13 may 2024 11:22
332

Qarabağ və Şərqi Zəngəzur bölgələri nəinki Azərbaycanın, Qafqazın, dünyanın ən gözəl yerlərindən biri olacaq

“Qarabağın tacı, Azərbaycanın döyünən ürəyi Şuşanın yeni tarixi başlayıb. Dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə mayın 10-da Şuşada birinci yaşayış kompleksi istifadəyə verildi və şəhərə köçmüş ilk sakinlərlə görüş keçirildi. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümündə reallaşan bu mühüm hadisə hər birimizi daha da qürurlandırdı. Dövlət başçısının ötən il Ümummilli Liderin 100 illiyi münasibətilə xalqa  müraciəti də bu məkandan oldu. Cənab İlham Əliyev həmin müraciətində böyük qürur hissi ilə bildirdi ki, Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Şuşanı, Qarabağı və Zəngəzuru azad görmək idi. Biz onun və bütün Azərbaycan xalqının, bütün dünya azərbaycanlılarının arzusunu çin etdik. Həmin müraciətdə, həmçinin qeyd edildi ki, mən bu təbrik müraciətimi Bakıdan da edə bilərdim. Amma hesab etdim ki, bu gün burada olmalıyam, Şuşada olmalıyam, bu binanın önündə olmalıyam. Şuşa Zəfərimizin rəmzidir, Şuşa Zəfərimizin tacıdır. Şuşa işğaldan azad olunanda, bu meydanda qəhrəman Azərbaycan hərbçiləri mənə Şuşanın azad olunması ilə bağlı raport vermişlər. Bu binanın damında Azərbaycan Bayrağı qaldırıldı və Şuşanın azad olunması tarixi Zəfərimizin əsas hissəsi idi. Dövlətimizin başçısı Şuşaya köçən ilk sakinlərlə görüşündə də  bu çağırışı etdi ki,  Şuşa bizim əyilməz ruhumuzun rəmzidir. Şuşa hər bir Azərbaycan vətəndaşının qəlbində elə bir böyük iz buraxıb ki, Şuşasız müharibənin uğurla başa çatması mümkün deyildi.”

“İki sahil” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Nurlan Həsənov bildirib.

Nurlan Həsənov qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev sakinlərlə görüşündə Azərbaycanın 30 illik işğal dövründə dünyanın ikili standartlara əsaslanan siyasəti ilə üz-üzə qalmasından, Azərbaycanın haqq səsinin dünyaya çatdırılması istiqamətində gördüyü işlərdən, 44 günlük İkinci Qarabağ müharibəsində rəşadətli Ordumuzun gücündən, qüdrətindən, hər günü tariximizə Zəfər səhifəsi kimi yazmasından, həmçinin postmünaqişə dövrünün reallıqları fonunda işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərindən, Azərbaycanın Ermənistana sülh təklifindən geniş bəhs etdi. Bu gün Qarabağdayıq, Şərqi Zəngəzurdayıq. Azərbaycan Bayrağı işğaldan azad edilmiş bütün torpaqlarımızda dalğalanır.

Millət vəkili qısa müddətdə Şuşada görülən işlərdən, mədəniyyət paytaxtımızın dirçəlməsindən bəhs edib: “İşğaldan azad edilmiş digər torpaqlarımız kimi, Şuşa da müasir tələblər əsasında qurulur, cənnət məkana çevrilir. Tarixi və dini abidələrimiz bərpa edilir.  Bərpa-quruculuq işlərinə infrastruktur layihələrinin icrası ilə başlanıldı. Füzulidən Şuşaya Zəfər yolu çəkildi. Hazırda isə yeddi tuneli, doqquz viaduku, bir çox körpüləri olan dördzolaqlı   yol çəkilir. Dövlət başçısı İlham Əliyev  bu yolun gələn ilin sonuna qədər  hazır olacağını bildirdi. Ölkə Prezident səfər çərçivəsində  Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda aparılan işlərlə tanış oldu, bu yolda inşa edilmiş birinci tunelin açılışında iştirak etdi. Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu başlanğıcını Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürməklə, işğaldan azad edilmiş Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarını birləşdirir. Cənab İlham Əliyevin Füzuliyə, Şuşaya, Laçına səfəri çərçivəsində açılışında və təməlqoyma mərasimində iştirak etdiyi  sosial obyektlərə diqqət yetirmək kifayətdir. Bir səfər ümumilikdə bərpa-quruculuq işlərinin sürətlə aparıldığını nümayiş etdirir. Soydaşlarımızın  mərhələ-mərhələ qayıdışı davamlılığı ilə diqqətdədir. Dövlətimizin başçısı İlham Əliyev bildirdi ki, Qarabağ və Şərqi Zəngəzur bölgələri nəinki Azərbaycanın, Qafqazın, dünyanın ən gözəl yerlərindən biri olacaq Buranın təbiəti, gözəl mənzərələri, yaşıllıqlar, bulaqlar müasir və eyni zamanda, ənənəvi üslubda inşa edilən binalarla tamamlanır. Elə bir gözəl şəhər yaradılır ki, hər birimiz, hər bir azərbaycanlı bununla fəxr edəcək. Bu gün artıq Şuşa altıncı yaşayış yeridir ki, keçmiş köçkünlər buraya qayıdır. Bu gün, eyni zamanda, Laçının Sus kəndinə də keçmiş köçkünlərin qayıdışı  həyata keçirilir. İlin sonuna qədər ən azı 20 yaşayış məntəqəsində artıq həyat bərpa ediləcək.”

Nurlan Həsənov vurğulayıb ki, Şuşada, Cıdır düzündə VII “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının və “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin açılış mərasimi keçirildi: “Dövlət başçısı İlham Əliyev açılış mərasimindəki çıxışında bir daha bildirdi ki, ölkəmizdə bir çox beynəlxalq tədbirlər, musiqi festivalları, mədəni tədbirlər keçirilir. Təbii ki, Şuşa şəhərinin İslam dünyasının mədəniyyət paytaxtı olması  əlavə imkan verəcək ki, öz mədəniyyətimizi həm müsəlman ölkələrinin, həm də dünya ictimaiyyətinə çatdıraq. Şuşanın azad edilməsi tariximizin parlaq səhifəsidir.  Şuşa mədəniyyət ocağı kimi tanınsa da, hazırda  qəhrəmanlıq, zəfər  və sülhün rəmzidir. Məhz Şuşanın azad olunmasından sonra işğalçılar tam anladılar ki, müqavimət göstərmək onlara heç nə verməyəcək.”

Millət vəkili belə bir ümumiləşdirməni aparıb ki, Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycanı bundan sonra daha möhtəşəm uğurlar, Zəfərlər gözləyir. Müzəffər Ali Baş Komandan İlham Əliyev Qarabağın tacı, islam dünyasının mədəniyyət paytaxtı Şuşadan bu arzunu çatdırdı: “Qoy, bundan sonra burada ancaq musiqi sədaları səslənsin.”