16 may 2024 23:33
319

Fransa müstəmləkəçiliyinin daha bir vəhşi siması

Fransanın daxili işlər naziri Jerar Darmaninin mayın 16-da “France-2” telekanalına müsahibəsində Azərbaycana qarşı səsləndirdiyi iddialar Fransanın neokolonial siyasətini ört-basdır etmək məqsədi daşıyır. Hazırda Fransanın Sakit okeanda yürütdüyü siyasət keçmiş illərdə Afrika qitəsində atdığı addımlarından heç nə ilə fərqlənmir. Parisin Yeni Kaledoniya siyasəti də eyni ideologiyanın müxtəlif formalardakı davamıdır.

Bu gün Fransanın Hind-Sakit okean hövzəsindəki muxtar bölgəsi Yeni Kaledoniyada zorakılıq və yerli əhalisinin ali hüquqlarının məhdudlaşdırılması prosesi davam edir. Baş verən hadisələrin səbəbi isə Yeni Kaledoniyada müstəqillik tərəfdarlarının Fransa hökumətinin konstitusiya islahatları təşəbbüsünə qarşı çıxmasıdır. Çünki bu, onların seçkilərdə təsirini azaldacaq. Bu səbəbdəndir ki, Yeni Kaledoniya konstitusiyasında bölgədə yaşayan fransızların xeyrinə dəyişikliklər edilməsini təklif edən qanuna etiraz baş verib. Səsvermə sisteminin dəyişdirilməsi ilə bağlı qanun layihəsinə görə, 10 ildir Yeni Kaledoniyada yaşayan Fransa vətəndaşları əyalət seçkilərində səs verə biləcəklər. Nəticədə isə Yeni Kaledoniyanın müstəqillik təşəbbüsləri, rəsmi səviyyədə görmək istədiyi işlərə bu qanunla əngəllər törədiləcək.

Hakimiyyətə gəldiyi andan ölkəsindəki media təmsilçilərinin vəziyyəti, yerli xalqların hüquqi tələbələri və onların məruz qaldıqları qadağaları görməzdən gələn Fransa Prezidenti Emmanuel Makron daxildə baş verən hadisələr fonunda Azərbaycanı guya ermənilərin kütləvi şəkildə qətlə yetirilməsi kimi qəbuledilməz ittihamlarla qaralamağa və ötən ilin sentyabrına kimi Qarabağda yaşayan etnik ermənilərə öz müqəddəratını təyinetmə hüququnun verilməsi və Azərbaycanın suveren ərazisi olan Qarabağın ölkəmizdən ayrılması üçün səy göstərirdi. Halbuki Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə bağlı BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə 4 qətnamə (822, 853, 874 və 884) qəbul olunmuşdu.  Bu sənədlərin hər birində Ermənistan dövlətinin təcavüzkar siyasəti pislənilib və erməni hərbi birləşmələrinin işğal etdikləri Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxmaları birmənalı şəkildə tələb olunub. Əməlləri ilə üzv olduğu təşkilatların nizamnamələrinin əksinə siyasət yürüdən Fransa bu cür davranışlarla dünyada beynəlxalq hüququn yox, daha çox gücün əsas paya sahib olduğunu göstərir. Bundan əlavə, günahkar, təcavüzkar, işğalçı olan ermənilərə heç bir təzyiq göstərməyən Fransa öz haqlarını müdafiə edən, beynəlxalq hüququ güclə bərpa etməyə məcbur olan Azərbaycana qarşı ikili standartlar nümayiş etdirir. Bu da o deməkdir ki, BMT Təhlükəsizlik Şurasında daimi yer verilən 5 dövlətdən biri olan Fransa özünün də iştirakçısı olduğu təşkilatın nizamnamələrini heçə sayır.

Minlərlə kilometr uzaqlıqdakı insanların reallıqlarını dərk etməyən, onları öz qanunlarına uyğunlaşdırmağa çalışan, bu alınmadıqda isə müxtəlif yollarla hiyləyə əl atıb qanunlarına təsir edən Fransa yerli xalqların tələblərini görməzdən gəlməklə yanaşı, onların problemlərini də həll etmir. Hazırda əhalisinin 53 faizinin yoxsulluq şəraitində yaşadığı Qvianada Emmanuel Makronun prezidentliyi dövründə yoxsulluq 10 faizdən çox artıb.

Bundan əlavə, hazırda Fransa Beynəlxalq Əmək Təşkilatının yerli xalqların hüquqlarını tanıyan 169 saylı Konvensiyasını ratifikasiya etməkdən boyun qaçırır. Rəsmi Paris bu qərarı onları vahid xalq hesab etdiyi üçün verdiyini bildirir. Amma reallıq başqadır. Fransa bununla müstəmləkəçi siyasətini ört-basdır etməyə çalışır.

Elmir Səftərov,
siyasi şərhçi