11 may 2024 00:25
388

Fuad Qəhrəmanlı riyakarlığı “şefi” və “ustadı” Əli Kərimlidən öyrənib

Əyriyə yer yoxdur düz aləmində, əyri də düz gedir öz aləmində… 

AXCP sədri Əli Kərimlinin sağ əli olan Fuad Qəhrəmanlının yenə sosial şəbəkələrdəki həqiqətdənkənar düşüncələrini cəmiyyətə sırımaq istəyi heç cür baş tutmur. Bu zatın əsas məqsədi saxta, dayaz, reallıqları əks etdirməyən, qərəzli təhlilləri ilə cəmiyyətin, necə deyərlər, beynini gəmirərək ictimai rəyi çaşdırmaq, siyasi qazanc əldə etmək, ən əsası isə xarici qrant fondlarının diqqətini çəkməkdir. Şübhəmiz yoxdur ki, F. Qəhrəmanlı bütün bunları “şefi” və “ustadı” Ə.Kərimlidən öyrənib. Bu antimilli ünsürlər şəxsi ambisiyaları və maraqları naminə nəinki anti-Azərbaycan dairələrlə, hətta şeytanla da işbirliyinə gedərlər. Müqəddəs Qurani Kərtimdə deyilir ki, insanları aldatmaq üçün bəzəkli sözlər seçmək, yalanlarını ört-basdır edə bilmək üçün cazibədar ifadələr istifadə etmək və fəlsəfi şərhlər etmək şeytani işlərdəndir.

F.Qəhrəmanlı bu günlərdə özünün sosial şəbəkə hesabındakı yazısında öz aləmində Cənubi Qafqazda baş verən prosesləri və bunların fonunda Rusiya-Ermənistan, Azərbaycan-Rusiya, Ermənistan-Azərbaycan, Qərb-Rusiya münasibətlərini, eləcə də N.Paşinyanın Rusiya səfərini “təhlil” edib.  Əlbəttə həyata, təbiətə, siyasi proseslərə hər kəsin öz baxış bucağı, fərqli düşüncələri var. Hamı həqiqətləri eyni cür hiss edib eyni cür anlamır. Ancaq iş orasındadır ki, F.Qəhrəmanlı daradikal müxalifət düşərgəsindəki digər “əqidədaşları” kimi reallıqları bilərəkdən təhrif edir,  şərh etməyə çalışdığı  həmin məsələlərdə reallıqları özünün yalan, məkrli təbliğatının arxasında gizlətməyə çalışır. Xüsusilə AXCP sədrinin həşəmətli müavininin bu məsələləri, belə demək mümkünsə “şərh” edərkən ölkəmizə qarşı riyakar mövqe sərgiləməsi qəbuledilməzdir.

Məsələ orasındadır ki, F.Qəhrəmanlı həmin yazısının demək olar ki, hər abzasında, hətta hər cümləsində özü-özünü təkzib edir. Məsələn, o, yazır ki, Azərbaycan regional məsələlərin həllində ən çox şimal qonşusu ilə məsləhətləşir. Digər tərəfdən “Azərbaycanla münasibətlərdə hər şeyin birtərəfli qaydada Moskvanın iradəsi ilə diktə olunduğunu demək doğru yanaşma deyil” yazaraq həqiqətlərin qarşısında aciz duruma düşərək reallıqları etriraf etməyə məcbur olur: “Əgər bu gün Kreml özünə bağlı müxalifətin olduğu , daxilində ordusu yerləşən, enerji və nəqliyyat infrastrukturuna nəzarət etdiyi, iqtisadi baxımdan ozündən asılı halda olan Ermənistana güzəştə getməyə məcburdursa, o zaman təhlükəsizlik baxımından Türkiyənin dəstəyinə arxalanan və heç bir iqtisadi asılılığı olmayan Azərbaycan nəyə görə Moskvanın diktəsi ilə davrasın ki ? Etiraf etmək lazımdır ki, bu yanaşmada məntiq yoxdur və 3-4 il öncə keçərli olan bu qiymətləndirmə indi vaxtı keçmiş bir  yanaşmadır. Bu baxımdan  Azərbaycan və Rusiya münasibətlərindəki indiki yaxınlıq heç də təktərəfli qaydada Moskvanın hegemonluğuna bağlı məsələ deyil”.

Müdriklərimiz deyiblər ki, həqiqət əsasdır, dəyişməzdir. Həqiqət elə bir gerçəklikdir ki, hamı onun qarşısında acizdir. Hətta F.Qəhrəmanlı da. Əslində AXCP sədrinin müavini da yaxşı bilir ki,  güclü Azərbaycanla heç kim diktə, hədə-qorxu, təzyiq dili ilə danışa bilməz. Bu istiqamətdə edilən bütün cəhdlər əbəsdir. Biz bunu dəfələrlə demişik, indi də deyirik. Nə yazıq F.Qəhrəmanlı kimilər öz korporativ maraqları, ambisiyaları naminə həqiqətləri görməzlikdən gələrək hələ də öz çirkin fəaliyyətləri ilə düşmən dəyirmanına su tökməkdə davam edirlər. Bu yoldan dönsələr daha yaxşı olar. Belələrinə tövsiyəmiz odur ki, nəhayət, özlərində cəsarət tapıb düz yola gəlsinlər...

Zahid Rza, “İki sahil”