13 aprel 2024 09:30
976

İŞİD-ləşən, ASALA-laşan və vəhşiləşən Fransa

Məlum olduğu kimi,  martın 22-də axşam saatlarında bir neçə silahlı şəxs Moskva vilayətində yerləşən “Crocus City Hall” konsert zalına soxularaq ziyarətçilərə və mərkəzin işçilərinə atəş açmışdı. Daha sonra konsert zalı yandırılmış, binada güclü yanğın baş vermişdi. Son məlumatlara görə, terror aktı zamanı 143  nəfər ölmüş, 360 nəfər insan  insan yaralanmışdı. Rəsmi Moskva tərəfindən bu terror aktını təşkil edənlərlə, törədənlərlə, həmşinin onun sifarişçiləri ilə əlaqədar müxtəlif versiylar irəli sürülmüşdü. Dünya ictimaiyyəti isə bu terror aktını qətiyyətlə pisləmiş  və terrorizmlə mübarizədə beynəlxalq tədbirlərin görülməsinə çağırımışdı. Bu günlərdə Rusiya Təhlükəsizlik Şurasının rəhbərinin müavini Dmitri Medvedev  həmin terror aktının arxasında Fransa və Emmanuel Makronun durduğunu bəyan edib.  

Çirkin niyyət

Bəri başdan qeyd edək ki, Makron son illər qlobal proseslərə neqativ tendensiyalar ixrac edir. Bu mənada  D.Medvedevin söylədikləri heç də təsadüfi deyil. Şübhəsiz, bu istiqamətdə aparılan araşdırmalar daha bir çox mətləblərə aydınlıq gətirəcək. Birmənalı şəkildə demək olar ki, bu, hər şeydən əvvəl, Azərbaycan və Rusiya arasında əlaqələrə xələl gətirmək, Rusiyada dini və etnik zəmində nifaq yaratmağa hesablanmış bir addım idi. Elə həmin terror aktının Azərbaycan əsilli iş adamına, daha doğrusu, Araz Ağalarova məxsus böyük musiqiçi Müslüm Maqomayevin adını daşıyan “Crocus City Hall”dakı konsert zalında törədilməsi də bu çirkin niyyətdən xəbər verir. Şübhəsiz, belə çirkin addımlar Rusiya ilə Azərbaycan arasındakı münasibətlərə əsla xələl gətirə bilməz. Çünki iki ölkə arasında həm siyasi, həm də iqtisadi müstəvidə yüksək səviyyədə əməkdaşlıq hökm sürür. Hətta ölkələrimiz arasında münasibətlər strateji əhəmiyyət kəsb edir. Elə bu səbəbdən iki ölkə bir-birini  strateji tərəfdaşlar adlandırırlar. Görünür, Rusiyanın, xüsusilə Azərbaycanın  apardığı neokolonizm siyasəti Afrikadan əli üzülməkdə olan Makronu sözün həqiqi mənasında əməlli-başlı havalandırıb. Elə belə terror aktını sifariş verməsi də onun havalanmasından irəli gəlir.

Milyonlarla insan Fransanının müstəmləkəçilik siyasətinin qurbanı olub

Afrika demişkən, bəli, bu  bir faktdır ki, sözügedən ölkədə milyonlarla insan Fransanının müstəmləkəçilik siyasətinin qurbanı olub. Təkcə bir faktı xatırladaq ki, yalnız Əlcəzairdə fransız ordusu 1,5 milyon insanı qətlə yetirib. Elə bu gün də rəsmi Paris bu siyasətini həyata keçirməkdə davam edir. Yəni, dünya dəyişsə də, Fransanın Afrika xalqlarına və dövlətlərinə münasibəti dəyişməyib. Dini ayrı-seçkiliyini davam etdirir. Elə bu kimi səbəblərdən də Fransa 500 il hökmranlıq etdiyi “qara qitə”dən sıxışdırılıb çıxarılır. Hətta Şimali Afrikada artıq Fransanın heç bir təsiri qalmayıb. Makron Afrika liderlərini hədələməkdə davam etsə də, hazırda Fransanın Afrikadan qovulmasının növbəti dalğası başlanıb. Fransa isə sadəcə münaqişə ocaqları yaratmaqla öz varlığını qoruyub saxlamağa çalışır. Yeri gəlmişkən, siyasətçilərə istinadən qeyd edək ki, indiyədək qitə ölkələrində baş vermiş hərbi çevrilişlərin 70 faizi fransızların təsiri altında olan dövlətlərin payına düşür. Amma bütün bu cəhdlərə baxmayaraq, rəsmi Parisin Afrika səhnəsindən  səhnədən gedəcəyi gün də o qədər uzaqda deyil. Odur ki, Emmanuel Makron və başçılıq etdiyi komandası Afrikadakı iflası Cənubi Qafqaza soxulmaqla əvəzləməyə çalışır. Amma rəsmi Bakı ona qarşı düşünülmüş siyastət aparmaqla onun xəyallarını puç etməkdədir. Fransanın beynəlxalq səviyyədə ölkəmizə qarşı qərəzli mövqe tutmasının səbəbi də elə budur.

Yeri gəlmişkən qeyd edək ki, Fransanın beynəlxalq terrorizmlə əlaqələri, hətta onları maliyyələşdirməsi heç də yeni deyil. Məsələn, Fransanın “Lafarge” şirkətinə aid olan, Suriya ərazisində fəaliyyət göstərən sement zavodu İŞİD də daxil olmaqla, ekstremist qrupları  maliyyələşdirilib. Hətta bir neçə il bundan əvvəl bu faktla bağlı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da açıqlama vermişdi və bu məsələ ilə əlaqədar Makrona məlumat verdiyini, amma onun özünü karlığa qoyduğunu da bildirmişdi. Yeri gəlmişkən, "Lafarge" sement şirkətinin keçmiş icraçı direktoru Bruno Lafon onu belə addım atmağa Fransa hakimiyyətinin təşviq etdiyini vurğulamışdı. 

“Demokratiyanın beşiyi” adlandıran, amma korporativ maraqları üçün bəşəri dəyərləri ayaqları altına almaqdan çəkinməyən, terror təşkilatları ilə işbirliyi quran Fransa elə bilirdi ki, bu addımları daim gizli qalacaq. Amma unudurdu ki, tarix heç nəyi gizli saxlamır. Şübhəsiz, XXI əsrdə beynəlxalq səviyyədə terror təşkilatı kimi tanınan İŞİD ilə əməkdaşlıq edən Fransanın addımları müasir beynəlxalq münasibətlər sisteminə ziddir. Çünki bu, terrora açıq dəstək göstərmək deməkdir. 

Fransa həm də türklərə qarşı terror yolu ilə mübarizə məqsədilə təşkil edilmiş və son 53 ildə 31 türk diplomatı və onların yaxınları qətlə yetirmiş Daşnakstyun partiyasının ərsəyə gətirdiyi “Ermənistanın Azadlığı uğrunda Gizli erməni Ordusu”nun (ASALA) ocaqlarından biridir. Hətta türklərin, azərbaycanlıların haqq mövqeyini müdafiə edənləri bu təşkilatla qorxudurlar. Məsələn, 4 il öncə Fransa-Azərbaycan dostluq qrupunun vitse-prezidenti Jerom Lamber öz “Facebook" səhifəsində Azərbaycanla bağlı həqiqətləri paylaşdığına görə, o,  bir çoxunun, xüsusilə erməniəsilli fransızlar tərəfindən  ASALA kimi terror təşkilatları ilə hədələnib. Bu isə o deməkdir ki, ASALA Fransada fəaliyyətini davam etdirir. Üstəlik, bu ölkədə “Erməni azadlıq hərəkatı”, “Orli qrupu”, “Gənc ermənilər ittifaqı”, “İntiharçılar eskadronu” kimi terror təşkilatları da yaradılıb. İndi də  Fransa Qarabağ ermənilərindən ibarət legion hazırlayır. Bu da təsadüfi deyil. Belə ki, Ermənistanı dəstəkləyən, onu silahlandıran, ölkəmizi təcavüzkar kimi qələmə verməyə çalışan, öz çirkin niyyətinə çatmaq üçün dəridən-qabıqdan çıxan Fransadan, onun rəhbərindən bundan başqa nəsə gözləmək sadəlövlhlük olardı. Amma  Makron və havadarları başa düşmək istəmirlər ki, Prezident İlham Əliyev onların çirkin  məqsədlərini yaxşı bilir və qarşısının alınması üçün tutarlı tədbirlər həyata keçirir.

Qvami Məhəbbətoğlu, “İki sahil”