02 aprel 2024 02:17
444

Bu il keçmiş köçkünlər Xankəndiyə, Xocalıya, Şuşaya, Cəbrayıla, Kəlbəcərə qayıdacaqlar

Dövlət başçısı İlham Əliyev daim bu çağırışı da edir ki, elə bir məkan qurmalıyıq ki, bu, 30 il həsrət içində yaşayanlar üçün təsəlli olsun

Tarixi Zəfərimizin reallıqları fonunda işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. 2022-ci ildə dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə «Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı» təsdiq edildi. İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunub. Bu Milli Prioritetlərə əsaslanan “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” yeni inkişaf mərhələsindəki hədəflərə çatmağa xidmət edən mühüm sənəddir.

Hazırkı dövrün əsas çağırışlarından biri tarixi sahibinə qovuşan torpaqlarda bərpa-quruculuq işlərinin sürətini artırmaq, soydaşlarımızın öz doğma yurd-yuvalarına qayıdışlarına nail olmaqdır. Qısa müddətdə Füzuli və Laçın şəhərlərinə, həmçinin Ağalı, Zabux və Talış kəndlərinə soydaşlarımızın qayıdışı, cari ildə də bu prosesin davamlılığının təmin edilməsi özündə bütün məqamları ehtiva edir. Təbii ki, qısa müddətdə yaşayışın təmin edilməsi zəruri olan infrastrukturun yaradılmasının, bunun fonunda ölkəmizin iqtisadi imkanlarının göstəricisidir. Cənab İlham Əliyev ilk gündən bu tapşırığı verdi ki, soydaşlarımızın ən yüksək səviyyədə yaşayışı təmin edilməlidir. Bütün işlər müasir tələblər səviyyəsində həyata keçirilir. Dövlət başçısı İlham Əliyev bu çağırışı etdi: «Elə bir məkan qurmalıyıq ki, bu, 30 il həsrət içində yaşayanlar üçün təsəlli olsun. Onlar buna layiqdirlər. Digər tərəfdən, dünyaya da göstərək, bax, torpağın sahibləri qayıdıb, bax, viran qoyulmuş torpaqlar görün, gülüstana çevrilib.» Ölkə Prezidenti tarixi Zəfərimizdən sonra aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinin miqyası fonunda bu çağırışı da edir ki, bunun asan məsələ olmadığını hər kəs bilməlidir. Azad edilmiş ərazilərin miqyası dörd Lüksemburq ölkəsi qədərdir, bir Livan ölkəsinə bərabərdir, yəni, təsəvvür edin, nə qədər böyük iş nəzərdə tutulur: “Biz azad edilmiş torpaqları müasir mütərəqqi texnologiyalara əsaslanmış böyük bir məkan kimi görmək istəyirik və indi olduğumuz Ağalı kəndinin timsalında bunu görürük. Ona görə aparıcı Qərb ölkələrinin texnologiyaları, o cümlədən tibb sahəsində və digər sahələrdə burada tətbiq edilərsə, əlbəttə ki, biz istədiyimizə nail ola bilərik.»

Bu ərazilərdə təkmil idarəçilik sisteminin yaradılması işin səmərəliliyinin artırılmasında və yüksək keyfiyyətin təmin edilməsində əhəmiyyətli rol oynayır. Prezident İlham Əliyevin 19 yanvar 2021-ci il tarixli “İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələri haqqında” Fərmanında qeyd edildiyi kimi, işğaldan azad edilmiş ərazilərin dirçəlişi istiqamətində quruculuq, bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi, bu hədəfə nail olunmasında dövlət orqanlarının (qurumlarının) və digər təşkilatların əlaqələndirilmiş fəaliyyətinin gücləndirilməsi, habelə idarəetmədə çevikliyin və səmərəliliyin artırılması əsas məqsədlərdəndir. İlk olaraq Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin edildi. Ötən ay Cəbrayıl, Qubadlı və Zəngilan, həmçinin Laçın rayonlarında Prezidentin xüsusi nümayəndəsi təyin edildi. Atılan hər bir addım hədəfə zamanında və yüksək səviyyədə nail olmağa yönəlib. Əvvəldə də qeyd etdiyimiz kimi, məqsəd bərpa işlərini sürətlə həyata keçirmək və soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışını təmin etməkdir.

Dövlət başçısı İlham Əliyev ilin əvvəlində yerli televiziya kanallarına müsahibəsində cari ilin hədəflərini açıqlayarkən bildirmişdir ki, işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən infrastruktur layihələri bu il daha böyük sayda keçmiş köçkünləri öz dədə-baba torpaqlarına qaytarmağa imkan verir. Bu il qayıdacaqları şəhərlər Şuşa, Cəbrayıl, Kəlbəcər, Xankəndi və Xocalı olacaq. Ağdam, Zəngilan, Qubadlı şəhərlərinə isə keçmiş məcburi köçkünlərin 2025-ci ildə qayıtması nəzərdə tutulur. Bununla paralel olaraq bir çox kəndlərə keçmiş köçkünlər qayıdacaqlar. Laçın rayonunun Sus kəndi hazır olacaq. Xocalı rayonunun Kərkicahan, Malıbəyli, Şuşanın Turşsu kəndlərinin də bərpasına artıq start verilib. Əsas hədəf 2026-cı ilin sonuna qədər 140 min keçmiş köçkünü öz dədə-baba torpaqlarına qaytarmaqdır: «Əminəm ki, biz buna da nail olacağıq. Onu da bir daha bildirməliyəm ki, bütün bunları biz öz daxili imkanlar hesabına edirik. Heç bir donor təşkilatı, heç bir digər tərəf bizə kömək göstərmir. Ancaq Özbəkistan və Qazaxıstan Füzulidə iki məktəbin tikintisi ilə bağlı bizə qardaş dəstəyi göstərmişdir, bütün qalan layihələr daxili imkanlar hesabına reallaşdırılır.»

Əsas çağırışlardan biri də özəl sektorun Qarabağa və Şərqi Zəngəzura investisiya yatırmasıdır. Artıq Hadrut qəsəbəsində, Daşaltı kəndində və Ağdam şəhərində bir neçə layihə özəl sektor tərəfindən icra edilir. Cənab İlham Əliyev belə bir əminliyi ifadə edir ki, vaxt gələcək Qarabağı və Zəngəzuru cənnətə çevirəcəyik Buna heç bir şübhəm yoxdur. Çünki şəhərlərin bütün Baş planları təsdiqlənib. Baş planlar Avropanın ən qabaqcıl şirkətləri tərəfindən hazırlanmışdır: «Şuşa elə bir şəhərə çevriləcək ki, bunun dünyada bənzəri olmayacaq, memarlıq və təbiət bir vəhdət təşkil edəcək.»

Dövlət başçısı İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizə səfərlərinin hər biri mühüm sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır. Prezidentin Qarabağın tacı Şuşaya səfərləri isə daha çoxluq təşkil edir. Xatırlasaq hələ 44 günlük İkinci Qarabağ müharibəsinin gedişi dövründə cənab İlham Əliyev xarici mətbuata çoxsaylı müsahibələrində bu fikri xüsusi qeyd etmişdir ki, Şuşasız bizim işimiz yarımçıq olar. Həmçinin Şuşanın işğaldan azad edilməsi müjdəsini xalqa çatdırarkən ata vəsiyyətini yerinə yetirdiyi üçün özünü xoşbəxt hiss etdiyini bildirməklə yanaşı, bu çağırışı da böyük qürur hissi ilə səsləndirmişdi ki, əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz səni dirçəldəcəyik!

Bərpa-quruculuq işlərinə başlandığı gündən Şuşanın dirçəlməsi prioritet məsələ kimi öndə dayanıb. İlk olaraq Zəfər yolunun inşası rəmzi məna daşıdı. Çünki bu yol Azərbaycan Ordusunu Zəfərə apardı. Şuşanın işğaldan azad edilməsi ilə Ermənistan diz çökdü, kapitulyasiya aktına imza atdı. Azərbaycanın hərbi-siyasi qələbəsinin təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanat təsdiqləndi. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, Şuşa dirçəlib, iqtisadi, siyasi, humanitar və diplomatik mərkəzə çevrilib. Dövlət başçısı İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Şuşada keçirilən təntənəli mərasimdə söylədiyi bu fikirlər də mühüm məqamları özündə ehtiva etdi: « Mən bu təbrik müraciətimi Bakıdan da edə bilərdim. Amma hesab etdim ki, mən bu gün burada olmalıyam, Şuşada olmalıyam, bu binanın önündə olmalıyam. Şuşa Zəfərimizin rəmzidir, Şuşa Zəfərimizin tacıdır. Şuşa işğaldan azad olunanda, bax, bu meydanda qəhrəman Azərbaycan hərbçiləri mənə Şuşanın azad olunması ilə bağlı raport vermişlər. Bu binanın damında Azərbaycan Bayrağı qaldırılmışdır və Şuşanın azad olunması bizim tarixi Zəfərimizin əsas hissəsi idi. Bildiyiniz kimi, ondan bir gün sonra Ermənistan kapitulyasiya aktına imza atmışdır.»

Qeyd etdiyimiz kimi, işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinə təkmil infrastruktur layihələrinin icrası ilə başlanılmışdı. Təbii ki, hər bir bölgənin inkişafında infrastrukturun yenilənməsi, zəruri olan şəraitin yaradılması prioritetdir. İnfrastruktur olmadan insanların işğaldan azad edilmiş ərazilərə köçürülməsi qeyri-mümkündür. Elektrik enerjisi ilə bağlı bütün məsələlər həll olunub. Bütün Qarabağ və Şərqi Zəngəzur vahid bir enerji şəbəkəsinə qoşuldu. Azad olunmuş torpaqlarda 11 su elektrik stansiyası inşa edildi. Bütövlükdə işğaldan azad edilmiş ərazilərimizdə 50-yə yaxın su elektrik stansiyası yaradılacaq.

Göründüyü kimi, Azərbaycan bu işləri sıfırdan öz daxili imkanları hesabına həyata keçirir. Bu gün görülən işlərin miqyasının genişliyi bir daha bu reallığı təsdiqləyir ki, dövlət başçısı İlham Əliyevin Prezidentlik dövrünün müharibəyə hazırlıq mərhələsi kimi dəyərləndirilən 2003-2020-ci illər, eyni zamanda, bərpa-quruculuq işlərinə hazırlıq dövrü kimi də xarakterizə edilə bilər. Bu baxımdan ki, həmin işlərin hamısının vaxtında, eyni zamanda, müasir tələblər səviyyəsində görülməsi üçün maliyyə imkanları yüksək olmalıdır. Azərbaycan ötən dövr ərzində iqtisadi imkanlarını artırmaq üçün yeni imkanlar qazandı. Belə ki, iqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurlu icrası, Dövlət Neft Fondunun vəsaitləri hesabına mühüm sosial-iqtisadi layihələrin uğurlu icrası ölkəmizin iqtisadi imkanlarının genişlənməsində öz sözünü deyir. Əsas hədəflərdən biri də Qarabağda və Zəngəzurda tətbiq edilən yanaşmanın sonra bütün ölkə üzrə həyata keçirilməsidir.

Dövlət başçısı İlham Əliyev işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərindən, soydaşlarımızın bu torpaqlara qayıdışından bəhs edərkən bildirir ki, bu, doğrudan da böyük xoşbəxtlikdir. Həm müharibədə qalib olmaq, xalqımızın ümidlərini doğrultmaq, eyni zamanda, qurub-yaratmaq - bundan böyük xoşbəxtlik ola bilməz. Bu, bir daha xalqımızın böyüklüyünü göstərir ki, xalqımız doğurdan da uzun illər ərzində əyilmədi və öz kimliyini unutmadı: «Zəngilanın Ağalı kəndində uşaqların baxışlarını, gülüşlərini görəndə vallah, adam sanki uçur. Axı onlar bu yerləri ancaq kitablarda görüblər, məktəblərdə eşidiblər, valideynlərindən, babalarından, nənələrindən eşidiblər, amma indi gəliblər oraya. Torpaq çəkir və əminəm ki, bizim keçmiş köçkünlərimizin hamısı qayıdacaq.»

Tarixi Zəfərimizdən sonra Azərbaycan imza atdığı növbəti zəfərlər bərpa-quruculuq işlərinin miqyasını daha da genişləndirdi. Belə ki, ötən ilin 19 sentyabr tarixində Silahlı Qüvvələrimizin həyata keçirdikləri bir günlük antiterror tədbirləri nəticəsində separatçılar ərazilərimizdən çıxarıldı və suverenliyimiz tam bərpa edildi. Dövlət başçısı İlham Əliyev oktyabrın 15-də Azərğaycan Bayrağını Xankəndidə, Xocalıda, Ağdərədə və Xocavənddə ucaltdı. Qısa müddətdə Xankəndi və Xocalıda xeyli işlər görülüb. Dövlət başçısı İlham Əliyev fevralın 26-da Xocalı şəhərində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə böyük qürur hissi ilə qeyd etdi ki, o qanlı faciədən ötən otuz iki ildən sonra biz Azərbaycanın hər bir guşəsində, Qarabağın hər bir yerində sahib kimi, bu Vətənin övladları kimi yaşayırıq, qururuq, bərpa edirik. Azad edilmiş bütün torpaqlarda geniş quruculuq işləri gedir. Bu mühüm məqam da xüsusi qeyd edildi ki, bu diyarın, bu bölgənin artıq yeni, parlaq tarixi var, o da 20 sentyabr - Xocalının, Xankəndinin azad olunması günüdür. 26 fevral dəhşətli, faciəvi bir gün kimi heç vaxt bizim yaddaşımızdan silinməyəcək. Amma 20 sentyabr artıq bu bölgənin əsas azadlıq və bayram günüdür.

Onu da qeyd edək ki, mayın sonu, iyun ayının əvvəllərində Xocalıya ilk köç nəzərdə tutulub. Birinci 50 ailə öz doğma yurd-yuvalarına qayıdacaq. Daha sonra davamlı olaraq köç davam edəcək. Xocalı şəhərinin 8400, Xocalı rayonunun 17000 əhalisi var.

Artıq sahibinə qovuşan torpaqlarımızda tarixi və dini abidələrimizin bərpası prioritet məsələlər sırasındadır. Heydər Əliyev Fondunun dəstəyi ilə bu işlər yüksək səviyyədə həyata keçirilir. Ermənilər bu ərazilərimizdə izləri itirmək üçün bütün tarixi və dini abidələri yerlə-yeksan ediblər. Cənab İlham Əliyev bərpa-quruculuq işlərinə başlanan zaman bu abidələrin bərpasını qarşıya mühüm vəzifə kimi qoydu. Postmünaqişə dövründə bu torpaqlara səfər edən hər kəs erməni vəhşiliklərinin şahidi olur. Hər daşı, qayası bir tarix olan, özündə mühüm çağırışları ehtiva edən küçələr erməni vəhşiliklərinə şahidlik edir. Bütün işğaldan azad edilmiş ərazilərimizdə Zəfər muzeylərinin və Memorial komplekslərin tikintisi nəzərdə tutulub. Elə bir imkanın yaradılaması planlaşdırılır ki, hər bir ziyarətçi bu muzeylərin, komplekslərin vasitəsilə ermənilərin illərdir Azərbaycan torpaqlarını işğal altında saxlayıb burada bütün tikililəri yerlə-yeksan etmələri barədə dolğun məlumatlar əldə etsin. Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının təməlinin qoyulması da bu məqsədə xidmət edir. Cənab İlham Əliyev rayon ictimaiyyəti nümayəndələri ilə görüşündə bildirdi ki, qanlı faciənin törədildiyi Xocalıda yaradılacaq Soyqırımı Memorialı isə faciə qurbanlarının, Vətənin müdafiəsi uğrunda həlak olan qəhrəmanlarımızın xatirəsinə ehtiram olmaqla yanaşı, bu qətliam barədə həqiqətlərin dünyaya çatdırılmasına və tariximizin yaşadılmasına xidmət edəcək.

Təbii ki, bütün bu hədəflərə çatmaq üçün güclü iqtisadiyyatımız olmalıdır. İqtisadi müstəqilliyimiz çoxdan təmin edilib. Bu gün Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, heç kimdən iqtisadi və siyasi cəhətdən asılı deyil. Azərbaycan investisiya cəlbediciliyini qoruyur. Ölkə iqtisadiyyatına 310 milyard dollar investisiya yatırılıb ki, bunun 200 milyard dolları qeyri-neft sektorunun payına düşür. Gələcəkdə bu rəqəmin daha da artacağı inkaredilməzdir. İşğaldan azad edilmiş ərazilərimizin malik olduqları iqtisadi potensialdan səmərəli istifadə ölkəmizin investisiya cəlbediciliyinin qorumasında öz sözünü deyəcək.

Bu mühüm məqamı xüsusi qeyd etməliyik ki, ümumilikdə 2024-2026-cı illərdə Ağdam rayonunda 9690, Füzuli rayonu üzrə 5634, Tərtər rayonu üzrə 368, Xocavənd rayonu üzrə 307 olmaqla, cəmi 15 min 999 fərdi ev və mənzilin tikilməsi nəzərdə tutulur. Avtomobil və dəmir yolları, elektrik xətlərinin çəkilməsi istiqamətində layihələr yekunlaşır. Həmçinin sosial-iqtisadi infrastrukturun qurulması istiqamətində işlər görülməkdədir. Mərhələli həyata keçirilən qayıdış prosesi hər bir azərbaycanlıda, bu ərazilərin sakinlərində böyük qürur hissi yaradır. 30 il torpaq həsrəti ilə yaşayan soydaşlarımız öz doğma yurd-yuvalarına qayıdaraq burada yeni həyatın başlanmasını səbirsizliklə gözləyirlər.

Dövlət başçısı İlham Əliyevin 1 aprel 2024-cü il tarixili «Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında» Fərmanı da bu məqsədə xidmət edir. Belə ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti adları çəkilən şəhərə və rayonlara əhalinin qayıdışı ilə əlaqədar mövcud mənzil fondunun qorunması və saxlanılması, yeni çoxmənzilli bina və fərdi yaşayış evlərinin tikintisinin təşkili, habelə onların idarə edilməsi, eləcə də müvafiq ərazidə abadlaşdırma, yaşıllaşdırma və mənzil-kommunal təsərrüfatı sahələrində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Həmçinin Prezidentin 1 aprel 2024-cü il tarixli Sərəncamı ilə “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibi təsdiqləndi.

Yeganə Əliyeva, «İki sahil»