13 may 2024 12:12
508

Azərbaycan tərəfdaş ölkələrlə fəal iş aparır

“Cənab Prezident, Sizi əmin etmək istəyirəm ki, bizim birgə marağımız və istəyimiz ondan ibarətdir ki, ölkələrimizin geosiyasi, geostrateji yerləşməsini nəzərə alaraq, təkcə enerji, nəqliyyat və əməkdaşlıq deyil, digər sahələrdə də strateji mövqeyə malik olaq. Biz əlimizdən gələni edəcəyik ki, bütün sahələrdə, xüsusilə də bağlantı məsələsində regionlarımızda sabitliyi təmin edək. Biz Asiya və Avropa arasında əlaqələrin intensivləşməsinə töhfə veririk və bu, bizim üçün prioritetdir.” Bu günlərdə ölkəmizdə rəsmi səfərdə olan Bolqarıstan Prezidenti Rumen Radev bu fikirləri ilə etibarlı tərəfdaş kimi nüfuz qazanan Azərbaycanla əməkdaşlığa xüsusi önəm verildiyini və əlaqələrin inkişafında maraqlı olduqlarını bir daha diqqətə çatdırdı.

Azərbaycan və Bolqarıstan arasında əlaqələrin zəngin tarixi vardır. Ölkələrimiz arasında diplomatik münasibətlər 1992-ci il iyunun 5-də qurulub. 1999-cu ildə Bolqarıstanın Bakıda səfirliyi, 2005-ci ildə isə Azərbaycanın Sofiyada səfirliyi fəaliyyətə başlayıb.  Qarşılıqlı hörmət və etimad üzərində qurulmuş Azərbaycan-Bolqarıstan əlaqələri ötən müddət ərzində siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə dinamik şəkildə inkişaf edib və ölkələrimiz arasında səmərəli əməkdaşlıq formalaşıb. Bu il ölkələrimiz arasında diplomatik əlaqələrin yaranmasının 32-ci ildönümü qeyd olunacaq. Münasibətlərimiz Prezident İlham Əliyevin 2015-ci ildə  Sofiyaya rəsmi səfəri zamanı imzalanmış Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə ilə keyfiyyətcə daha yeni  səviyyəyə yüksəlib. Bolqarıstan Prezidentinin bu səfəri əlaqələrimizdə yeni səhifənin açılması kimi dəyərləndirilir. Səfər çərçivəsində Strateji tərəfdaşlığın gücləndirilməsi haqqında Birgə Bəyannamə imzalandı. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, bu, münasibətlərimizin inkişaf səviyyəsinin göstəricisidir.

Prezidentlərin təkbətək və geniş tərkibdə görüşlərində, mətbuata birgə bəyanatlarında əsas diqqət göstərilən məsələlərdən biri  enerji sektorunda əməkdaşlıq oldu. Bu mühüm istiqamət də xüsusi vurğulandı ki, hazırda yaşıl enerji sahəsində əlaqələr gündəliyin əsas məsələsidir. Dövlət başçısı İlham Əliyev bildirdi ki, Azərbaycan tərəfdaş ölkələrlə, o cümlədən Bolqarıstanla bu istiqamətdə çox fəal iş aparır. Bir neçə aydan sonra hazır olacaq texniki-iqtisadi əsaslandırma işlərin başlanması üçün gözəl zəmin olacaq. Azərbaycan Avropa məkanı üçün təkcə neft-qaz deyil, eyni zamanda, yaşıl enerji təchizatçısı kimi özünü göstərəcək. Potensial kifayət qədər genişdir və bu barədə ilin sonunda ölkəmizin ev sahibliyi edəcəyi COP29 konfransında da danışacağıq. Cənab İlham Əliyev Bolqarıstan  Prezidentini  tədbirdə iştirak etmək üçün Azərbaycana dəvət etdi.

Mayın 7-də ölkəmizdə səfərdə olan Slovakiyanın Baş naziri Robert Fitso ilə cənab İlham Əliyevin keçirdiyi görüşlərdə, mətbuata bəyanatlarında da enerji sahəsində əməkdaşlığa xüsusi diqqət yönəldildi. Qeyd edək ki, münasibətlərin gələcək inkişafına xidmət edən  mühüm sənədlər imzalandı. Bunlar “Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə”, “Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında hərbi-texniki əməkdaşlıq sahəsində Anlaşma Memorandumu” və “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş”dir. Cənab İlham Əliyev mətbuata bəyanatında bu sənədlərdən geniş bəhs edərək vurğuladı ki, bu gün imzalanan sənədlər arasında, müdafiə və müdafiə sənayesi sahələrinə aid sənədlər var. Bu iki istiqamət üzrə geniş fikir mübadiləsi aparıldı və müdafiə sənayesi sahəsində birgə istehsal sahələrinin yaradılması haqqında da artıq konkret danışıqlara  start verilmişdir. Cənab İlham Əliyevin bu fikirlərinin davamı olaraq Slovakiyanın Baş naziri bildirdi ki, əməkdaşlığı, xüsusilə hərbi sahədə əməkdaşlığı yüksək qiymətləndirirəm. Azərbaycanda birgə istehsal sahələrinin yaradılması fikri hər kəs üçün cəlbedici olmalıdır: “Biz bunun müəyyən detallarını artıq müzakirə etdik və bizim Baş nazirin müavini, müdafiə naziri cənab Kalinak bu sahədə də çox böyük fəallıq göstərir. O da əlindən gələni edəcək ki, bu layihələr uğurlu olsun.”

Xarici siyasətində ikitərəfli əlaqələrin inkşafına xüsusi önəm verən Azərbaycan əməkdaşlığın bütün sahələri əhatə etməsində maralıdır. Bunu atdığı addımları ilə təsdiqləyir. Əlaqələrin gələcək inkişafı üçün yeni imkanlar yaranır.

Abil Ağasəfov,
​YAP Qəbələ rayon təşkilatının sədri