02 aprel 2024 01:16
350

Möhkəm dayan, Nikol!..

Ermənistanda revanşistlərin və buraya sığınan separatçıların xarici qüvvələrin təhriki ilə hakimiyyət əleyhinə fəaliyyəti ciddi qarşıdurmalarla nəticələnə bilər

Ermənistanda xaici dairələr tərəfindən idarə və təhrik edilən revanşistlərin fəallaşması baş nazir Nikol Paşinyanın hakimiyyəti üçün ciddi təhdidlər yaratmağa başlayıb. Formal müstəqilliyi dövründə həmişə buna oxşar məqamlarda olduğu kimi, bu dəfə də iqtidara qarşı əsas aktor rolunda Qarabağ ermənilərinin klanı çıxarılır. Ermənistana sığınmış separatçıların qondarma “prezidenti” Samvel Şahramanyanın, necə deyərlər, Paşinyanın “başının üstündən” Fransanın “Le Figaro” nəşrinə müsahibə verməsi və jurnalistin təxribatçı “sürgündə dövlət və hökumət varmı” sualına verdiyi “bəli, İrəvanda sizi qəbul etdiyim binada “Artsax” (Qarabağda separatçıların ləğv edilmiş qondarma “respublika”sı)  “prezidentinin” və məhkəmə və qanunvericilik strukturlarının ofisləri yerləşir” cavabı daxili qarşıdurmanın son mərhələyə keçdiyini göstərir. Görünür, Nikol Paşinyana qarşı yeni təzyiq “aləti” formalaşdıran qüvvələrin Ermənistanın baş nazirindən daha ciddi tələbləri var və bu tələblərinin yerinə yetirilməyəcəyi təqdirdə vəziyyəti gərginləşdirməyin mexanizmləri də artıq hazırdır. Bəs Paşinyandan kim nə istəyir? Niyə “Qarabağ kartı” məhz indi, əslində Paşinyanın bu mövzunu gündəmdən çıxarmağa çalışdığı bir məqamda aktuallaşdırılır?

Təəccüblü deyil ki, cinayətkar separatçıya tribuna verən Fransadır. Rəsmi Paris bütün mümkün imkanlarla Cənubi Qafqazda öz mövqeyini gücləndirməyə çalışır və bunun üçün öz “kiçik bacısı” üzərindən yeni oyunlar qurmağın variantlarını nəzərdən keçirməkdədir. Əslində, Makron Fransasının başqa alternativi də yoxdur. Çünki müxtəlif güclərin öz maraqlarını təmin etmək baxımından poliqon kimi istifadə edə biləcəyi yeganə region dövləti Ermənistandır. Fransanın Paşinyana qarşı yönəlmiş bu addımının səbəblərinə gəlincə, burada əsas iki amil dayana bilər. Birincisi, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh danışıqları prosesində ciddi nəticələrin əldə edilməsi üçün yaranmış tarixi imkan. Məlum olduğu kimi, Makron Cənubi Qafqazda sülhün mövcudluğunun tərəfdarı deyil, gərginliyin davam etməsi üçün hər vəchlə aranı qarışdırmaqla məşğuldur. Bu məsələdə Fransada fəaliyyət göstərən erməni lobbisinin “xidmələri” də az deyil. Ancaq əsas səbəb təbii ki, Rusiya faktoru ilə bağlıdır.

İkincisi, regiondakı yeni reallıqları Ermənistanın gələcəyi baxımından dəyərləndirməyə çalışan Nikol Paşinyanın “özbaşına” addımları Makronu alternativ təzyiq vasitələrini işə salmağa məcbur edir. Bu amili gücləndirən əsas məqamlardan biri separatçı Şahramanyanın müsahibəsinin yayınlanma zamanıdır. Görünür ki, vaxt təsadüfən seçilməyib. Erməni işğalı altında olan səkkiz Azərbaycan kəndinin geri qaytarılması ilə bağlı müzakirələrin intensivləşdiyi, Ermənistan hakimiyyətinin sözügedən kəndlərdən dördünün – Qazax rayonunun inzibati ərazisində yerləşən və anklav olmayan Bağanis Ayrım, Qızıl Hacılı, Aşağı Əskipara və Xeyrimlinin Azərbaycana təhvil verilməsində mövqeyini qətiləşdirdiyi bir məqama təsadüf edir.

Hadisələrin sonrakı inkişafı göstərir ki, Nikol Paşinyan hakimiyyəti üçün kənardan yaradılan təhlükənin fərqindədir və lazımi cavab tədbirləri görməkdə tərəddüd etməyəcək. Samvel Şahramanyanın “Le Figaro”da dərc olunan sözügedən müsahibəsinə dərhal və kəskin reaksiyası da Ermənistanın baş nazirinin proseslərə müşahidəçi qalmayacağını göstərir. Belə ki, müsahibədən bir gün sonra ölkə parlamentində çıxış edən Paşinyan həm Şahramanyanı, həm də məlum xarici dairələri açıq mətnlə hədələyib: “Ermənistan Respublikasında hökumət var və həmin hökumət bu zalda oturub. Dağlıq Qarabağdan məcburi köçkün düşmüş bəzi qruplar istər-istəməz Ermənistanın milli təhlükəsizliyinə təhlükə yaradan addımlar atırlar, bəzi “hökumətləri” mühacirətdə elan edirlər...”

Paşinyan atıla biləcək addımların anonsunu da verib: “Ehtiyac olarsa müvafiq addımlar atılmalı və tədbirlər görülməlidir ki, xarici qüvvələr müəyyən dairələrdən istifadə edərək Ermənistanın təhlükəsizliyinə təhdid yaratmasın.”

Əksər erməni politoloqlar və siyasi ekspertlər hakimiyyətin sadəcə sözlə kifayətlənməyəcəyi, qondarma “Qarabağ respublikası”nın separatçı “rəhbərlərinə” qarşı konkret addımlar atılacağı qənaətindədirlər. Ermənistan parlamentinin “Hayastan” fraksiyasının üzvü İşxan Saqatelyan öz “Facebook” səhifəsində mövzu ilə bağlı yazıb ki, Paşinyanın Şahramanyanın ünvanına səsləndirdiyi son təhdidlərdən sonra “artsax”ın “dövlət institutlarını təmsil edən dövlət və digər ictimai-siyasi xadimlərə” qarşı yeni təqib dalğasının başlayacağı istisna edilmir.

Ancaq yəqin ki, yeni ssenarini işə salan dairələr mümkün qarşıdurma ehtimallarını da nəzərə alıblar və belə olacağı təqdirdə atılacaq addımlar da müəyyənləşib. Odur ki, Ermənistanda revanşistlərin və separatçıların xarici qüvvələrin təhriki ilə Nikol Paşinyan hakimiyyəti əleyhinə fəaliyyətləri ciddi qarşıdurmalarla nəticələnə bilər. Bəs görəsən, Nikol növbəti təhdidləri növbəti dəfə zərərsizləşdirə biləcəkmi?..

Mahir Rəsuloğlu, “İki sahil”