13 may 2024 10:30
338

Azərbaycan Qərb ölkələri ilə hərbi və hərbi-texniki sahədə uğurla əməkdaşlıq edir

 Son dövrlər Azərbaycan nəinki hərb sahəsində, həm də siyasi və iqtisadi  tərəfdaşlıq sahəsində bir çox uğurlara imza atmışdır. Cənab Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi xarici siyasətin nəticəsində bir çox ölkələr bizimlə əlaqələrini genişləndirmək istəyindədirlər. Bu baxımdan 7 may 2024-cü il tarixi Slovakiya-Azərbaycan əlaqələri üçün əlamətdar gün olaraq tarixə yazıldı.

Belə ki, Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun Azərbaycana rəsmi səfəri Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açdı. Səfər çərçivəsində strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanmışdır. Bu, çox ciddi siyasi sənəddir və əlaqələrimizi ən yüksək səviyyəyə qaldıran sənəddir. Strateji tərəfdaşlıq Bəyannaməsində əks olunan maddələr hər iki tərəfin məqsəd və məramını əks etdirir, həm də gələcək əməkdaşlığın perspektivlərini də müəyyən edir. Bəyannamədə bir çox sahələr üzrə aparılacaq işlərlə bağlı önəmli razılıq əldə olunub. Lakin müdafiə və müdafiə sənayesi sahələrinə aid sənədlər üzrə daha geniş fikir mübadiləsi aparılmışdır.

“Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında hərbi-texniki əməkdaşlıq sahəsində Anlaşma Memorandumu” və “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş”i imzalanmışdır. Əminliklə deyə bilərik ki, hər iki saziş Azərbaycanın müdafiə sənayesindəki potensialını artıracaqdır. Doğrudur, Azərbaycan bir sıra Avropa İttifaqı və Qərb ölkələri ilə hərbi və hərbi-texniki sahədə uğurla əməkdaşlıq edir.

Qeyd olunan sənədlər isə bu sahədə yeni təcrübə qazanmaq və Azərbaycanla Slovakiya arasında birgə istehsal sahələrinin yaradılması haqqında konkret danışıqlar aparmaq üçün zəmin yaratmış oldu.

Şəlalə Seyidova,

YAP Şamaxı rayon 9 saylı ƏPT-ın  sədr müavini