02 aprel 2024 00:11
368

Əli Kərimlinin uğursuzluq sindromu nədən qaynaqlanır?

O, sadəcə qaragüruhçudur, avantüristdir, reallığı görməyəcək qədər kor və nankordur

AXCP sədri Əli Kərimli yenə də sosial şəbəkədəki statuslarında  ənənəsinə sadin qalaraq dövlətə və onun məhkəmə- hüquq sisteminə həqarətlər yağdırır. Məsələn, dələduzluqda günahlandırılan AXCP funksioneri Elxan Əliyevin məhkəmə hökmü ilə  5 il azadlıqdan məhrum edilməsini o, hüquq pozuntusu  və ölkə qanunlarının tapdalanması kimi xarakterizə edir. Təbii ki, Əli Kərimli anlamaq istəmir ki, Elxan Əliyevin həbsi konkret dəlil və sübutlara əsaslanır. O, daşınmaz əmlakın alqı- satqısı zamanı başqasının 3500 manatını dələduzluq  yolu ilə ələ keçirib. Məhz E. Əliyev dələduzluğa məruz qalmış şəxsin şikayət ərizəsinə əsasən cinayət məsuliyyətinə cəlb edilib.

Bundan başqa, son günlər Əli Kərimli Ermənistanın baş naziri Nikol Paşinyanı az qala regionun lideri kimi tərənnüm edərək Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh müqaviləsinin gecikməsində ölkəmizi günahlandırır. Bu isə AXCP sədrinin ermənipərəstlik mərəzinin gündən-günə şiddətlənməsinin təsdiqidir. O, hələ də anlamır ki, sülh müqaviləsinin imzalanmasında Azərbaycan dövləti daha çox maraqlıdır və bunun əksinə oaraq Ermənistan hakimiyyəti Qərbdəki havadarlarına arxalanaraq bu istiqamətdə manipulyasiya edir.

Ümumiyyətlə, bütün siyasi fəaliyyətini dövlətinə və xalqına qarşı düşmənçilik üzərində quran AXCP sədri Əli Kərimli hələ də ölkəmizə yönəlik ən sərt və antimilli mövqe sərgiləməkdən çəkinmir. 1991-1993-cü illərdə ölkəni təhlükəli böhrana sürükləyən AXC-Müsavat hakimiyyətində yüksək postda təmsil olunmuş, vəzifəsini itirdikdən sonra isə dağıdıcı müxalifətçilik yolu tutmuş Əli Kərimli və yaxın ətrafı buraxdıqları səhvlərdən nəticə çıxarmaq əvəzinə  antimilli, qeyri-konstruktiv fəaliyyətlərini davam etdirməklə siyasi səhnəni zəbt etməyə çalışırlar. Əslində Əli Kərimlinin qorxaq, cəsarətsiz, pula həris, öz mənafeyini milli maraqlardan üstün tutan, mənsub olduğu düşərgəni belə öz siyasi iddiaları naminə istismar edən birisi olduğu heç kimə sirr deyil. Son 20 ildə o, xarici fondlardan verilən pulları partiyasına deyil, məhz ailə problemlərinə xərclədiyi üçün partiyadan yüzlərlə üzv istefa vermişdir. Məhz belə bir xaraktersizin bu gün güclü və qüdrətli Azərbaycan dövlətinə və onun ali rəhbərinə qısqanclıqla yanaşması, ölkəmizə qarşı böhtan kampaniyaları aparması bu antimilli ünsürün sosial şəbəkələrdəki, statuslarından da aydın şəkildə görünür.

Bəli, bu  gün bütün Azərbaycan və onun dostları rəşadətli ordumuzun Müzəffər Ali Baş Komandanımız, Prezident İlham Əliyevin rəhbərliyi ilə İkinci Qarabağ müharibəsini tarixi Zəfərlə başa vurmasını, bu prosesin davamı olaraq 2023-cü ilin sentyabrın 20-də isə  Qarabağ iqtisadi rayonunda  separatçı-terrorçulara qarşı həyata keçirdiyi bir günlük lokal antiterror tədbirləri nəticəsində  xuntanın birdəfəlik məhv edilməsini bayram edərkən  bu adam hələ də dağıdıcı müxalifətçilik oyunları ilə baş qatır. Onun antimilli xislətinə rəğmən bildirmək istəyirik ki,  Xocalı soyqırımının 32-ci ildönümündə Ali Baş Komandan xocalılarla birgə şəhidlərimizin xatirəsini  məhz erməni vandallarından təmizlənmiş Xocalıda yad edib. Bu, bir tarixi hadisədir. Lakin Əli Kərimli kimi antmilli ünsürlər bu tarixi hadisədən qürurlana bilmirlər. Ona görə ki, mayaları şər və böhtanla yoğrulub.

Görünən odur ki, daxildə Əli Kərimli və dəstəsi, xaricdə isə ermənipərəst  qüvvələr  böhtan və «qara piar» kampaniyaları ilə ətrafımızda hörümçək toru qurmağa çalışırlar ki, növbəti uğurlarımızı qaralasınlar. Ən acınacaqlısı isə odur ki, onun Azərbaycanın geosiyasi uğurlarına qısqanclıqla yanaşması adi haldan çıxaraq kin-küdurət püskürmək həddinə çatıb.

Qeyd edək ki, o, statusunda mövcud iqtidarı dəfələrlə «rejim» adlandırmaqla açıq-aşkar ermənilərin çaldığı havaya oynayır. Məğlub və aciz haylar da bu gün dünyaya Əli Kərimli kimi böhtan püskürərək qanuni Azərbaycan hakimiyyətini «rejim» adlandırırlar. Bununla da dövlətimizin demokratik imicinə, qalib və qətiyyətli xarakterinə kölgə salmağa çalışırlar.

Bəli,  Müzəffər Ali Baş Komandan İlham Əliyevin  bu gun nəinki ölkəmizdə,  hətta dünyada artan nüfuzu  Əli Kərimlini və ətrafını ciddi şəkildə narahat edir. Əli Kərimli bununla bir daha təsdiq etmiş olur ki, o, cənab İlham Əliyev kimi uca çinarın kölgəsində itib- batan bir siyasət dəllalıdır. Bu adamın ən böyük bədbəxtliyi odur ki, o, sadəcə qaragüruhçudur, avantüristdir və milli hisslərdən uzaqdır.  Hazırda AXCP-də hökm sürən antidemokratik durum partiyadakı siyasi mühiti də tamamilə iflic edib. Ona görə də partiyanı tərk edənlər etməyənləri əbləh və gerizəkalı qocalar yığnağı da adlandırırlar. O da məlumdur ki, nə qədər ki, AXCP-də Əli Kərimli diktaturası mövcuddur, bu partiyadan ciddi və dəyərli bir fəaliyyət gözləməyə də dəyməz. Çünki onlar hələ də çağdaş dünyanın inkişafı ilə ayaqlaşmağı bacarmırlar. Yəni, burada yeni söz, yeni fikir, yeni dünyagörüşü sıfır səviyyəsindədir.

Artıq 23 ildir ki, AXCP-nin sədri postunu zəbt edən bu özündənrazı  «siyasətçi» imkan vermir ki, oradakı gənclərdən biri irəli çıxıb özünün siyasi fəaliyyətində fərqlənsin. Bəli, bu gün Əli Kərimli nəinki AXCP-ni, ümumilikdə müxalifəti inhisarına alıb. O, bu düşərgədə haqq söz deyənləri, konstruktif müxalifətçiliyə meyil edənləri sıxışdıraraq elə bir aciz duruma salır ki, onlar da ya partiyadan, ya da ki, ölkədən çıxıb gedirlər.

Elçin Zaman, «İki sahil»