06 may 2024 14:32
225

Bəşəriyyəti narahat edən problemlərdən çıxış yolu

1-3 may tarixlərində ölkəmizdə “Sülh və qlobal təhlükəsizlik naminə dialoq: əməkdaşlıq və qarşılıqlı əlaqə” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşkil olunub. Qeyd edək ki, Prezident İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülmüş mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi”nin tərkib hissəsi olan Forumun əsası 2011-ci ildə qoyulub.

Forumun əsas məqsədi mədəniyyətlərarası əməkdaşlıq və dialoqun təşviqi üçün mühüm beynəlxalq platforma kimi “Bakı Prosesi”nin rolunu möhkəmləndirməkdir.

Forum Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, BMT-nin Sivilizasiyalar Alyansı (UNAOC), Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO), İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) və BMT-nin Ümumdünya Turizm Təşkilatının birgə tərəfdaşlığı ilə keçirilib.

Forum çərçivəsində 12 panel müzakirə və 4 plenar sessiya keçirilib. Müzakirə olunan mövzular təhsil, gənclər, iqlim dəyişikliyi, süni intellekt, mədəni irsin mühafizəsi, qanunsuz miqrasiya və digər sahələri əhatə edib.

Dünyanın 100-dən çox ölkəsinin aparıcı beynəlxalq təşkilatları, hökumət üzvləri, parlament sədrləri, müavinləri, beynəlxalq media nümayəndələri, beyin mərkəzləri, qeyri-hökumət təşkilatlarının qatıldığı forum iştirakçıları dünya üçün aktual olan çağırışlar və məsələləri müzakirə ediblər.

Forum çərçivəsində həmçinin bir sıra ölkələrdən 100-dən artıq dini liderin iştirakı ilə “Dinlərarası dialoq vasitəsilə etimadın möhkəmləndirilməsi” adlı plenar iclas keçirilib.  Forum iştirakçılarının işğaldan azad edilmiş ərazilərə səfər edib, Ağdam və Şuşada iki xüsusi panel sessiya keçirilib.

Qeyd edək ki, Bakıda ilk dəfə 2011-ci ildə keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu daha sonra 2013, 2015, 2017 və 2019-cu illərdə təşkil olunub. Ötən müddət ərzində Forumun coğrafiyası çox genişlənib, tədbirə qoşulan ölkə və qurumların sayı xeyli artıb. Forumlara ümumilikdə 10 mindən çox iştirakçı – hökumət rəsmiləri, beynəlxalq təşkilat və institutlardan rəhbər və nümayəndələr qatılıb. Eyni zamanda forumlar çərçivəsində 200-dən artıq müxtəlif formatlı və miqyaslı tədbirlər, plenar və panel müzakirələr, təqdimatlar təşkil olunub.

Bəşəriyyəti narahat edən çağırışların diqqət mərkəzinə çəkildiyi ötən beş Forum çərçivəsində aparılan müzakirələr, tərtib edilən sənədlər beynəlxalq təşkilatlar üçün əsas istinad rolunu oynayıb.

Onu da əlavə edək ki, ötən dövr ərzində “Bakı Prosesi” mədəniyyətlərarası dialoqa dair vacib qlobal platforma kimi qəbul olunub.

İradə Mürsəlova,
265 № li tam orta məktəbin ibtidai sinif müəllimi,
YAP Xətai rauon təşkilatının üzvü