31 mart 2024 18:05
409

Qərb nəyin bahasına olursa-olsun Cənubi Qafqazda müharibə ocağı yaratmaqdadır

Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk Pasxa bayramı ilə əlaqədar Vatikanın Müqəddəs Pyotr meydanında ənənəvi “Urbi et Orbi” (“Romaya və dünyaya”) çıxışı zamanı Azərbaycan ilə Ermənistan arasındakı sülh prosesindən danışıb. O, müharibədən sonra aparılan danışıqların əhəmiyyətini vurğulayıb. Roma Katolik Kilsəsinin rəhbəri, həmçinin bildirib ki,  tərəflər beynəlxalq ictimaiyyətin dəstəyi ilə dialoqu davam etdirə, köçkünlərə kömək edə, müxtəlif dini konfessiyaların ibadət yerlərinə hörmətlə yanaşa və ən qısa zamanda qəti sülh sazişinin imzalanmasına nail ola bilərlər. Yeri gəlmişkən xatırladaq ki, bu il yanvarın 8-də Papa Fransisk Müqəddəs Taxt-Tacda akkreditə olunmuş diplomatik korpusun rəhbərləri üçün təşkil edilən ənənəvi illik tədbirdə də belə fikirlər səsləndirmişdi.

Bəli, həqiqətən də Prezident İlham Əliyev  44 günlük  Vətən müharibəsi başa çatdıqdan sonra Ermənistana düşmənçiliyə son qoymağı və dövlətlərarası münasibətlərə yeni səhifədən başlamağı təklif etdi. Lakin Ermənistan havadarlarına arxalanaraq sülh danışıqları prosesindən yayındı. Ermənistanın qeyri-konstruktiv mövqe sərgiləyərək Qarabağdakı separatçıları yenidən revanşizmə hazırlaması Azərbaycanın cari ilin sentyabrın 19-20-də lokal xarakterli antiterror tədbirləri keçirməsi ilə nəticələndi. Nəticədə bütün ərazilərimizdə suverenliyimiz təmin edildi və Qarabağda erməni separatizminin kökü kəsildi. Bununla da sülh prosesində problem kimi görünən məsələlər həllini tapdı. Hətta  ötən ilin dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində iki ölkə arasında etimad quruculuğu istiqamətində ciddi addımların atılmasına dair razılıq əldə olundu. Dekabrın 13-də heç bir kənar vasitəçi olmadan əsirlərin mübadiləsi baş tutdu, iki ölkə arasında sərhədlərin delimitasiyası ilə bağlı Dövlət Komissiyasının reqlamenti təsdiq olundu. Siyasətçilər belə bir  razılaşmanın əldə olunmasını, həm də ölkələrarası münasibətlərin tənzimlənməsi baxımından, o cümlədən sülhlə bağlı danışıqların yeni bir səhifəsinin açılması kimi dəyərləndirdilər. Amma bütün bunlar Qərbi, xüsusilə Cənubi Qafqazda möhkəmlənmək niyyətində olan Fransanı, eləcə də həmişə ikili standartlardan çıxış edən ABŞ-ı narahat etməyə başladı. Başqa sözlə desək, Bakı-İrəvan trekində ikitərəfli, vasitəçilər olmadan danışıqların aparılması Vaşinqton, Brüssel və Parisin xoşuna gəlmədi. Odur ki, onlar Ermənistanı silahlandırmaqla, Avropa İttifaqının “mülki” missiyasını təcavüzkarın ərazisində yerləşdirməklə, revanşistləri ələ almaqla bu ölkəni sülh danışıqlarından yayındırmağa başladı. Bu ilin aprelin 5-də isə Brüsseldə keçiriləcək ABŞ-Avropa İttifaqı (Aİ)-Ermənistan müştərək konfransında Hayastan silahlı qüvvələrinə silah tədarük olunması, eləcə də Avropa İttifaqının Ermənistandakı missiyasının NATO missiyasına çevrilməsi, yəni bölgədə yeni hərbi paktın yaradılması məsələlərinin müzakirə ediləcəyi də nəzərdə tutulur. Bu isə birmənalı şəkildə sülh danışıqlarını dalana dirəməkdən başqa bir şey deyil. Məhz bu qüvvələr öz maraqları naminə sülh sazişinin imzalanmasına imkan vermirlər. 

Bəli, Qərb nəyin bahasına olursa-olsun Cənubi Qafqazda müharibə ocağı yaratmaqdadır. Üstəlik, Erməni Apostol Müqəddəs Kilsəsi də onları dəstəkləyir. Yəqin, bütün bunlardan katoliklərin ruhani liderinin xəbəri vardır. Yəqin o,  bilməmiş deyil ki, bölgədə sabitliyin bərqərar olması üçün rəsmi Bakı hər cür şərait yaradıb. Bu mənada yaxşı olardı ki, Roma Katolik Kilsəsinin rəhbəri sözügedən ölkələrə üzünü tutaraq deyərdi ki, məkrli niyyətlərinizdən əl çəkin. Erməni kilsəsinə bildirərdi ki, daha bəsdir, azərbaycanlılara nifrət etdiyiniz. Şübhəsiz, belə olsaydı, iki ölkə ən qısa zamanda qəti sülh sazişinin imzalanmasına nail olardı. Amma o belə bir addım atmır.
Yeri gəlmişkən, ötən əsrin sonlarında bir milyondan artıq soydaşımız erməni daşnakları tərəfindən öz yurd-yuvalarından vəhşicəsinə didərgin salınanda heç bir dəfə də Ermənistana, daşnaklara müraciət olunmayıb. 

Qvami Məhəbbətoğlu,”İki sahil”