02 aprel 2024 02:58
513

Şər yuvasında şeytan balalayar...

Azərbaycana qarşı hərbi pakt Cənubi Qafqaza və Orta Asiyaya təhdiddir

Yarandığı gündən bu vaxta qədər süni surətdə qondarılmış Ermənistan Cənubi Qafqaz regionuna müharibələr, soyqırımıları, məhəlli davaları, qan tökməklə ərazi ələ keçirmək, qonşu xalqların mədəniyyət, müsiqi və tarixini oğurlayıb öz adına çıxmaq və sair müsibətlər gətirib. Şərdən yaranmış hay dövləti bu gün də quduzlaşmış caqqal kimi ətrafına od ələməklə məşğuldur. Bu işlərdə o, tək deyil, dəstək verənləri də var. İş orasındadır ki, müstəqil yaşaya bilməyən bu ölkəcik başına daim himayəçilər yığmağı özünün ağıllı siyasəti sayır. Proseslərin gedişatı göstərir ki, bu, belə davam edərsə lap yaxın gələcəkdə Ermənistanı erməni hökuməti deyil, bir neçə dövlət idarə edəcəkdir.

Cəmi bir neçə gündən sonra Brüsseldə keçiriləcək görüşdə Ermənistanla hərbi pakt bağlamağa hazırlaşan ABŞ, Fransa, Avropa İttifaqı (Aİ) Azərbaycan xalqına və dövlətinə, bununla bərabər digər ölkələrə də qarşı bədxah fəaliyyətini açıq müstəviyə keçirməyə qərar veriblər.

Bizi narahat edən ölkəmizin yaxın gələcəyidir. Bu, nə təlaşdır, nə basqıdır müstəqil Azərbaycana? İşğalçının tərəfində durmaqla, qanadlarını onun üstünə gərib müdafiə etməyin əsl adı nədir? Heç bir şübhə yoxdur ki, təhlükəsizlik təminatı adı altında Ermənistanın dəstəklənməsi, ərazisinin hərbiləşdirilməsi, silahlandırılması və ondan dağıdıcı vasitə kimi istifadə olunması Cənubi Qafqazda sülhü, sabitliyi və təhlükəsizliyi mümkünsüz edəcək. Belə görünür ki, indiyədək Azərbaycana qurulan tələlərin, tətbiq edilən ikili standartların davamı bu şəkildə gəlir.

Qərbin haqqında danışdığımız belə bir avantürası həm də Cənubi Qafqazda yeni  formalaşmış geosiyasi konfiqurasiyanı dağıtmağa yönəlib və bunun nəticəsində regionun yeni müharibələrə sürüklənməsi riski xeyli artacaq. Biz bunu Avropa İttifaqının Ermənistandakı missiyasının hərbiləşdirilməsi fonunda da açıq görürük. Hazırda ABŞ-ın da bu prosesə fəal qoşulması və missiyanın tərkibində öz hərbçilərini Ermənistana göndərmək planları faktiki olaraq Qərbin Hayastanda öz hərbi bazasını yaratması deməkdir. Bunun üçün bəhanə əldə etməyə çalışan Ermənistan Azərbaycanla olan sərhədlərinə canlı qüvvə, artilleriya və zirehli texnika toplamaqdadr. O da gözlənilir ki, çər dövləti aprelin 5-nə qədər Azərbaycana qarşı hərbi təxribat törətsin.

Hətta ola bilər ki, ABŞ və Avropa İttifaqı da Ermənistana təhlükəsizlik təminatı vermək üçün rəsmi İrəvanın hərbi təxribatlarında maraqlı olsun. Bu səbəbdən də Azərbaycanın Müdafiə Nazirliyi rəsmi İrəvanın törətməyə hazırlaşdığı hərbi təxribatlara görə həm Ermənistanın, həm də onun beynəlxalq himayədarlarının məsuliyyət daşıyacağını bəyan edərkən tamamilə məntiqə əsaslanır. Təbii ki, bütün bunlardan sonra Ermənistanın hərbi təxribat törədərək günahı Azərbaycanın üzərinə atmaq niyyəti baş tutmayacaq.

Aprelin 5-də bağlanacaq hərbi pakt sülhdən və barışdan dəm vuran Ermənistanın, o cümlədən ABŞ, Fransa, Aİ-nin siyasi riyakarlığını, saxtakarlığını və əsl üzünü bir daha göstərir. Ancaq hamı bilməlidir ki, Qərbin bu kimi ikiüzlü və saxta mahiyyətinə Azərbaycan çoxdan alışıbdır və bizdə artıq bu cür birtərəfli, qərəzli və ikili yanaşmalara qarşı güclü immunitet formalaşıb. Ona görə də bu addımların heç biri Azərbaycan xalqının və onun Liderinin iradəsini sarsıda bilməyəcək və son 4 ildə olduğu kimi, bundan sonra da ölkəmizə qarşı qurulan bütün məkrli planların qarşısı qətiyyətlə alınacaq.

Qərbin region ölkələri üçün yaxşı heç nə vəd etməyən bu kimi fəaliyyəti fonunda İranın hələ də səssiz qalması başadüşülən deyil. Axı, İran dəfələrlə bəyan etmişdi ki, regiona kənar qüvvələrin müdaxiləsi onun “qırmızı xəttidir.” Necə ola bilər ki, ən xırda məsələyə görə Azərbaycanı şantaj edən, hədə-qorxu gələn İran rəsmiləri Ermənistanda Qərbin hərbi bazasının yaradılması fonunda nəinki İrəvanı hədələmir, hətta qınamır da? Bizim barəmizdə həmişə dil-dil ötən əmmaməli molla hakimiyyətin lal-karlığı müəyyən dərəcədə başadüşüləndir. Çünki ortada daha bir variant da özünü göstərməyə başlayıb. ABŞ və kollektiv Qərb Ermənistana yerləşməklə Orta Asiyaya tramplin qazanmaq niyyətindədir. ABŞ uzun illərdir ki, bu arzusunu reallaşdıra bilmirdi, çünki qarşıda İran, Rusiya və Çin faktoru var. Ancaq indi vəziyyət əvvəlki kimi deyil.  İran rəhbərləri anlayırlar ki, belə böyk plana qarşı açıq çıxış etmək ölkələrinə baha başa gələ bilər. Bütün dünya bilir ki, İranın milli  məsələlərdə ciddi problemləri var və özgə ərazilərinin hesabına genişlənmiş əzazil imperiyadır. Zülm etdiyi azərbaycanlılar, bəluclar, tatlar, kürdlər və qeyriləri ilk fürsətdəcə molla rejiminə qarşı çıxarlar. Bu isə fars dövlətini bünövrəsinə qədər məhv edər. Onsuz da dünyada özünə kifayət qədər düşmən qazanmış İran özü kollektiv gücün birbaşa hədəfinə çevrilər.

ABŞ və Qərb qüvvələrinin əsas məqsədi hələlik daşınıb Ermənistana gəlmək və orada möhkəmlənməkdir. Yəqin Brüssel konfransından sonra qalan suallara da yaxın günlərdə aydınlıq gətiriləcək.

Regionda süni surətdə yaradılan gərginlikdən narahat olan ölkəmiz bu məsələlərə dair öz haqlı mövqeyini bildirir.  Azərbaycan Xarici İşlər Nazirliyinin məsələ ilə bağlı açıqlamasında deyildiyi kimi, şirnikləndirilən revanşist qüvvələrin bundan sonra Cənubi Qafqazda sabitliyin pozulmasına yönələn istənilən hərəkətinə görə təkcə Ermənistan deyil, eyni zamanda, onu bu işə sürükləyən Avrpa Birliyi və ABŞ məsuliyyəti bölüşməli olacaq. Çünki xaricilərin tapdağı altında qalan Ermənistan faktik olaraq dövlətçiliyini itirəcək, bir neçə dövlətin vassalına çevriləcək, erməni toplumunu isə məhv olmaq təhlükəsi qarşısında qoyacaq. Qısaca desək, müstəqil yaşamağı bacarmayan, ağılsız Ermənistan hakimiyyəti yaratdığı bataqlıqda özü boğulacaq.

Vəli İlyasov, "İki sahil"