13 may 2024 14:01
855

Arzuların çin olduğu müqəddəs məqam

Ümummilli Lider Heydər Əlievin ikinci dəfə hakimiyyətə gəldiyi dövr Azərbaycan üçün çox çətin bir sınaq dövrü idi. Torpaqlarımızın 20 faizi Ermənistan tərəfindən işğal edilmiş,yüz minlərlə qaçqın və məcburi köçkün ölkənin müxtəlif bölgələrinə səpələnmişdi.   Ulu Öndər Heydər Əliyev torpaqlarımız işğaldan azad edilənə qədər ölkə daxilində qaçqın və məcburi köçkünlərin problemlərinin həlli, onların yaşayış şəraitlərinin yaxşılaşdırılması istiqamətində mühüm işlər gerçəkləşdirdi. O, hakimiyyətə gəldiyi ilk vaxtlardan qaçqın və məcburi köçkünlərimizin problemlərinin həllini dövlətin əsas siyasətinə çevirdi.

"Biz əlimizdən gələni edirik ki, sizin yaşayışınız müəyyən qədər normal olsun. Amma aydındır ki, yerini, yurdunu itirmiş insanların yaşayışı çətindir. Bu, sizi də, bizi də incidir", - deyə  Ümummilli Lider bu insanlarımızla bağlı fikirlərini ürək ağrısı ilə belə ifadə etmişdi.Hər zaman xalqının yanında olan Heydər Əliyev dəfələrlə çadır şəhərciklərinə yollanır,orada yaşayan insanların şəraitləri ilə şəxsən tanış olur,onlarla səmimi ünsiyyət qurur, problemlərinin həllinə çalışırdı. 
Ulu Öndər Heydər Əliyev siyasi yolunu ötən 20 il ərzində uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanı hərtərəfli inkişaf mərhələsnə yüksəltdi, dünyanın sayılıb-seçilən, regionun lider ölkəsinə çevirdi. Xüsusilə ordu quruculuğunda mühüm irəliləyişlər əldə edildi, Silahlı Qüvvələrimizin arsenalı müasir silah və sursatlarla, hərbi texnika ilə zənginləşdirildi, peşəkar hərbi kadrların yetişdirilməsinə xüsusi önəm verildi.

2020-ci il sentyabrın 27-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun çıxdığı haqq yürüşü cəmi 44 günə Zəfərlə nəticələndi, bayrağımız qürur yerimiz Şuşada dalğalandırıldı. Parlaq zəfərlə bitən Vətən müharibəsindən dərhal sonra isə 30 il ərzində erməni barbarlarının daşı daş üstündə qoymadığı yurd yerlərimizdə tikinti-quruculuq işlərinə başlanıldı, bu yerlərdə həyat yenidən məcrasına qayıtdı. Hazırda müasir infrastrukturun qurulduğu, "ağıllı kənd və şəhərlər"imizin salındığı Qarabağ və Şərqi Zəngəzur nəhəng tunellərin çəkildiyi, dünya miqyaslı dəhlizlərin salındığı, beynəlxalq hava limanlarının tikildiyi, meqalayihələrin gerçəkləşdirildiyi möhtəşəm məkana çevrilib. İşğaldan azad edilən torpaqlarımızda görülən bütün bu irimiqyaslı işlər Prezident İlham Əliyevin şəxsi diqqəti və nəzarəti altında həyata keçirilir. Dövlət başçısı mütəmadi olaraq azad edilən ərazilərə yollanaraq görülən işlərlə yerindəcə tanış olur, yeni-yeni açılışlar edir, bünövrələr qoyur. Artıq Tərtərin Talış, Laçının Zabux, Zəngilanın Ağalı kəndləri, eləcə də Füzuli və Laçın şəhərlərinə Böyük qayıdış karvanları ilə öz sakinləri dönərək xoşbəxt yaşama başlayıblar. 

Belə əlamətdar günlərdən biri də mayın 10-da - Ulu Öndərin 101-ci doğum günündə Şuşada yaşandı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak edib və şəhərə köçmüş ilk sakinlərlə görüşüblər. Məlum olduğu kimi ilkin mərhələdə birinci yaşayış kompleksinə köç qrafikinə əsasən 20 ailə olmaqla 88 nəfər köçürülüb. İyirmi üç binadan ibarət yaşayış kompleksinin ümumi sahəsi 8 hektara yaxındır. Kompleksin təməli 2021-ci il avqustun 29-da qoyulub. Yaşayış kompleksi 28-i birotaqlı, 195-i ikiotaqlı, 190-ı üçotaqlı, 30-u dördotaqlı və 7-si beşotaqlı olan 450 mənzildən ibarətdir. Prezident İlham Əliyev qala şəhərimizin əzəli sakinləri ilə doğma yurdlarında görüşərək onların qayıdış sevinclərini bölüşdü. Azərbaycanın dostlarına sevinc bəxş edən, düşmənlərinə göz dağı olan bu görüş zamanı Qalib Lider İlham Əliyev həm də Qarabağın Şuşa zirvəsindən bütün dünyaya mühüm mesajlar çatdırdı,vacib ismarıclar göndərdi, sərt xəbərdarlıqlar etdi.  Prezident qətiyyətlə bildirdi ki, Azərbaycan Cənubi Qafqazın lider ölkəsidir və Bakının rəyi öyrənilmədən, maraqları nəzərə alınmadan bölgədə hər hansı addımın atılması mümkünsüzdür: "Burada söz sahibi bizik, Qafqazda aparıcı dövlət bizik, iqtisadi, siyasi, hərbi, hər cəhətdən aparıcı dövlət bizik, bizimlə hər kəs hesablaşmalıdır. Həm Ermənistan, həm onun arxasında duran, onlara yalançı vədlər verən xarici dairələr bizimlə hesablaşmasalar peşman olacaqlar". Cənab Prezidentin Fizulidə, Laçında, Şuşada bir sıra mühüm obyektlərin təməlini qoyması və açılışını etməsi, xüsusilə mayın 11-də Şuşanın Cıdır düzündə VII “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının və “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin açılış mərasimidə iştirakı hər bir azərbaycanlının sevincinə sevinc qatdı.Dövlətimizin başçısı tədbirdə çıxış edərək: “Bildiyiniz kimi, Şuşa şəhəri İslam dünyasının mədəniyyət paytaxtı elan olunmuşdur. Bu qərara görə ICESCO-ya, onun rəhbərliyinə, ICESCO-ya üzv ölkələrə - qardaş ölkələrə öz təşəkkürümü bildirmək istəyirəm. Şuşa bu şərəfli ada layiq görülüb və biz bunu İslam dünyasının Azərbaycana növbəti dəstəyinin, hörmətinin əlaməti kimi qəbul edirik” deyə bildirdi.

"Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə gələcəyəm Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır" Ulu öndərimiz Heydər Əliyevin 20 mart 1998-ci ildə söylədiyi bu fikrə, 10 may 2023-cü ildə cənab  İlham Əliyev belə cavab vermişdi: "Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Şuşanı, Qarabağı və Zəngəzuru azad görmək idi. Biz onun və bütün Azərbaycan xalqının, bütün dünya azərbaycanlılarının arzusunu çin etdik". 

Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin 25 illik vaxt aralığı ilə böyük inam və qürurla söylədiklərindən gətirdiyimiz bu nümunələrdən də göründüyü kimi, Azərbaycan xalqı milli hədəflərinə doğru qət etdiyi çətin, sınaq və məsuliyyətlərlə dolu uzun yolu Zəfər zirvəsinə yetirib. Üçrəngli müqəddəs bayrağını Qarabağ və Şərqi Zəngəzurun ən uca zirvələrində, Şuşada, Xocalıda, Xankəndidə dalğalandıraraq milli mücadiləsini məntiqi sonluğuna çatdırıb.Mayın 10-da Şuşa sakinləri ilə görüşdə cənab prezidentin dediyi kimi: “Biz gəlmişik burada əbədi yaşamağa və bundan sonra Azərbaycan Bayrağı bu torpaqlarda əbədi dalğalanacaq.”
     Bu gün Qarabağ və Şərqi Zəngəzur dünyada misli bərabərinə rastlanmayan quruculuq meydanına çevrilib. Bir yanda yollar çəkilir, körpülər salınır, hava limanları tikilib istifadəyə verilir. Bir yanda da müasir yaşayış məskənləri salınır, qayıdış karvanları ilə yurdlarına dönən keçmiş məcburi köçkünlərimiz isti od-ocaqlarına qovuşdurulur. O torpaqlarda doğulan körpələrin hayqırtıları bir daha dünyaya "Qarabağ Azərbaycandır!" ismarışı verir. 
Bütün bunlar isə Azərbaycan xalqının, dövlətinin dahi xilaskarı Ulu Öndər Heydər Əliyevin vaxtilə cani-könüldən dilədiyi Qarabağ, Şərqi Zəngəzur arzularının çin olduğu müqəddəs məqamdır. Xalqımız Ulu öndər Heydər Əliyevin yolu ilə gedərək cənab İlham Əliyevin rəhbərliyi altında daha çox reallıqlar yaradacaq, arzuları çin edəcəkdir.

Uğurlar Azərbaycan!

Seyfəddin Əliyev,

YAP Masallı rayon təşkilatının sədri