13 may 2024 12:53
375

Bolqarıstan-Azərbaycan əməkdaşlığı Avropanın enerji təhlükəsizliyinə töhfə verir

Mayın 8-də Bolqarıstan Prezidenti Rumen Radevin ölkəmizə səfəri çərçivəsində Azərbaycan-Bolqarıstan sənədlərinin imzalanması mərasimi olub. “Azərbaycan və Bolqarıstan arasında strateji tərəfdaşlığın gücləndirilməsi haqqında Birgə Bəyannamə” ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsinə və dərinləşdirilməsinə vacib töhfə verəcək.

2015-ci ildən strateji tərəfdaş olan Bolqarıstan və Azərbaycan hazırda enerji təhlükəsizliyi məsələləri üzərində sıx şəkildə çalışır. Bu illər ərzində əlaqələr sürətlə və uğurla inkişaf edib. Bolqarıstan Prezidentinin budəfəki səfəri bunun növbəti təzahürüdür. Səfərin yaxşı nəticələri olacaq və tərəfdaşlığımız uğurla davam edəcək. Fəal siyasi dialoq imkan verir ki, bütün istiqamətlər üzrə əlaqələr genişlənsin, dərinləşsin və yeni nəticələr əldə edilsin. Bu ölkələrin həm nəqliyyat, həm də rəqəmsallaşma aspektləri mövcuddur, yaşıl enerji, təhsil, mədəniyyət və turizm sahələrində birgə layihələr var.

Bu ilin birinci rübündə Azərbaycan ilə Bolqarıstan arasında qarşılıqlı ticarət dövriyyəsi təxminən 4 dəfə artaraq 153 milyon dollara çatıb. Azərbaycanın bu dost ölkəyə ixracı da 4 dəfədən çox artaraq 146 milyon dollar təşkil edib. Bolqarıstan və Azərbaycan Avropa İttifaqının ümumi dəyəri 2,1 milyon avro olan iki tvininq layihəsində birgə iştirak edib. Bu da dövlətimizin müxtəlif istiqamətlərdə əməkdaşlığa və tərəfdaşlığa sadiqliyini nümayiş etdirir.

Azərbaycan 2021-ci ilin iyulunda Aİ ilə imzaladığı müqaviləyə əsasən 2027-ci ilə kimi Cənub Qaz Dəhlizi ilə Avropaya təbii qaz ixracının həcmini 20 milyard kubmetrə çatdıracaq. Həmin il (2021-ci il) Azərbaycan Avropaya 8 milyard kubmetr qaz ixrac etmişdisə, ötən il ixracın həcmi 11,5 milyarda çatıb. Bununla yanaşı, Energetika Nazirliyinin açıqlamasına əsasən, 2028-ci ildə “Ümid” və “Abşeron” yataqlarından böyük həcmdə təbii qazın hasil edilərək bazara çıxarılması gözlənilir. Azərbaycanın təsdiq edilmiş təbii qaz ehtiyatı 2,6 trilyon kubmetrdir ki, bu da uzun müddətdə qaz ixracının artırılmasına imkan verir. Bundan başqa, 2027-ci ilin sonuna kimi Azərbaycan yaşıl enerji layihələri çərçivəsində 1862 MVt külək və günəş elektrik enerjisi istehsal etməyi planlaşdırıb ki, bu da 1 milyard kubmetr qazın sərbəstləşməsinə səbəb olacaq.

Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında yalnız təbii qaz ixrac etməklə deyil, həm də tranzit ölkə kimi iştirak edəcək. Bunun üçün Azərbaycan böyük infrastruktura malikdir. Bakı-Tbilisi-Ceyhan, Trans-Anadolu Boru Kəməri (TANAP), Trans-Adriatik Boru Kəməri (TAP) Cənub Qaz Dəhlizini təşkil edirlər. Bu gün Azərbaycan məhz bu kəmərlər vasitəsi ilə Yunanıstan, İtaliya, Bolqarıstan, Rumıniya və digər Şərqi Avropa ölkələrinə təbii qaz ixrac edir.

Azərbaycan ilə Bolqarıstan arasında ticarət dövriyyəsinin artmasının əsas səbəbi təbii ki, enerji sektorundakı əməkdaşlıqdır. Bu əməkdaşlığın bugünkü səviyyəsi və perspektivləri də çox müsbətdir. Təkcə onu demək kifayətdir ki, təbii qaz təchizatı sahəsində ildən-ilə Azərbaycan qazının Bolqarıstana ixracı artmaqdadır. Ötən il 1 milyard 250 milyon kubmetr Azərbaycan qazı Bolqarıstan bazarına nəql edilib. 2022-ci ildə bu rəqəm cəmi 600 milyon kubmetr idi. Hesablamalar onu göstərir ki, bu ilin sonuna qədər 1,5 milyard kubmetr Azərbaycan qazı Bolqarıstana ixrac ediləcək. Bu da Bolqarıstanın qaz istehlakının təqribən 50 faizini təşkil edir. Yəni, bu gün Azərbaycan Avropa Komissiyasının dili ilə desək, Panavropa qaz təchizatçısı kimi fəaliyyətini Avropa məkanında genişləndirir və enerji təhlükəsizliyi məsələlərinin həlli üçün öz dəstəyini əsirgəmir.

Bolqarıstan, eyni zamanda, qaz nəqli istiqamətində önəmli tranzit ölkəyə çevrilib. Hazırda Azərbaycan qazı Bolqarıstan ərazisindən digər qonşu ölkələrə ixrac edilir və şübhəsiz ki, gələcəkdə bu ölkələrin sayı daha da artacaq. Yəni, bu əməkdaşlıq çox güclü ikitərəfli əlaqələrin məntiqi nəticəsidir. Əməkdaşlığın əsas məqsədi daha yaxşı nəticələri əldə etməkdir və həm ticarət dövriyyəsinin artımında, eyni zamanda, energetika sahəsindəki əməkdaşlıqda bunu görürük.

Azərbaycan tərəfdaş ölkələrlə, o cümlədən Bolqarıstanla bu istiqamətdə çox fəal iş aparır. Azərbaycan Avropa məkanı üçün təkcə neft-qaz təchizatçısı kimi deyil, eyni zamanda, yaşıl enerji təchizatçısı kimi özünü göstərəcək. Potensial kifayət qədər genişdir.

Azərbaycanın sərmayəsi sayəsində bir neçə gün bundan əvvəl Bakı-Tbilisi-Qars dəmir yolunun modernləşdirilməsi tam başa çatıb. Onun ötürmə qabiliyyəti bir neçə dəfə artırılıb. Vaxtilə Azərbaycan tərəfindən təşəbbüs kimi irəli sürülmüş, bu gün isə artıq imkanları genişləndirilmiş bu layihə Orta Dəhlizin önəmli seqmenti kimi təbii ki, mühüm rol oynayacaq. Həm Şərq-Qərb istiqaməti və həm də əks istiqamət üzrə daha böyük həcmdə yüklərin daşınması bizim münasibətlərimizi daha da gücləndirəcək.

Nəticələrdən biri odur ki, Bolqarıstanla strateji tərəfdaşlığın artıq gücləndirilmiş versiyası rəsmən qəbul edilib, təsdiqlənib. Məqsəd ikitərəfli əməkdaşlığı dərinləşdirmək, yeni məzmunla zənginləşdirmək və strateji tərəfdaşlar kimi birgə səylər göstərməkdir.

Meydanəli Yolçiyev,
YAP Daşkəsən rayon təşkilatının sədri