Onun siyasətbazlıq qədər də donosbazlıq məharəti var
AXCP sədri Əli Kərimli hər gün uyduduğu yalanları ilə cılızlaşmaqda davam edir. Onun sosial şəbəkə statusları birmənalı olaraq dövlətimizi və xalqımızı aşağılamağa hesablanıb. Həm də o hər dəfə bir yeni yalan uydurmasa dinclik və rahatlıq tapmır.
AXCP sədri indi də siyasi ekspertlik xülyasına qapılaraq geosiyasi hadisələri «qiymətləndirməyə» çalışır. Ancaq görünən odur ki, yenə də içinin üfunətini ölkəmizin üzərinə tökməyə cəhd edir. Bu bəşabəla «siyasətçi» sosial şəbəkə statusunda yazır: «Azərbaycanlıların mütləq əksəriyyəti bilir ki, Rusiya Ukraynanı qısa müddətdə işğal edə bilsəydi, növbəti hədəflərinin ilk sırasında Azərbaycan da olacaqdı. Yaxşı ki, Ukrayna xalqı Rusiyanın yeni imperiya ambisiyasını durdurmaqda, Qərb də bu haqq işində ona yardım etməkdədir. Maraqlıdır ki, ölkə vətəndaşlarının mütləq əksəriyyətinin başa düşdüyü bu sadə həqiqəti Azərbaycan hakimiyyəti nəyə görə başa düşmür? Rusiyanın yedəyində gedərək, beynəlxalq birliklə, Qərblə soyuq savaş aparmaq Azərbaycanın milli maraqlarına qətiyyən uyğun deyil. Hökumət mətbuatı, siyahı ilə təyin olunmuş deputatlar ABŞ-a, bütövlükdə Qərbə qarşı elə bir ritorika seçiblər ki, oxuyanda adama elə gəlir, SSRİ adlı imperiya hələ də yaşayır.»
Baxın və şahid olun ki, bir siyasi partiyanın rəhbəri nə qədər cılız düşüncəyə malikdir. O, hələ də anlamır ki, hər bir dövlətin öz siyasi və milli maraqları var. Bu gün Azərbaycan dövlətinin milli maraqlarını ciddi şəkildə qoruyan Prezident İlham Əliyev son dərəcə düşünülmüş balanslı siyasət yürüdür. Yəni, biz Rusiya ilə hansı məsafədəyiksə, Qərblə də eyni məsafədə dayanırıq. Çünki hər iki güc bu gün bir-biri ilə hərbi qarşıdurmadadır. Məhz son bir neçə ildə onların hərbi poliqonuna çevrilən ölkələr -Ukrayna, Suriya, Əfqanstan viran günə qalıblar. Cənubi Qafqazda daha iki ölkə Gürcüstanla Ermənistan da belə bir acı aqibətlə üzləşmək ərəfəsindədirlər.
Məhz Prezident İlham Əliyev Azərbaycanı elə bir qüdrətli ölkəyə çevirib ki, biz öz ərazi bütövlüyümüzü və təhlükəsizliyimizi öz gücümüzə təmin edərək prioritet hədəfələrimizə doğru mətin addımlarla irəliləyirik. Xatırladaq ki, məhz Əli Kərimlinin də təmsil olunduğu AXC-Müsavat cütlüyünün hakimiyyəti illərində birtərəfli siyasət və idarəçilikdəki populizm prinsipləri Azərbaycanın siyasi meydanda təklənməsinə səbəb olmuşdu. Rusiya, İran, hətta qardaş Türkiyə ilə normal dövlətlərarası münasibətlərin qurulmaması müstəqilliyini yenicə bərpa etmiş dövlətimizin iflasını sürətləndirmişdi. 1993-cü ildə Ulu Öndərin hakimiyyətə qayıdışı ilə Azərbaycan bu bəladan qurtardı.
Bəli, çox da uzaq olmayan bu tarixdən dərs ala bilməyən Əli Kərimli kimi avantüristlər bu gün hələ də dövlətçilik prinsipləndən çıxış edə bilmirlər. Çünki onlar bunu dərk edəcək qədər dərrakə sahibləri deyillər. Əvəzində dağıdıcı mövqeləri və antimilli fəaliyyətləri ilə Qərbin ( o Qərbin ki, bu gün hələ də Azərbaycanın İkinci Qarabağ müharibəsindəki tarixi Qələbəsini, Qarabağdakı separatçı xuntanın ləğvini həzm edə bilmirlər) antimilli sifarişlərini yerinə yetirirlər.
Bu gün dünyanın inkişaf etmiş ölkələrində olduğu kimi, Azərbaycan hakimiyyəti də konstruktiv müxalifətin olmasında maraqlıdır. Ona görə ki, müxalifətsiz cəmiyyət inkişafsız cəmiyyətdir . Adətən konstruktiv müxalifət hakimiyyətin qüsurlarını kənardan aydın görüb onu şərh edir, təkliflər verir, seçkilərdə rəqibinə qarşı bu faktlardan yararlanaraq sivil şəkildə mübarizə aparır. Lakin xaricdəki anti-Azərbaycan qüvvələr və onların ölkəmizdə sivil müxalifətin yaranmasına deyil, dağıdıcı müxalifətin formalaşmasına nail olublar. Onların ən bariz nümunəsi isə AXCP sədri Əli Kərimli və onun sosial şəbəkələrdəki trol dəstəsidir. Bunlarla siyasət yürüdənlər onlara inanıb arxasınca gedənlər varsa yazıq onların halına. Çünki onların səmərəsiz siyasi fəaliyyəti «axsaq atın kor nalbəndi» ifadəsinin real təcəssümüdür.
Bəli, Əli Kərimli feyk xəbərləri və böhtanları ilə ilə o qədər gülünc və cahil görünür ki, adam onun həqiqətən də partiya rəhbəri kimi siyasətlə məşğul olduğuna həm təəccüblənir, həm də təəssüflənir… Siyasətbazlıq qədər də donosbazlıq məharəti olan bu zatla eyni yolu gedənlərə də adamın yazığı gəlir…
Elçin Zaman, «İki sahil»