29 mart 2024 22:04
509

Qanmazlıq və anlamazlıq məğzi...

Dağıdıcı müxalifətin başbilənləri belə zəvzəyirlərsə, gör qalanları nə gündədir

Başabəla dağıdıcı müxalifətin təmsilçiləri həmişə olduğu kimi, yenə də axının əleyhinə üzməyə çalışır, ancaq reallıqlardan uzaqlaşaraq özlərinin uydurduqları mülahizələrə əsaslanırlar. Siyasi qazanlarda nəyin qaynadığını bilmədən, ya da bilərəkdən ondan özlərinə bir çömçə pay çəkirlər. Siyasi mətləblərdən çox "gətir-götür" işini daha yaxşı öyrəniblər. Keçək əsl mətləbə.

Bütün Azərbaycan cəmiyyəti başda ABŞ olmaqla Qərbin, xüsusilə də Fransanın təxribatlar mənbəyi olduğunu yaxşı bilir. Aprelin 5-də isə Cənubi Qafqaza və Azərbaycana müharibələr vəd edən paktın bağlanmasına sayılı günlər qalıb. Yəni, daim Ermənistanı müdafiə edən Qərb ölkələri Azərbaycana ciddi təhdid yaradırlar. Ermənistanla Azərbaycanın sülh müqaviləsinin bağlanması ərəfəsində dinclik yenə pozulacaq, sülh əldə edilməsi bir daha uzanacaq. Cənubi Qafqaz yenidən hərbi poliqona çevriləcək.

Ancaq burnunun ucundan uzağı görə bilməyən AXCP və onun təmsilçiləri tamamilə əks fikirdə olduqlarını bildirirlər. Bu məsələdə AXCP sədrinin müavini Fuad Qəhrəmanlı isə "şefi" Əli Kərimlidən nümunə götürərək, necə deyərlər, "quşu lap  gözündən vurub." O, regionumuza müharibə riskləri daşıyan Qərbin yeritdiyi irticaçı siyasətə haqq qazandırır və alqışlayır. "Özündən bəy" yaxıngörənliklə deyir ki, guya Azərbaycanın ABŞ və Avropanın siyasətinə qarşı çıxması düzgün deyil, "məsum" Qərbə ədalətsiz yanaşmadır və tamamilə yanlışlıqdır. Düşünmək olar ki, hansısa bir azərbaycanlı hadisələrin məğzini bilmədən ağzını "yezid yolu" qoyub bu cür fikirə gəlirsə, ar olsun ona. Anlamazın birinin siyasətdən kiməsə dərs keçməsi həm istehza, həm də təəssüf doğurur. Görün hakimiyyət iddiasında olanlar hansı ağıldadırlar ki, iyirmi birinci əsrdə dostla düşməni ayırd edə bilmirlər. El içində belələri haqqında yaxşı deyirlər ki, bunlar olan yerdə bizə düşmən lazım deyil.

Hazırkı şəraitdə təriflədikləri Qərbin Azərbaycana qarşı tətbiq etdiyi ikili standartlar gözlərinin içinə girsə də o barədə narazılıqlarını bildirmirlər. Sanki heç nə görmürlər. Səslərini içlərinə çəkərək razı qaldıqlarını nümayiş etdirirlər. Təki onlara yaşıl pullar verən "daydayları"nın xoşuna gəlsinlər. Qısaca desək, bunlarınkı vətən sevgisi yox, pul, sərvət sevgisidir. Qəhr olsun satqınlıqla ələ keçirdikləri bu cür murdar sərvət!

Vəli İlyasov, "İki sahil"