02 aprel 2024 01:58
398

«Demokratik» prinsipləri silahlarla əvəzləyən cütlük

Zamanında BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal altında saxladıqları Azərbaycan ərazisindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinin həllinə etinasız yanaşan Avropa İttifaqının və ABŞ-ın bugünkü məqsədi Cənubi Qafqazı hərbi poliqona çevirməkdir

Cənubi Qafqazda gərginliyi artırmaq üçün iyrənc oyunlarını işə salan ABŞ və Qərb Ermənistanı silahlandırmaqla insan ölümü, dağıntılarla nəticələnən müharibə variantından yararlanmağa çalışırlar. Bölgədə sülhün bərpası üçün Azərbaycanın təklif etdiyi şərtləri dəstəkləmək əvəzinə birmənalı olaraq işğalçı Ermənistanı müdafiə edən Avropa İttifaqı (Aİ) ilə Amerika Birləşmiş Ştatları dünyanın başqa yerlərində tətbiq etdikləri dağıdıcı siyasətlərini Cənubi Qafqazda sınaqdan çıxarmaqda israrlıdırlar. Ermənistandan öz maraqları naminə, ilk növbədə anti-Rusiya ideologiyası əsasında istifadə edən bu «cütlük» aprelin 5-nə planlaşdırılan Ermənistan - Avropa- İttifaqı- ABŞ konqerisində «son sözləri»ini deyəcəklərini gizlətmirlər.

6 oktyabr 2022-ci il tarixdə keçirilən dördtərəfli Praqa görüşü zamanı delimitasiya edilməmiş sərhədin Ermənistan tərəfi boyunca qarşılıqlı etimadın yaradılmasına töhfə məqsədilə 40 nəfər mülki monitorinq ekspertindən ibarət qısamüddətli Avropa İttifaqı Monitorinq Potensialının (AİMP) yerləşdirilməsi də hayları mənfur niyyətlərindən çəkindirmədi. İlkin iki aylıq müddətdən sonra Azərbaycanın razılığı olmadan AİMP müşahidəçilərinin sayı artırıldı. Daha sonra Aİ-nin Ermənistandakı Missiyasına (AİEM) çevrilməklə anti-Azərbaycan təbliğatı sahəsində «fəaliyyət» istiqamətini genişləndirdi. Yersiz müdaxilələr isə ölkəmizə qarşı əsassız bəyanatların qəbulu ilə nəticələnir. Fransanın Ermənistanı daha böyük həcmdə öldürücü və hücum tipli silah növləri ilə təchiz etməklə bağlı vədləri, Aİ-nin digər üzvü Yunanıstanın, Cənubi Kiprin Ermənistan- Hindistan birliyinə qoşulması ilə hərbi əməkdaşlığın dərinləşdirilməsi Cənubi Qafqazda onsuz da kövrək olan sülh üçün ciddi təhlükədir. Bu baxımdan Avropa Sülh Fondu çərçivəsində Hayastana hərbi yardımların göstərilməsi ilə bağlı danışıqların aparılacağı Ermənistan-Aİ-ABŞ konfransının keçirilməsi əlavə narahatlıq doğurur və regionda sülhün yaranmasına xələl gətirir. Bu konfrans faktiki olaraq Ermənistanın Rusiyaya diplomatik müharibə elan etməsidir. Amma o da bəllidir ki, rəsmi Moskva mövqelərini qoruyub saxlamaq üçün digər vasitələrdən də istifadə edə bilər. Ukrayna ssenarisinin Ermənistanda təkrarlanma ehtimalı da yaddan çıxarılmamalıdır. Azərbaycan Xarici İşlər Nazirliyinin konfransla bağlı açıqlamasında qeyd olundğu kimi, cari il aprelin 5-də Brüsseldə keçirilməsi nəzərdə tutulan Avropa İttifaqı -Ermənistan-ABŞ müştərək konfransı ikili standartlardan qaynaqlanan məkrli siyasətin növbəti ssenarisidir: «Bu bir faktdır ki, Azərbaycanla Ermənistan arasında davam edən sülh prosesi Azərbaycan tərəfindən irəli sürülüb və burada o, münaqişədən sonrakı normallaşmanın bütün məsələlərində hər zaman konstruktiv mövqe nümayiş etdirib.»

Məntiqi nəticə budur ki, regionda sabitliyin və sülhün bərqərar olmasına əngəl törədən ABŞ və Avropanın məqsədi bölgədə hərbi pakt (alyans) təşkil etmək, Qafqazda Ukrayna ssenarisini yaratmaq və ikinci cəbhəni açmaqdır. Azərbaycanın razılığı olmadan, sonradan Kanadanın da AİEM-ə qoşulması ilə ona de-fakto NATO missiyası xüsusiyyəti verməyə çalışanların gizli sövdələşmələri bölgənin gələcəyi üçün yaxşı heç nə vəd etmir.

Azərbaycan Müdafiə Nazirliyinin Ermənistan silahlı qüvvələrinin sərhəddə canlı qüvvə və zirehli texnika cəmləşdirilməsi ilə bağlı bəyanatında qeyd olunur ki, baş verənlər ABŞ və Aİ-nin Ermənistanla planlaşdırdığı 5 aprel görüşünün nəticəsidir. Amma bütün hallarda baş verənlərə görə məsuliyyət Ermənistanın, regionda sülh və sabitliyə təhdid olan, riyakar siyasət yürüdən Qərbin və ABŞ-ın üzərinə düşür.

Maraqlıdır, Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxladığı 30 ildə ABŞ və Aİ işğala məruz qalan ölkəmiz üçün belə konfrans keçirdimi? Müharibədən sonra dağıdılmış Azərbaycan ərazilərində mina probleminin həllinə hər hansı dəstək verdimi, bir kəndin bərpasına yardım etdimi? Xatırladaq ki, BMT Təhlükəsizlik Şurasının Hayastan silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinin həllinə etinasız qalan Aİ və ABŞ Azərbaycana heç vaxt dəstək verməyib. Əksinə, müəmmalı konfrans iştirakçılarının məqsədi Ermənistanı silahlandırmaq, Azərbaycana qarşı yeni müharibəyə hazırlamaq, haylar üçün mini-NATO mexanizmi yaratmaqdır.

İllərdən bəri «demokratiyaya dəstək»” adı altında dövlətlər arasında nifaq yaradan, insanların dinc, sülh və təhlükəsizlik şəraitində yaşamaq meyillərini boğan Qərb kimi, ABŞ da regionda möhkəmlənmək iddasını gizlətmir. Beynəlxalq hüququ, suverenliyi, ərazi bütövlüyünü əks etdirən bu dəyərlər yalnız özlərinə lazım olan məqamda işlədilən absurd ifadələrdir. Terrorizmi, milli münaqişələri «humanitar yardım» bəhanəsi ilə pərdələyən, həmin ölkələrdəki hakimiyyətlərə müxalif olan KİV-ləri, qeyri -hökumət təşkilatlarını qeyri-leqal yollarla maliyyələşdirən Qərbin Ermənistana yardım kimi formalaşdırdığı «binokl diplomatiyası»nın nəticəsiz qalması Qərbi başqa variantlara sürüklədi. «Humanitar fəlakət» zonası hesab etdikləri Ermənistana dəstək göstərən, azadlığın, demokratiyanın, insan haqlarının qorunmasını «unudan», ölkələrin və cəmiyyətlərin daxili işlərinə qarışmaqla hegemonluğunu Cənubi Qafqazda davam etdirən ABŞ yenə də «baş aldadan» vədlərini işə salıb. Belə ki, beynəlxalq hüququn Ermənistanın tərəfində olduğunu sübut etməyə çalışan rəsmi Vaşinqtonun Qərblə eyniləşən dağıdıcılıq siyasəti, başqalarına zərər vermək prinpisləri əsasında möhkəmlənir.

Bu rəzilliyin ona sərf etdiyini düşünən Ermənistanın baş naziri Nikol Paşinyan tez-tez dəyişən mövqeyi ilə siyasətin şahmat taxtasında anti-Azərbaycan dairələrin maraqlarına uyğun gedişlər edir. ABŞ –ın və Avropanın regionumuzu xaosa, təhlükə mərkəzinə çevirmək niyyətlərini başa düşmək istəməyən rəsmi İrəvan hələ də anlamır ki, qızışdırıcı vədlər ilk növbədə Hayastanın özünün varlığı üçün real təhlükədir. ABŞ-ın əsas məqsədi, hədəfi Ermənistanı güdaza verib, Rusiyanı zəiflətmək , dünyaya hegemonluq məsələsində real düşmənini sıradan çıxarmaqdır.

Ötən əsrin sonlarında qurulan plan əsasında SSRİ-nin dağılıması, Qərbi azərbaycanlıların doğma torpaqlarından çıxarılması da ABŞ-ın və Qərbin mənfur niyyətlərinin gerçəkləşməsi idi. 30 il Ermənistanın başını körpə uşaq kimi tumarlayan, arxasında duran Qərblə Birləşmiş Ştatların planlarına sarsıdıcı zərbə olan İkinci Qarabağ müharibəsindəki Qələbəmiz rəsmi İrəvana vəd edilən, əsrlərdən bəri hayların «böyük Ermənistan» xülyalarının üstündən xətt çəkdi. Təbii ki, illərdən bəri Ermənistanı qul, forpost kimi idarə edən, Cənubi Qafqazda baş verən siyasi oyunların, hədəfin xırdalıqlarına qədər bələd olan Rusiya 5 aprel konfransına səssiz qalmayacaq, güzəştə getməyəcək. Ukrayna oyunlarından sonra Ermənistanı ortaya atıb hayları şirnikləndirənlərin növbəti qurbanı rəsmi İrəvan olacaq. «Demokratiyanın» dəyişilməyən oyuncularının siyasi şousunun Cənubi Qafqaz ssenarisinin qərəzli cütlüyün nəzərdə tutduqları sonluqla bitməyəcəyini dəfələrlə diqqətə çatdıran politoloqlar da etiraf edirlər ki, Ermənistanı revanşa hazırlaşdıran, regionda sabitliyə təhlükə yaradan qüvvələr Cənubi Qafqazın lider ölkəsi, bölgədə sülhə, sabitliyə xidmət edən reallıqlarının coğrafiyasını genişləndirən Azərbaycan amilini unutmamalıdırlar. Lazımi məqamlarda İrəvan istənilən hərbi avantüraya görə layiqli cavabını alacaq.

Azərbaycan Müdafiə Nazirliyinin Ermənistan silahlı qüvvələrinin sərhəddə canlı qüvvə və zirehli texnika cəmləşdirilməsi ilə bağlı haqda bəyanatında qeyd olunduğu kimi, aldığı dərslərdən nəticə çıxarmayan Ermənistan bir daha düşünməlidir. İkinci Qarabağ müharibəsində Azərbaycanın rəşadətli Silahlü Qüvvələri tərəfindən ordusu darmadağın edilən, zəifləmiş, Rusiyaya arxa çevirən Tıq-Tıq xanım kimi özünə tulapayı verəcək yeni dost axtaran Ermənistan nə qədər məcaralar axtarsa da sonda yenə də məğlubiyyətin acısını yaşayacaq. Bəyanatda bildirilir ki, Ermənistan-Azərbaycan şərti sərhədinin müxtəlif istiqamətlərində rəsmi İrəvanın silahlı canlı qüvvələrinin, zirehli texnikasının, artilleriya qurğularının yerləşdirilməsi revanşistlərin müharibəyə hazırlıq niyyətlərindən xəbər verir. Ölkəmizə qarşı aqressiv ritorikaların, təhrikçi çağırışların artması təxribat cəhdlərinə hazırlıq kimi narahatlıq doğurur.

Rəsmi İrəvanın ələbaxan rəhbərliyinin Qərblə təmaslarını gücləndirməsi, 5 apreldə Ermənistanın baş naziri Nikol Paşinyanın ABŞ Dövlət katibi Entoni Blinken və Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen ilə Brüsseldə planlaşdırılan görüşündə daha çox hərbi yardımlarla bağlı danışıqların nəzərdə tutulması regional sülhə ciddi təhlükədən xəbər verir. Görünür, Azərbaycana qarşı təxribatlarını Aİ və ABŞ-ın dəstəyi ilə sürətləndirməyi planlaşdıran, reallıqla razılaşmayan Paşinyan hələ də xəyal dünyasından ayılmayıb.

Rəsmi İrəvanı öz çirkin orbitlərinə cəlb edənlər başa düşürlər ki, regiondakı geosiyasi reallığı öz maraqları naminə dəyişmək dövrü arxada qalıb.

Rusiya və Çin ilə qlobal qarşıdurma vəziyyətində olan Qərb dünyanın müxtəlif strateji regionlarında maraqlarını təmin etməyə çalışsa da, Fransa və Hindistan Ermənistanın silahlanmasında fəal rol oynasalar da Qərbin riyakar siyasəti Cənubi Qafqazda baş tutan deyil. Prezident İlham Əliyevin «Bu gün Ermənistan ordusu tamamilə bərbad vəziyyətdədir və İkinci Qarabağ müharibəsi dövründə olduğundan daha artıq dərəcədə bizə müqavimət göstərməyə qabil deyil. Biz Ermənistanda həm öz qüvvələri, həm də onların tərəfdaşlarının köməyi ilə bütün hərbi quruculuq cəhdlərini çox diqqətlə izləyirik. Buna görə mən səmimi və açıq demişəm ki, əgər bizim təhlükəsizliyimizə azacıq da olsa təhdid görsək, bu təhdid harada, Ermənistan ərazisinin hansı dərinliyində olsa da, biz onu dərhal, sadəcə, məhv edəcəyik. Bunu hamı, ilk növbədə, Ermənistan rəhbərliyi bilməli və başa düşməlidir» sözləri Ermənistana və havadarlarının müharibə hazırlıqlarına cavabdır.

Xuraman İsmayılqızı, «İki sahil»