30 mart 2024 21:29
494

İran niyə susur? - ŞƏRH

Bu ilin aprelin 5-də Brüsseldə keçiriləcək ABŞ-Avropa İttifaqı (Aİ)-Ermənistan müştərək konfransında Hayastan silahlı qüvvələrinə silah tədarük olunması, eləcə də Avropa İttifaqının Ermənistandakı missiyasının NATO missiyasına çevrilməsi, yəni bölgədə yeni hərbi paktın yaradılması məsələlərinin müzakirə ediləcəyi nəzərdə tutulur.

Siyasətçilərin fikrincə, Ermənistanın baş naziri Nikol Paşinyanın ABŞ dövlət katibi Entoni Blinkenin, Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayenin iştirakı ilə keçirələcək bu tədbir birbaşa Azərbaycana deyil, hər şeydən əvvəl Rusiyaya qarşı yönəlib. Həm də bu, İran üçün təhlükə deməkdir. Odur ki, rəsmi Moskva buna öz etirazını bildirməkdədir. Bu günlərdə Ermənistanda baş verən olaylara münasibət bildirən Rusiyanın xarici işlər naziri Sergey Lavrov “İzvestiya” qəzetinə müsahibəsində bildirib ki, bu,  Rusiya ilə münasibətlərin pozulmasına aparır: “Ermənistan rəhbərliyi, açıq desək, uydurma bəhanələrlə, son üç ilin üç il yarımlıq tarixini təhrif edərək işi bilərəkdən Rusiya ilə münasibətlərin pozulmasına, 102-ci hərbi bazada xidmət edən hərbçilərimizin, sərhədçilərimizin fəaliyyətinin gözdən salınmasına, bütövlükdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının gözdən salınmasına aparır". O, buna görə Nikol Paşinyanı sözün həqiqi mənasında hədələyib.  Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə açıq şəkildə bildirib ki, onlar Rusiyadan uzaqlaşan, bağladığı müqavilələrin şərtlərini yerinə yetirməyən və Qərbə yaxınlaşmaq istəyən Ermənistanı iqtisadi cəhətdən blokadaya ala bilərlər.

Amma regiona hər hansı xarici dövlətin müdaxiləsini istəməyən, Xocalı soyqırımı kimi dəhşətli qətliam törətmiş və bu siyasətində xristian birliyinin köməyinə arxalanmış təcavüzkar Ermənistanla əməkdaşlığı getdikcə dərinləşdirən, Zəngəzur dəhlizinin açılmasına maelər yaradan İran  nədənsə susmaqdadır. Doğrudur, haylara olan sonsuz məhəbbəti ilə seçilən mollakratiya dəfələrlə bəyan edib ki,  regiondankənar qüvvələrin bu regionda olması bizim maraqlarımıza uyğun deyil. Hətta bildiriblər ki, regional problemləri region ölkələri həll etməlidir. Üstəlik vurğulanıb ki, Cənubi Qafqaza regiondankənar qüvvələrin gəlməsi Tehranın “qırmızı xətti”dir. Amma fakt budur ki, Aİ-nin Ermənistandakı missiyasına artıq Norveç, Kanada və ABŞ-dən olan hərbçilər də cəlb olunublar. İndi də Ermənistanın əli ilə yeni hərbi pakt yaradılır. Bütün bunlar isə o deməkdir ki, artıq Hayastan “qırmızı xətt”i keçib. Bu yerdə adam az qala artıq dillərdə əzbər olan məlum ifadəni bir qədər dəyişib demək istəyir: “Nə oldu,  ay mollakratiya?”
Bəli, İran isə bütün bunlardan əndişələnmir. Yeri gəlmişkən qeyd edək ki, martın 19-da İran İranın Prezidenti İbrahim Rəisi rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığında ikitərəfli əməkdaşlığı müzakirə edib. Rəisi Ermənistan və Azərbaycanda baş verən hadisələri nəzərə alaraq “Cənubi Qafqazda sabitlik yaratmaq üçün Rusiyaya kömək” etməyə hazır olduğunu deyib. Amma yenə susmaqdadır. 

Halbuki, adi məsələlərə görə Azərbaycana hədə-qorxu gələn, ölkəmizə qarşı ağlagəlməz ittihamlar səsləndirə rəsmi Tehranın rəsmiləri Ermənistanda Qərbin hərbi bazasının yaradılması, hayların daha böyük iddialara düşməsi  fonunda İrəvana gözün üstə qaşın var demir. Şübhəsiz, bu, fars-molla rejiminin Ermənistana olan “sevgi”sindən irəli gəlir. Amma görünən budur ki, mollakratiyanın bu “sevgi”si onun öz başına bəla olacaq. 
Azərbaycana gəldikdə isə, rəsmi Bakı Ermənistanın havadarlarının ikili standartlarına artıq alışıb. Ona görə də əminliklə demək olar ki, bu kim addımların heç biri Azərbaycan xalqının və onun lideri cənab İlham Əliyevin iradəsini sarsıda bilməyəcək. Yəni bundan sonra da ölkəmizə qarşı qurulan bütün məkrli planların qarşısı alınacaq.

Qvami Məhəbbətoğlu, “İki sahil”