13 may 2024 10:42
308

Azərbaycan ilə Bolqarıstan arasında münasibətlər hər zaman müsbət dinamikası ilə seçilib

Qarşılıqlı hörmət və etimad üzərində qurulmuş Azərbaycan-Bolqarıstan əlaqələri ötən müddət ərzində siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə dinamik şəkildə inkişaf edib və ölkələrimiz arasında səmərəli əməkdaşlıq formalaşıb, iki ölkə arasında 60-dan çox sənəd imzalanıb. Bolqarıstan Avropada ölkəmizə dost, ən etibarlı tərəfdaş ölkələrdən biridir. Azərbaycanla Bolqarıstan arasında 2015-ci ildə strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanmış və ötən dövrdə iki dövlət arasında əlaqələr uğurla inkişaf etmişdir. Dövlətlər arasında fəal siyası əlaqələr mövcuddur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev arasında şəxsi dostluq ölkələr arasında da dostluq əlaqələrinin möhkəmləndirilməsinə böyük töhfə verir. Bolqarıstan Azərbaycanı Cənubi Qafqazda və Qara dəniz regionunda prioritet, strateji və etibarlı tərəfdaş hesab edir.

8 may tarixində Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfərə gəlməsi Azərbaycanla Bolqarıstan arasında mövcud əlaqələrin daha da möhkəmləndirilməsinə zəmin yaratdı. Prezident İlham Əliyev Bolqarıstan Prezidentinin Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata bəyanatla çıxış etdi.  Azərbaycanla Bolqarıstan arasında strateji tərəfdaşlıq münasibətlərinin gücləndirilməsinə dair Bəyannamənin imzalanması əlaqələri daha yüksək səviyyəyə çatdıracaq. 2024-cü ildə  Azərbaycandan Bolqarıstana ixrac ediləcək qazın həcmi bu ölkənin illik sərfiyyatının 55 faizini keçəcəyi gözlənilir. Bu önəmli rəqəmlər mayın 8-də  Bakıda keçirilən Azərbaycan-Bolqarıstan biznes forumunda rəsmən açıqanıb. Eyni zamanda,  rəsmi Buxarest Azərbaycanda istehsal olunan “yaşıl enerji”nin Gürcüstan vasitəsilə Avropa İttifaqına tədarükü layihəsində iştirak etmək niyyətində olduğunu bildirib.

Son vaxtlar Azərbaycan və Bolqarıstan arasında enerji sahəsindəki əməkdaşlıq ticarət dövriyyəsinin bir neçə dəfə artmasına səbəb olub. Təbii qaz təchizatı sahəsində ildən-ilə Azərbaycan qazının Bolqarıstana ixracı artmaqdadır. Əgər 2022-ci ildə cəmi 600 milyon kubmetr qaz ixrac edilmişdisə, 2023-cü ildə bu rəqəm 1 milyard 250 milyon kubmetr olub. Cari ildə isə 1,5 milyard kubmetr Azərbaycan qazı Bolqarıstana ixrac ediləcək. Bu isə Bolqarıstanın qaz istehlakının təqribən 50 faizini təşkil edir. Bütün bunlarla yanaşı Bolqarıstan qaz nəqli istiqamətində həm də önəmli tranzit ölkəyə çevrilib. Hazırda Azərbaycan qazı Bolqarıstan ərazisindən digər qonşu ölkələrə ixrac edilir və gələcəkdə bu ölkələrin sayı daha da artacaq. Prezident İlham Əliyevin təşəbbüsü ilə inşa edilmiş Bakı-Tbilisi-Qars dəmir yolu Orta Dəhlizin bir seqmenti olaraq Şərqdən Qərbə və əks istiqamətdə yük daşımalarına böyük töhfə verir. Dəmir yolunun Azərbaycan dövlətinin sərmayəsi ilə modernləşdirilməsi nəticəsində yükdaşımaların həcmi hər il artmaqdadır. Bu gün bir çox dövlətlər bu marşrut xətti ilə yükdaşımalarını həyata keçirir. Azərbaycanla Bolqarıstan arasında nəqliyyat sahəsində də əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində mühüm işlər aparılır.

Azərbaycan Avropa məkanı üçün təkcə neft-qaz təchizatçısı kimi deyil, eyni zamanda, yaşıl enerji təchizatçısı kimi özünü göstərəcək. Azərbaycan tərəfdaş ölkələrlə, o cümlədən Bolqarıstanla  bu istiqamətdə çox fəal iş aparır.

Ayaz Cəbrayılov,

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri