11 may 2024 02:16
488

Xoruzun quyruğu göründü...

Ermənistanın üçüncü prezidenti Serjik Sarkisyan ölkədən niyə  qaçdı?

Səbəbini açıqlamaq üçün bir az əvvəldə baş verənlərə nəzər salmaq lazım gəlir. Azərbaycanla sərhəd Kirants kəndindən keşiş Baqratın başçılığı ilə başlayan etiraz yürüşü artıq mayın 9-da İrəvana çatıb. Yürüşün delimitasiyanın dayandırılması tələbi ilə İrəvanda böyük mitinqlə başa çatması, mümkün olarsa, bunun genişləndirməsi və paytaxtda qarışıqlıq salıb baş nazir Nikol Paşinyanın istefasına nail olmaq hədəflənir. Çıxışlarının birində keşiş baş nazir olmaq iddiasını da səsləndirib. Məlumat gəzir ki, bu tapşırıq etirazların təşkilatçılarına ölkə xaricindən gəlib. Daşnaklar, revanşistlər və casuslar xaricdəki həmin mərkəzin əmrlərini yerinə yetirirlər. Bildirirlər ki, həmin xarici ölkənin rezidenturası Eçmiədzin kilsəsidir. Rezidentlər isə keçmiş prezidentlər Robert Koçaryan və Serjik Sarkisyandır.

Ancaq məhz bu ərəfədə məlum olub ki, Ermənistanın üçüncü prezidenti, Xocalı qatili Serjik Sarkisyan gözlənilmədən ölkədən çıxıb . Partiyasından verilən açıqlamada isə guya onun Almaniyaya “illik müayinə üçün” getdiyi bildirilib. Qəribədir. Bəyəm Ermənistanda həkim, tibbi ləvazimat yoxdurmu?

Erməni mediası isə eks-prezidentin qəfil yoxa çıxmasını tamam başqa cür izah edir. Mətbuat məhz keşiş Baqratın rəhbərlik etdiyi aksiyada “qulaqlarının görünməməsi üçün” (ifadə erməni mediasına məxsusdur) onun ölkədən qaçdığını yazır. Bu isə dolayısı ilə Baqratın planlaşdırılmış yürüşdən nəticə gözləyənlərin artıq məğlubiyyətə uğradığının təsdiqidir.

Əvvəla xatırladaq ki, Tavuş hadisələri başlayan gündən bir çox erməni politoloqları özlərini "kol arxasında" gizlədən əsas təşkilatçılar haqqında təxmini ehtimallar irəli sürürdülər. Müəlliflər mülahizələri ilə etirazların Robert Koçaryanla Serjik Sarkisyan tərəfindən təşkil edildiyini iddia edirdilər. Xaricdən idarə olunan bu adamların xüsusi tapşırıq yerinə yetirdikləri də bildirilirdi. İrəvanı bürümüş siyasi sis-duman ayazıdıqca təşkilatçıların siluetləri görünməkdədir.

Zahiri görünüşü ilə insanabənzər paranoidi xatırladan Serjik Sarkisyanın adamları onun ölkədən qaçmasına gülünc bir bəhanə tapıblar. Müdafiəçilərinin dediklərindən belə çıxır ki, baş nazirlik iddiasında olan bu insanabənzərdə o qədər ağır xəstəliklər tapılıb ki, düz bir il müddətinə müayinəyə getməli olub. Yəni, Serjikin mərəzlərini Ermənistandakı həkimlər nə müəyyən edə, nə də müalicə edə bilirlər. Açıq görünür ki, uydurma “müalicə” məsələsi onun ölkədən qaçmasını pərdələmək üçündür. Bir zamanlar beynəlxalq təşkilatların kürsülərində xoruz kimi banlayan, avropalı parlamentarilərə xocalılıları necə qırdıqlarından lovğalıqla danışan Serjik indi canının hayında qalıb. Əslində isə qaçmasının səbəbi həbs olunmaqdan, törətdiyi cinayətlərə görə cavab verməkdən yayınmaqdır. Yaxşı başa düşür ki, həbs olunub istintaqa cəlb olunarsa oğurladığı yüz milyonlarla pulun, oğulları döyüş əməliyyatlarında öldürülən valideynlərin suallarının cavabını verməlidir. İşğal illərində Qarabağda narkotik plantasiyalarından əldə etdiyi milyonlara pula xarici ölkələrdə aldığı restoranların, mehmanxanaların, dəbdəbəli villaların sayını və yerini göstərməlidir, onları hansı pula aldığını açıqlamalıdır. Üstəlik, Xocalıda qəddarcasına işgəncələrlə qətlə yetirdiyi insanların  incidilmiş ruhları qarşısında da cavab verməlidir. Bəli, Serjikə veriləcək suallar çoxdur. Ancaq hara qaçırsa-qaçsın öz millətinin qəzəbindən heç yerdə gizlənə bilməyəcək, bir gün onun üçün də ədalət divanı qurulacaq. Bəlkə də Bakıda qurulacaq, onu da zaman göstərəcək...

Vəli İlyasov, "İki sahil"