13 may 2024 17:06
621

Qarabağ və Şərqi Zəngəzur bölgələri nəinki Azərbaycanın, hətta dünyanın ən gözəl yerlərindən biri olacaq

 Qürurverici haldır ki, Şuşa ötən il türk dünyasının, bu il islam dünyasının mədəniyyət paytaxtı elan edildi. Təbii kim, bu,  doğma Şuşaya xüsusi ehtiramın göstəricisidir. Eyni zamanda, bu qərarla Şuşa şəhəri islam dünyasının həmrəyliyinin yeni rəmzinə çevrilməklə qarşılıqlı əməkdaşlıq münasibətlərinin daha da genişləndirilməsində özünəməxsus rol oynayacaq. Məhz ötən həftə növbəti dəfə  “Xarıbülbül” festivalının Şuşada, həm də dünya ölkələrinin mədəniyyət nümayəndələrinin iştirakı ilə keçirilməsi beynəlxalq aləmdə diqqətlə izlənildi.

Bundan başqa, Prezident İlham Əliyev mayın 10-da 32 illik Vətən həsrətindən sonra Şuşa şəhərinə qayıtmış sakinlərlə görüşdü. Görüş zamanı ölkəmizin başçısı Şuşanın xalqımızın əyilməz ruhunun rəmzi olduğunu vurğuladı. Şəhərdə genişmiqyaslı quruculuq işlərinın həyata keçirildiyindən geniş bəhs edən Ali Baş Komandan  bildirdi ki, Qarabağ və Şərqi Zəngəzur bölgələri nəinki Azərbaycanın, Qafqazın, dünyanın ən gözəl yerlərindən biri olacaq. Buranın təbiəti, gözəl mənzərələri, yaşıllıqlar, bulaqlar müasir və eyni zamanda, ənənəvi üslubda inşa edilən binalarla tamamlanır. Elə bir gözəl şəhər yaradılır ki, hər bir azərbaycanlı bununla fəxr edəcək. 

Şuşalılarla görüşü zamanı ölkəmizin başçısı vurğuladı ki,  AXC-Müsavat cütlüyünün hakimiyyətə can atdığı dövrdə və ovaxtkı hakimiyyətin satqın, qorxaq olması səbəbindən Şuşa işğal altına düşdü. Şuşa yiyəsiz qalmışdı və Şuşanın düşmənə təhvil verilməsi Xalq Cəbhəsinə hakimiyyətə gəlmək üçün yol açdı. Azərbaycan xalqı öz böyüklüyünü 1993-cü ildə nümayiş etdirdi. Xalq Ulu Öndərə müraciət edib onu hakimiyyətə dəvət etdi. Çünki Azərbaycan xalqı bilirdi ki, o bəladan onu ancaq Heydər Əliyev qurtara bilər. Ulu Öndər Bakıya qayıdana qədər ölkədə hakimiyyətsizlik, özbaşınalıq, xaos hökm sürürdü. Azərbaycan Ulu Öndərin fəaliyyəti nəticəsində inkişaf yoluna qədəm qoydu. O vaxt hakimiyyətə can atan AXC-Müsavat cütlüyünün tör-töküntüləri, onların böyük əksəriyyəti  Zəfərimizə sevinməyiblər. Onlar Azərbaycanın Qələbəsinə bu günə qədər kölgə salmağa çalışırlar.

Cənab Prezident bildirib ki, Minsk Qrupunun 28 ildəki fəaliyyətinin Azərbaycan xalqına qarşı yönəlmişdi. Xüsusilə bu təşkilatın yalançı vədləri və fəaliyyətsizliyi bölgədə erməilərin möhkəmlənməsinə xidmət edirdi. Fransaya və Amerikaya sərt xəbərdarlıq edən Prezident İlham Əliyev vurğuladı ki, bundan sonra da bu bölgədə dövlətimizin  iradəsindən kənar heç bir məsələ həll olunası deyil.: «Bu ölkələr bunu birdəfəlik bilməlidirlər. Azərbaycanın siyasəti beynəlxalq hüquqa və ədalətə əsaslanır.» Müzəffər Ali Baş Komandanımız görüşdə xüsusi vurğuladı ki,  «Ermənistanda revanşistlər baş qaldırır, Fransa Ermənistana öldürücü silahlar verir, o silahların kritik həddə çatmasını görsək, onda Azərbaycandan heç kim inciməsin. Heç kim Azərbaycanın qabağında dura bilməz. Heç kim Azərbaycana heç nə diktə edə bilməz və ölkəmizin daxili işlərinə müdaxilə edə bilməz.» 

Görüşdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan tikinti-quruculuq işlərindən danışan ölkəmizin başçısı bildirdi ki, indi bura  dünyanda misli bərabərinə rastlanmayan quruculuq meydanına çevrilib. Bir yanda yollar çəkilir, körpülər salınır, hava limanları tikilib istifadəyə verilir. Bir yanda da müasir yaşayış məskənləri salınır, qayıdış karvanları ilə yurdlarına dönən keçmiş məcburi köçkünlərimiz isti od-ocaqlarına qovuşdurulur.

İsmayıl İbrahimov,
YAP Hacıqabul rayon təşkilatının sədri