14 may 2024 00:24
424

Erməni kilsəsi sülhə qarşı...

Sərhədlərin delimitasiyası və 4 kəndimizin geri qaytarılması erməni cəmiyyətində aqressiyanı artırmaqdadır. Azərbaycanın Qazax rayonunun Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndlərinin geri qaytarılması ilə bağlı əldə edilən razılıqdan sonra Ermənistandakı revanşist qüvvələr hakimiyyətə qarşı etirazlar təşkil edir. Revanşistlər bu razılaşmanı qəbul edə bilmir və Paşinyan hakimiyyətini qorxaqlıqda, satqınlıqda ittiham edirlər. Etiraz aksiyaları tərəflər arasında razılaşmanın əldə edildiyi gündən yəni, aprelin 19-dan başlayıb. Bu məsələ rəsmi şəxslər, siyasətçilərlə yanaşı, erməni keşişlərini də fəallaşmağa sövq edib. Belələrindən biri Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyandır.  B.Qalstanyan tərəfindən mayın 9-da paytaxtın mərkəzi meydanında keçirilən mitinqdə itaətsizlik aksiyası ilə bağlı da çağırış edilib. O, tələbələri mayın 10-dan dərsləri boykot etməyə, rayon və şəhər sakinlərini isə yaşadıqları yerlərdə aksiyalar keçirməyə çağırıb. Arxiyepiskop etiraf edib ki, baş naziri qanuni yollarla devirməyə gücləri çatmır. Buna görə də itaətsizlik aksiyaları ilə məqsədlərinə nail olmaq istəyirlər.

Baqrat Qalstanyanın çağırışı ilə baş nazir Nikol Paşinyanın siyasətinə etiraz edən əhali mayın 11-dən itaətsizlik aksiyasına başlayıb. İrəvanda və digər şəhərlərdə aksiyaya çıxan əhali əsas küçə və prospektləri bağlayıb. Paytaxtda yerləşən “Qələbə” körpüsündə, “Azatutyun” prospektində, eləcə də Tbilisi şosesində hərəkət dayanıb. Polisin yolu açmaq cəhdləri uğursuzluqla nəticələnib. Bu səbəblə, asayiş keşikçiləri onların tələblərinə məhəl qoymayan etirazçıları saxlamağa məcbur olublar.

Bir qrup aksiya iştirakçısı isə səhər saatlarında Eçmiədzindəki 7 saylı orta məktəbin qarşısında ora gəlişi gözlənilən Nikolu boykot etməyə çalışıb. Ancaq az sonra onlar polis əməkdaşları tərəfindən ərazidən uzaqlaşdırılıblar. Kilsənin dini və inzibati mərkəzinin yerləşdiyi Eçmiədzin rayonunda saxlanılan 6 nəfərin üzərindən silah-sursat aşkar edilib. Bununla bağlı ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Ümumiyyətlə, erməni keşişləri öz xalqını hər zaman qətliamlara, terrora, işğala təhrik edən çağırışlar edib. Ermənilərin uzun illərdir ki, azərbaycanlılara qarşı soyqırımı və işğal siyasətində erməni kilsəsi hər zaman mühüm rol oynayıb. Tarixə nəzər salsaq Azərbaycana qarşı düşmənçiliyin, 1905-1907 və 1918-ci ilin martında soydaşlarımıza qarşı həyata keçirilən vəhşiliklərin,  Qarabağda həyata keçirilən qırğınların önündə bu kilsənin getdiyini sübut edən kifayət qədər faktların mövcud olduğunu görərik. Məlumdur ki, müxtəlif dövrlərdə erməni kilsələrinin əksəriyyətinin, xüsusilə də Erməni Qriqorian kilsəsinin təşkilatçılığı ilə terror planları hazırlanıb həyata keçirilmiş, nəticədə minlərlə günahsız insan qətlə yetirilmişdir. Təbii ki, bu işdə əsas mərkəz rolunu “erməni kilsələrinin anası” hesab olunan Eçmiədzin - Üçkilsə oynamışdır.

Erməni diasporu kilsənin qəbul etdiyi qərarları hər zaman böyük həvəslə icra edib və etməkdədir. Onların Azərbaycanın və azərbaycanlıların ünvanına səsləndirdikləri şər-böhtanların, uydurmaların hamısı erməni kilsəsinin vermiş olduğu qərarlara bağlıdır. Belə bir tendensiyaya digər səmavi dinlərin heç birində rast gəlinmir. Erməni din xadimləri isə xalqımıza qarşı düşmənçilik siyasətinin başında dayanırlar. Hələ ötən il Baqrat Qalstanyan bildirib: “Bəli, mən özümü revanşist hesab edirəm və ömrümün son saniyəsinə qədər belə yaşayacam”.

Yeri gəlmişkən, Qərbi Azərbaycan İcması erməni kilsəsinin təxribatçı əməlləri ilə bağlı bəyanat verib. Bəyanatda bildirilir ki, Azərbaycan və Ermənistan arasında 2024-cü il aprelin 19-da əldə edilmiş razılaşmaya əsasən, sərhədin delimitasiyası ilə bağlı müəyyən praktik addımların atılması qərarlaşdırılıb. Lakin Ermənistanda son günlər bir sıra təxribatçı qüvvələr iki ölkə arasında qalıcı sülhün əldə edilməsinə töhfə verə biləcək sözügedən razılaşmanın icrasına mane olmaq üçün var gücləri ilə çalışırlar. Çox narahatlıq doğuran haldır ki, həmin proseslərdə erməni qriqoryan kilsəsinin dini xadimləri fəal rol alıblar. Sözügedən din xadimləri siyasi tələblər irəli sürür, Azərbaycanla sülh əldə etməyə qarşı çıxır və aşkar şəkildə revanşa və müharibəyə çağırış edirlər.

Bəyanatda, həmçinin bildirilir: “Azərbaycanın Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi günlərdə Erməni Qriqoryan Kilsəsinin sülh əleyhinə fəaliyyəti təəssüf doğurur və çoxlu mətləblərdən xəbər verir. Qeyd edək ki, azərbaycanlıların Ermənistandan qovulmasında və Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzündə Erməni Qriqorian Kilsəsi xüsusi fəallıq nümayiş etdirib”. Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti və dünya dini liderlərini Erməni Qriqoryan Kilsəsinin həmin əməllərini pisləməyə və Azərbaycan və Ermənistan arasında davamlı sülhə dəstək verməyə çağırıb.

Nigar Orucova, “İki sahil”