17 may 2024 00:11
378

Radikal müxalifətin yalanları həqiqətin əzəməti qarşısında acizdir

Mənəvi-psixoloji burulğanlar girdabında çırpınan radikal müxalifət təmsilçiləri getdikcə azğınlaşaraq bütün qırmızı xətləri keçirlər. Vətən müharibəsindəki tarixi Qələbəsi ilə yeni reallıqlar yaradaraq regionun əsas siyasi aktoruna çevrilən Azərbaycana qənim kəsilən qərəzli dairələrin sifarişlərini yerinə yetirən bu antimilli ünsürlər  ölkəmizə qarşı aparılan çirkin kampaniyanın əsas ruporuna çevriliblər. Başda AXCP sədri Əli Kərimli və onun qaragüruhçu dəstəsi olmaqla bu ünsürlər Qərbdəki qərəzli qüvvələrin, ermənipərəst qrant fondlarının çirkli pullarına, eləcə də səhnəarxası vədlərinə şirniklənərək sosial şəbəkələrdə dövlətimizin ünvanına böhtanlar ataraq yalan informasiyalarla xalq arasında çaşqınlıq yaratmaq üçün dəridən-qabıqdan çıxırlar.

Məlum  marginal zümrənin sosial şəbəkələrdə, xüsusilə Ə.Kərimliyə yaxınlığı ilə tanınan internet tv-lərdə  dövlətçiliyimizin əleyhinə yayımladıqları materialların, səsləndirdikləri əsassız iddiaların eyniliyi onların xaricdəki himayədarları ilə şəxsi maraqlar üzərində qurulmuş işbirliyini bir daha ortaya qoyur. Son zamanlar “Milli Şura”nın sədri  Cəmil Həsənlinin, qurumun Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəylinin, AXCP sədrinin müavini Fuad Qəhrəmanlının, Cəmil Həsənlinin və digərlərinin sosial şəbəkələrdəki antimilli notlara köklənmiş ürək bulandıran çıxışları açıq-aşkar göstərir ki, bu siyasi canbazlar tapşırıq və tezisləri eyni mərkəzdən alırlar.

Şübhəsiz, ayrı-ayrı güc mərkəzlərinin maşası rolunu oyanayan, erməni lobbisinə yaxınlığı ilə tanınan bəzi beynəlxalq təşkilatların, necə deyərlər, gizli labarotoriyalarında “kirli siyasi texnologiyalarla” istehsal olunan həmin fikir və tezislərin arxasında ölkəmizə qarşı çox məkrli planlar dayanır. Əsas məqsəd öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən, milli mənafeyə söykənən xarici siyasət yürüdən dövlətimizin beynəlxalq imicinə zərbə vurmaq, İkinci Qarabağ müharibəsindən sonra daha da möhkəmlənən milli birliyimizə xələl gətirmək, yalan informasiyalarla cəmiyyəti çasdırmaq, ictimai düşüncəni yanlış istiqamətə yönləndirmək, insanlar arasında etimadsızlıq, ümidsizlik, ruh düşkünlüyü yaratmaq və. sairdən ibarətdir. Burada dərin narahatlıq doğuran ən ciddi məqam isə radikal müaxalifətin antipodlarının öz şəxsi mənafeləri naminə ölkəmizə qarşı yönəldilən bu aqressiya və təzyiq kampaniyasında əsas rupora çevrilməsidir. Son zamanlar Ə.Kərimli, G.Hacıbəyli, F.Qəhrəmanlı, Q.Zahid, S.Osmanqızı kimilərin ölkəmizə qarşı qərəzli mövqeyi ilə tanınan təşkilat və fondların, erməni lobbisinə yaxınlığı ilə bilinən xarici mətbuat orqanlarının dövlətimizlə bağlı dövriyyəyə buraxdığı şantajcı, qərəzli və yalan məlumatları ictimaiyyətə sırımaq üçün ən əxlaqsız vasitələrədən istifadə etmələri bunun əyani təsdiqidir. İş o yerə çatıb ki, bu zombiləşmiş qaragüruhçular xarici fondlardan aldıqları qrantların müqabilində sosial şəbəkə seqmentlərindəki çıxışlarında ermənipərəst və anti-Azərbaycan fikirləri və mövqeyi ilə tanınan bəzi əcnəbi ekspertlərin, eləcə də Ermənistan mətbuatında ölkəmizin əleyhinə yazılanlarla həmrəy olduqlarını əxlaqsıcasına nümayiş etdirməkdən, onlara qahmar çıxmaqdan belə çəkinmirlər.

Təbii ki, xarici dairələrin məkrli niyyətlərinin alətinə çevrilən, onların bir barmaq işarəsi ilə oturub-duran, çirkli qrant dollarlarından, avrolarından məst olan antimilli ünsürlərin ölkəmizin əleyhinə göstərdikləri fəaliyyət haqlı olaraq cəmiyyətin bütün təbəqələrində nifrət, ikrah hissi yaradır. Onların yalan və iftiraları yalan və iftiraları həqiqətin əzəməti qarşısında acizdir. Yəqin ki, azlıqda olan marginalların özləri də bunları bilməmiş deyillər...

Zahid Rza, “İki sahil”