13 may 2024 16:31
356

Şuşa əbədi səadətə qovuşur!

Tarixi hadisə

Tarix ibrət dərsidir, tarix yaddaşdır, tarix hər şeydir. Bu baxımdan Azərbaycan tarixi dünya tarixinin ən parlaq səhifələrindən biridir. Tariximiz çətin və şərəfli tarixdir. Bu tarixin hər bir hadisəsi xalqımız üçün tale məsələsidir. Bəli, tariximizə və taleyimizə silinməz hərflərlə yazılan Qarabağ mücadiləmiz, Vətən eşqimiz dünya tarixində baş vermiş qeyri-adi olaylardan biridir.

Azərbaycan xalqı qəhrəman xalqdır, müdrik və humanist xalqdır. Xalqımız qalibiyyət naminə igid oğul və qızlar böyüdən xalqdır. Xalqımız Heydər Əliyev kimi dahi şəxsiyyəti, İlham Əliyev kimi fenomen rəhbəri bəşər tarixinə bəxş etmiş istedadlı xalqdır. Bu gün bütün dünya müstəqil Azərbaycanın ən yeni tarixində baş verən böyük tarixi hadisələrə şahidlik edir. Əslində, başqa cür də ola bilməzdi, çünki yol Ulu öndər Heydər Əliyevin yoludur.

Memarı və qurucusu Ümummilli lider Heydər Əliyev olan müstəqil Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin peşəkar və uzaqgörən fəaliyyəti sayəsində ölkəmiz sürətlə inkişaf edir. İkinci Qarabağ müharibəsindən başlayan müqəddəs mücadiləmiz şanlı qələbələrlə tamamlanır. Bu qələbələrdən biri də qədim və gözəl Şuşamızın yenidən dirçəlməsidir.

Şuşa Azərbaycan tarixində xüsusi əhəmiyyət kəsb edən bölgələrdən biridir. Şuşa özünün zəngin maddi-mənəvi sərvətləri ilə şöhrət qazanmış ecazkar şəhərlərdən biridir. Bu şəhərin düşmən tapdağından xilası, bu şəhərin müasir tələblərə uyğun səviyyədə qurulması və inkişafı dünya ictimaiyyəti tərəfindən yüksək dəyərləndirilir.

Şuşa artıq şuşalıların ixtiyarındadır. Şuşalılar Şuşaya qayıdırlar. Şuşa təhsili, səhiyyəsi, mədəniyyəti, sosial-iqtisadi imkanları ilə xoşbəxt sabahlara doğru inamla addımlayır. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cari ilin 10 may tarixində Şuşada şəhərə köçmüş ilk sakinlərlə görüşü olduqca mühüm məna və əhəmiyyət kəsb edir. Belə ki, Prezident İlham Əliyev bu görüşün fəlsəfəsini, ümumən Şuşa haqqındakı fikir və düşüncələrini dilə gətirdi. Dövlət başçısı işğaldan azad edilən torpaqlarımızda aparılan genişmiqyaslı yenidənqurma və quruculuq işləri haqqında söhbət açdı. Sanki xalqın adamı növbəti dəfə xalqa hesabat verirdi.

Cənab Prezidentin apardığı uzaqgörən daxili və xarici siyasət əziz və doğma Şuşanı düşmən tapdağından azad etdi. Bu gün Şuşa sazlı-sözlü, qonaq-qaralı, bayram əhval-ruhiyyəli dövrünə qədəm qoyub. “Xarıbülbül” yenidən Şuşaya qayıdıb. Dünya şöhrətli müğənnimiz Zeynəb Xanlarova özünün möhtəşəm mahnıları ilə Şəkini, Şirvanı, Qarabağı, bütün Azərbaycanı vəsf edir. Şuşa əbədi səadətə qovuşur!

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi, rəşadətli ordumuzun fədakarlığı, şəhidlərimizin qəhrəmanlığı sayəsində çiçəklənən müqəddəs torpaqlarımızda yaşamaq, var olmaq qalib xalqımızın halal haqqıdır.

Şükran Mustafayev,
Bakı şəhəri 254 nömrəli tam orta məktəbin direktor müavini,
YAP Xətai rayon təşkilatının üzvü