlərdən  biri də mədəni   sahədir. Qeyd edək ki, Azərbaycanda Belarus Mədəniyyəti Günlərinin, Belarusda Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsi ənənə halını alıb. Ötən ayın əvvəlində ölkəmizdə Belarus Mədəniyyəti Günləri keçirildi. Belarusun mədəniyyət naziri Anatoli Markeviç həmin mərasimdə çıxışında  qeyd etdi ki, Belarus-Azərbaycan mədəni əməkdaşlığı dərin ənənələrə əsaslanır və gələcək hədəflərə istiqamətlənib. Biz əldə edilmiş uğurları yüksək qiymətləndiririk, lakin yaxşı başa düşürük ki, qarşıda bizi hələ çox böyük yol gözləyir. Bu yol çox mühüm və genişmiqyaslı birgə mədəni layihələrin həyata keçirilməsinə gətirib çıxaracaq. Mədəniyyət sahəsinin xalqlarımız arasında dostluğun möhkəmlənməsinə belə ciddi təsir göstərməsi təqdirəlayiq haldır. Artıq Azərbaycan beynəlxalq mədəni tədbirlərin keçirilməsinin mərkəzinə çevrilib.

Belarus Prezidentinin səfəri çərçivəsində iki ölkə arasında bütün sahələrdə mövcud vəziyyət, eyni zamanda, gələcək inkişafın təmin edilməsi üçün görüləcək işlər, atılacaq addımlar müzakirə olundu.  Ümumilikdə  ayrı-ayrı sahədəri əhatə edən 8 sənəd imzalandı.  Belə ki, Azərbaycan  Prezidenti İlham Əliyevin və Belarus  Prezidenti Aleksandr Lukaşenkonun iştirakı ilə  keçirilən  sənədlərinin imzalanması mərasimində “Azərbaycan Respublikası Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında malların mənşəyinin sertifikatlaşdırılmasının elektron sisteminin qarşılıqlı tətbiqi haqqında Protokol”, “Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında 2007-ci il 2 may tarixli Sazişə əlavə və dəyişikliklər edilməsinə dair Protokol”, «Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə Belarus Respublikasının İdman və Turizm Nazirliyi arasında turizm sahəsində əməkdaşlığın inkişafına dair 2024-2025-ci illər üzrə Tədbirlər Planı», “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Belarus Respublikasının Antiinhisar Tənzimləmə və Ticarət Nazirliyi arasında rəqabət siyasəti, dövlət satınalmaları, istehlakçı hüquqlarının müdafiəsi və reklam fəaliyyəti sahələrində qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında Memorandum”, “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Belarus Respublikasının İqtisadiyyat Nazirliyinin “İnvestisiya və Özəlləşdirmə Milli Agentliyi” Dövlət Müəssisəsi arasında Anlaşma Memorandumu”, “Bakı şəhəri (Azərbaycan Respublikası) ilə Minsk şəhəri (Belarus Respublikası) arasında qardaşlaşma əlaqələrinin qurulmasına dair Memorandum”, “Gəncə şəhəri (Azərbaycan Respublikası) ilə Qomel şəhəri (Belarus Respublikası) arasında qardaşlaşma əlaqələrinin qurulmasına dair Anlaşma Memorandumu”, “Qəbələ şəhəri (Azərbaycan Respublikası) ilə Qrodno şəhəri (Belarus Respublikası) arasında qardaşlaşma əlaqələrinin qurulmasına dair Anlaşma Memorandumu” imzalandı.

Onu da qeyd edək ki, Prezident İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko XVII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı - “Caspian Agro” və XXIX Azərbaycan Beynəlxalq Qida Sənayesi - “InterFood Azerbaijan” sərgiləri ilə də  tanış oldular.

Səfərin ümumi mahiyyətini, münasibətlərin gələcək inkişafını özündə ehtiva edən Prezidentlərin mətbuata birgə bəyanatları zamanı cənab İlham Əliyev vurğuladı ki, bu gün münasibətlərimizin son illərdə inkişafını müfəssəl şəkildə təhlil etdik və bu münasibətlərin dinamik inkişafını məmnuniyyətlə qeyd etdik, həmçinin daha da mühüm olanı - gələcəkdə qarşılıqlı fəaliyyət yollarını müəyyənləşdirdik.  Prezident əmin olduğunu bildirdi ki, gələcəkdə, həm də çox uzaq olmayan gələcəkdə münasibətlərimizin yeni hüdudlarını, yeni müəssisələri, yeni iş yerlərini, həmçinin əməkdaşlığın yeni istiqamətlərini görəcəyik. Mən artıq bu barədə danışmışam, bir daha demək istəyirəm ki, Belarus şirkətlərini Qarabağ və Şərqi Zəngəzur bölgələrinin bərpasında fəal iştirak etməyə dəvət etmişəm. Belarus Prezidenti bildirdi ki, Belarusun və Azərbaycanın qardaş xalqları arasında dərin hörmət və münasibətlər var. Bizim irəlilədiyimiz və təxminən 400 milyon dollar əmtəə dövriyyəsinə çatdırdığımız bir yol xəritəmiz var. Razılığa gəlmişik ki, bu yol xəritəsi Hökumətlərarası Komissiyanın Minskdə keçiriləcək növbəti iclasında bugünkü razılaşmalar və nazirlərimizin burada iki gün ərzində çalışdıqları, hələ üzərində işləyəcəkləri məsələlər nəzərə alınmaqla aktuallaşdırılacaq. Lukaşenko qeyd etdi ki, azad edilən ərazilərdə xüsusən aqrar torpaqlarda Belarus təcrübəsi üzrə aqroşəhərciklər və bütün infrastrukturu yaratmağa, iş yerləri açmağa, yəni, komplekslər tikməyə, həmçinin fermer təsərrüfatları yaratmağa hazırıq.

Səfərin ümumi təhlili bir daha bu reallığı təsdiqləyir ki,  Azərbaycan və Belarus etibarlı və strateji  tərəfdaşdılar.  Ənənəvi səmərəli əməkdaşlıq, qarşılıqlı dəstək bundan sonra da Belarus-Azərbaycan münasibətlərini fərqləndirən cəhət olacaq.

Yeganə Əliyeva, “İki sahil”