13 may 2024 12:10
316

ABŞ hərbi komandanlığının bu qərarı bir daha təsdiqləyir ki... - HƏRBİ EKSPERTDƏN AÇIQLAMA

“ABŞ ordusunda xüsusi təyinatlı qüvvələrin sayının artırılması ilə bağlı verilən qərar Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörənliyinə, hərbi məharət və səriştəsinə dəlalət edir”.

“İki sahil” xəbər verir ki,  bunu Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Prezident İlham Əliyevin illər öncə Azərbaycan ordusunda həyata keçirdiyi bu islahatın Amerika ordusunda yalnız indi gerçəkləşməsi, Müzəffər Ali Baş Komandanın uzaqgörənliyindən xəbər verir:

“44 günlük Vətən müharibəsindən sonra Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan Silahlı Qüvvələrində xüsusi təyinatlı qüvvələrin sayının əhəmiyyətli dərəcədə artırılması prosesi həyata keçirildi. Yalnız Müdafiə Nazirliyində deyil, digər qoşun növlərində də xüsusi təyinatlı qüvvələrin sıralarının genişləndirilməsi baş verdi ki, bu da zərurətdən irəli gəlirdi.

Müzəffər Ali Baş Komandan öz çıxışlarında dəfələrlə bildirmişdir ki, Vətən müharibəsinin gedişatı və nəticəsi xüsusi təyinatlı qüvvələrin önəmini göstərdi. Müharibə göstərdi ki, müasir hərbi əməliyyatlarda xüsusi təyinatlı qüvvələrin rolu həlledicidir. Bu səbəbdən də ölkəmizdə xüsusi təyinatlı qüvvələrin sayı artırılmaqla yanaşı, Komando Qüvvələri də yaradıldı. Ali Baş Komandan Komando Qüvvələrinin hərbi hissələrinin açılışında şəxsən iştirak etdi, onlara fəaliyyətində uğurlar arzuladı.

Bu günlərdə Ukraynadakı müharibənin nəticələrini təhlil edən ABŞ hərbi komandanlığı ordudakı xüsusi təyinatlı qüvvələrin sayının artırılmasına qərər verib. Amerikalı hərbi mütəxəssislər etiraf edib ki, Ukrayna müharibəsi bir daha göstərdi ki, müharibə zamanı önəmli olan ordunun sayı yox, onun keyfiyyəti, peşəkarlıq səviyyəsidir. Bu səbəbdən də ABŞ komandanlığı orduda ümumi ixtisarlar aparmaqla yanaşı, xüsusi təyinatlı qüvvələrin sayının artırılmasına qərar verib. Hansı ki, Prezident İlham Əliyev 4 il bundan öncə - Vətən müharibəsindən dərhal sonra Azərbaycan Ordusunda bu islahatı həyata keçirib.

Bu müqayisə bir daha sübut edir ki, Azərbaycan bir çox məsələlərdə superdövlətləri belə qabaqlamağı bacarır və biz bütün bu uğurlara görə heç şübhəsiz Müzəffər Ali Baş komandanımıza, onun hərbi-siyasi uzaqgörənliyinə borluyuq”.