10 may 2024 23:58
379

Azərbaycan Avropada nüfuz dairəsini artırır

Qlobal kontekstdə dövlətlərarası münasibətlərin əsas xəttini qarşılıqlı maraqların kəsişməsi təşkil edir. Bundan əlavə, hər bir dövlətin yerləşdiyi coğrafi mövqe, onun tranzit imkanları, sərvətləri, siyasi və hərbi gücü də əlaqələrdəki tempə müəyyən dərəcədə təsir edərək, inkişafına zəmin yaradır. Bu baxımdan da siyasi cəhətdən çətin coğrafiyada yerləşən Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra onunla qarşılıqlı münasibətləri inkişaf etdirmək, əlaqələri dərinləşdirmək  və möhkəmləndirmək istəyən dövlətlər daha da artmağa başladı. Biz bunu üç ildən çox müddət ərzində müşahidə edirik. Bütün bunları şərtləndirən digər amillər isə Azərbaycandakı iqtisadi yüksəliş, ictimai-siyasi sabitlik, vətəndaş həmrəyliyidir ki, dövlətimizə yeni tərəfdaşlar qazandırır, həmçinin də beynəlxalq səviyyədə nüfuzunu artırır.

Bir neçə gün əvvəl Slovakiyanın Baş naziri Robert Fitsonun və  Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfərləri də əməkdaşlığın inkişafı, tərədaşlığın dərinləşdirilməsi baxımından olduqca məhsuldar keçdi.  Belə ki, hər iki ölkənin rəhbər şəxslərinin səfəri zamanı çox mühüm sənədlərin imzalanması əməkdaşlığa verilən böyük önəmin göstəricisidir və dövlətlərimizin milli maraqlarına uyğun hadisə kimi yadda qaldı. Strateji tərəfdaşlıq haqqında Birgə bəyannamələr də ölkəmizə Avropada yeni tərəfdaşlar qazandırmaqla bərabər, Azərbaycanın nüfuz dairəsini artıracaq.

Slovakiya ilə müdafiə və müdafiə sənayesi sahəsində əməkdaşlığa dair sənədin imzalanması da Azərbaycanın hərbi sənaye sahəsində müxtəlif ölkələrlə geniş əlaqələrin yaradılması  və bu sahədə aparılan uzaqgörən siyasətin tərkib hissəsidir. Bu da Azərbaycanın  hərbi istehsalının artmasına, müdafiə, radioelektronika, cihazqayırma sahələrinin inkişafına müsbət təsir edəcək.

Bu günlərdə əldə olunan razılşamalar, keçirilən mütəmadi görüşlər gələcək fəaliyyət üçün də müsbət tendensiyanı özündə ehtiva edir. 2022-ci ildə Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun əhəmiyyəti zaman keçdikcə daha artır və bu cəhətdən Avropa dövlətlərini də cəlb edir. 

Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan Azərbaycan hazırda 8 ölkəyə öz təbii qazını ixrac edir. Azərbaycan Prezidentinin  və Slovakiya Baş nazirinin mətbuata bəyanatları zamanı 9-cu ölkənin də Slovakiya olacağı məsələsi də müzakirə edildi. Bu prosesin təməli isə 2023-cü ildə “Həmrəylik Halqası” sənədinin imzalanması ilə qoyulmuşdu. 

Bu ölkə ilə əməkdaşlıq çoxşaxəli olduğu üçün qeyd edə bilərik ki, 2023-cü il sentyabrın 6-da Boris Kolların rəhbərlik etdiyi Slovakiya nümayəndə heyəti işğaldan azad edilmiş ərazilərimizə səfəri çərçivəsində Ağdam rayonunun Baş Qərvənd kəndində olmuşdu.  Bu cür səfərlərin nəticəsi olaraq razılaşdırıldı ki, Baş Qərvənd kəndinin yenidən qurulması Slovakiya Respublikasının mütəxəssisləri tərəfindən icra olunsun. Bu layihə Azərbaycan dövlətinin vəsaiti hesabına həyata keçiriləcək.  Amma burada tətbiq ediləcək “ağıllı həllər”in məhz Slovakiyanın mütəxəssisləri və mühəndisləri tərəfindən reallaşdırılması nəzərdə tutulur.

2015-ci ildən strateji tərəfdaş olan Azərbaycan və Bolqarıstan keçən illər ərzində əlaqələrini  sürətlə və uğurla inkişaf edirib və daha yüksək səviyyəyə qaldırıblar. Bunun bariz nümunsidir ki, ötən il hər iki dövlətin lideləri qarşılıqlı olaraq səfərlər etmişdilər. Fəal siyasi dialoq və enerji sektorundakı əməkdaşlıq Azərbaycanla Bolqarıstanı daha da yaxınlaşdırır, ikitərəfli əlaqələri isə daha da gücləndirir. Azərbaycan qazının daşınması üçün tranzit ölkə olan Bolqarıstanla, həmçinin önəmli layihələrdən olan yaşıl enerji kabeli məsələsi də müzakirə edilir. Bu da Azərbaycanın yaxın gələcəkdə Avropaya yaşıl enerji ixrac etməsinə təkan verəcək.

Elmir Səftərov,
Siyasi şərhçi