15 may 2024 00:23
335

Şuşanın yeni tarixi başlayır

Hökumət işğaldan azad edilmiş Böyük Qayıdış Proqramının birinci mərhələsini 2026-cı ilin sonunda başa çatdıracaq və o vaxt 140 min köçkün öz dədə-baba torpaqlarına qayıdacaq

Azərbaycan dövləti artıq 4 ilə yaxındır ki, azad olunmuş ərazilərimizdə quruculuq işlərini sürətlə davam etdirir. Bu müddətdə dövlət büdcəsindən ayrılan vəsaitlə yanaşı, əlavə gəlirlər də quruculuq işlərinə yönəldilib. İndiyə kimi azad olunmuş ərazilərin bərpasına ümumilikdə 12 milyard manat vəsait xərclənib. Təkcə 2023-cü ildə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına 6,4 milyard manat investisiya yatırılıb. Bütün bunlar onu deməyə əsas verir ki, Qarabağın və Şərqi Zəngəzurun bərpası və inkişafı Azərbaycan dövləti üçün ən prioritet məsələdir. Prezident İlham Əliyev bununla bağlı deyib: “Biz Qarabağı, Zəngəzuru yenidən qururuq, yenidən qurmalıyıq. Buna nə qədər vəsait lazımdır, hamısını öz hesabımıza edirik. Heç bir yerdən heç kim bizə bir manat yardım etməyib, hamısını özümüz edirik. Şəhərləri qururuq, kəndləri qururuq, binalar tikirik və hələ nə qədər edəcəyik”.

Azərbaycanın işğaldan azad edilən ərazilərin bərpası üzrə kifayət qədər təcrübəsi var. Hətta ölkəmizdə Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentlik yaradılıb ki, onun da missiyası aparılan bərpa işlərinin koordinasiyasını və məcburi köçkünlərin doğma torpaqlarına qaytarılması üçün şəraitin yaradılmasını təmin etməkdir. Güclü Azərbaycan dövləti qaçqın və məcburi köçkün soydaşlarımızın işğaldan azad olunan ərazilərə Böyük Qayıdışını layiqli şəkildə təmin etmək əzmi nümayiş etdirir. Belə ki, son aylarda işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış planı çərçivəsində məcburi köçkünlərin öz dədə-baba yurdlarına köçü daha da sürətlənib. Demək olar ki, hər həftə onlarla köç karvanı Qarabağa yola salınır. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, artıq Qarabağın incisi olan Şuşa şəhərinə və Laçın rayonunun Sus kəndinə ilk köç karvanı yola salınıb. Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət köç karvanı mayın 9-da Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. İlk mərhələdə Şuşa şəhərinə 20 ailə - 88 nəfər, Laçın rayonunun Sus kəndinə isə 20 ailə, 75 nəfər köçürülüb. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra doğma yurdlarına könüllü, təhlükəsiz və ləyaqətlə qayıtmalarına imkan yaranıb. Doğma yurda qayıdan Şuşa şəhəri və Laçın rayon Sus kənd sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər. Həmçinin mayın 14-də Şuşaya növbəti köç karvanı da yola düşəcək.

Mayın 11-də Şuşanın Cıdır düzündə VII “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının və “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin açılış mərasimində Prezident İlham Əliyev Şuşaya qayıdışla bağlı bunları deyib: “Biz 28 il Şuşasız yaşayırdıq. Həm şuşalılar, həm bütün Azərbaycan xalqı bu illəri mənəvi əzab illəri kimi öz yaddaşlarında saxlayırlar və saxlayacaqlar. Dünən Şuşa şəhərinin dirçəldilməsi istiqamətində növbəti addım atılmışdır, ilk sakinlər uzun fasilədən sonra öz doğma şəhərinə qayıdıb burada məskunlaşmışlar. Şuşanın tarixi simasının bərpası istiqamətində fəal işlər gedir. Şuşa, sözün əsl mənasında, dirçəlir. Şuşanın bir çox tarixi və dini abidələri işğal dövründə işğalçılar tərəfindən tamamilə dağıdılmışdır. Hazırda dörd məscid yenidən qurulub, digər məscidlərdə təmir-bərpa işləri aparılır”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şuşaya qayıdan ilk sakinlərə mənzillərinin açarlarının təqdim edilməsi mərasimində çıxışı zamanı qeyd edib ki, bu gün Şuşanın yeni tarixi başlayır. Mən 2020-ci il noyabrın 8-də xalqa müraciətimdə demişdim ki, biz Şuşanı dirçəldəcəyik. Bax, bu gün biz dirçəldilən Şuşanı görürük. Şuşada çox genişmiqyaslı quruculuq işlərinin getdiyini, yaşayış komplekslərinin inşa olunduğunu vurğulayan dövlətimizin başçısı əlavə edib: “Bütün evlər gözəl memarlıq üslubunda - Şuşanın ənənəvi üslubunda inşa edilmişdir. Şərait çox gözəldir və əminəm ki, uzun fasilədən sonra şuşalılar burada rahat yaşayacaqlar, yaradacaqlar, quracaqlar, öz doğma şəhərinin tarixi simasını qoruyacaqlar”.

Qeyd edək ki, azərbaycanlılar artıq Zəngilan, Laçın, Füzuli və azad olunan digər dogma şəhər və kəndlərimizə qovuşub. Laçında, Ağdamda, Füzulidə, Kəlbəcərdə, Zəngilanda, Qubadlıda, Xocavənddə, Ağdərədə, Xocalıda və digər ərazilərdə işlər uğurla davam etdirilir. Hökumət Böyük Qayıdış Proqramının birinci mərhələsini 2026-cı ilin sonunda başa çatdıracaq və o vaxt 140 min köçkün öz dədə-baba torpaqlarına qayıdacaq. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov mətbuata açıqlamasında bildirib ki, azad edilmiş ərazilərə bu ilin sonuna kimi 20 min insanın qayıdışı planlaşdırılır: “Qayıdışın coğrafi arealı 20 kənd və qəsəbə, 7 şəhər olmaqla, 27 yaşayış məntəqəsini əhatə edəcək. İlin sonuna kimi məskunlaşma bütün işğaldan azad edilmiş rayonlarda başlamış olacaq”.

Cəbrayıl rayonunun Horovlu kəndinə ilk köç cari ilin ikinci yarımilinə nəzərdə tutulub. Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib. Bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, ilk növbədə, müasir infrastruktur formalaşdırılır, dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya üçün zəruri şərait yaradılır: "Böyük Qayıdış"a dair 1-ci Dövlət Proqramının icrası çərçivəsində Cəbrayıl rayonunun Horovlu kəndi yenidən salınır. Kəndə bu ilin ikinci yarısında 334 ailənin köçürülməsi nəzərdə tutulur”. Həmçinin vurğulanıb ki, hazırda bərpa-quruculuq işlərinin davam etdiyi Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə 78 ailənin köçürülməsi planlanlaşdırılır.

Sevinc Azadi, “İki sahil”