Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunması respublika daxilində ərazi vahidlərinin statusunun da yeniləşməsinə səbəb oldu. Azərbaycanın iqtisadiyyatı bütün regionları, bu sıradan Naxçıvanı da əhatə edirdi və bu əhatələmə dövlətin daxili siyasətinin başlıca mahiyyəti idi.
Azərbaycan elan edilmədən müharibəyə cəlb olunanda Naxçıvan da bu müharibədə bütün parametrləri ilə iştirak edirdi. Günnüt zəfəri ümumi qələbənin mənəvi stimullarından biri oldu. İkinci Qarabağ müharibəsində qazanılan tarixi Zəfər Naxçıvanda da böyük tarixi hadisə kimi, dövlətçiliyə sədaqət kimi, Vətənə böyük sevgi kimi qeyd olundu...
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Naxçıvana müxtəlif vaxtlarda səfər edib. Hər səfər Naxçıvanın sosial, mədəni, iqtisadi inkişafına əhəmiyyətli təsir göstərib. Dövlət başçımızın avqustun 11-də Naxçıvana növbəti səfəri də belə tarixləşdi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev son dövrlərdə dünyəvi problemlərdən biri olan enerji haqqında, bu sıradan Günəş enerjisi haqqında da fikir bildirərək dedi ki, Günəş elektrik enerjisinin istehsalı üçün Azərbaycan ərazisində ən əlverişli məkan Naxçıvandır. Buna görə artıq 600 hektardan çox ərazi müəyyən edilib, orada yüzlərlə meqavat gücündə Günəş elektrik stansiyaları inşa ediləcək.
Tarix təkcə rəqəmlər, hadisələr deyil, həm də abidələrdir, tikililərdir. Antik dünya mədəniyyəti məhz belə tikililərlə tarixdə qala bilib. Bu baxımdan Naxçıvanın tarixi tikililəri də, abidələri də əvəzsiz tarixi sənədlərdir. Bunlar Naxçıvanın qədim və zəngin tarixinin, memarlıq mədəniyyətinin sənədləridir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Naxçıvana səfərində Azərbaycan Televiziyasına müsahibəsində tarixi müəyyənləşdirən belə abidələrə münasibətini də bildirdi: “Digər vacib sahə Naxçıvanın tarixi-mədəni abidələrinin qorunmasıdır. Bildiyiniz kimi, Naxçıvan qədim Atabəylər dövlətinin paytaxtı olub və o dövrə, ondan sonrakı dövrə aid olan bir çox abidələr dünya əhəmiyyətli abidələrdir. Möminə xatun məqbərəsinin bərpası ilə bağlı görülən işlər bu gün mənə təqdim edildi. Eyni zamanda, digər tarixi-mədəni obyektlərin konservasiyası, qorunması və bərpası nəzərdə tutulur. Möminə xatun məqbərəsinin müəllifi məşhur Naxçıvanlı memar Əcəmi Naxçıvaninin şərəfinə abidə ucaldıldı. O abidənin arxasında onun ölməz əsəri Möminə xatun məqbərəsi yerləşir. Bütün bu məsələlər böyük əhəmiyyət daşıyır. Çünki təbii ki, sosial-iqtisadi inkişaf, enerji təhlükəsizliyi vacib məsələlərdir. Ancaq bütün bu görülən işlərin təməlində bizim milli kimliyimiz dayanır, milli ruhumuz dayanır, mədəniyyətimiz, dilimiz, ədəbiyyatımız, tariximiz dayanır. Azərbaycan xalqı xoşbəxt xalqdır. Biz tariximizlə, mədəniyyətimizlə, görkəmli şəxsiyyətlərimizlə fəxr edə bilərik”.
Tarixi şəxsiyyətlər bütün tarixi şəraitlərdə tarixin axarını xalqının, dövlətçiliyin sabahlarına, dünyəvi siyasətin mahiyyətini dövlətçiliyin daha da möhkəmləndirilməsinə yönəldə bilir, mövcud potensialların səfərbər olunmasını təmin edir. Dünya siyasətçilərinin böyük ehtiramla xatırladıqları belə siyasətçilərdən biri də böyük tarixi şəxsiyyət Heydər Əliyevdir. Bu tarixi şəxsiyyətin də adı Naxçıvanla bağlıdır.
Tarixin gərdişi ucbatından ötən əsrdən Azərbaycanın tarixi torpaqlarının bir hissəsi İttifaqın siyasi maraqları baxımından itirildi. Nəticə etibarilə Naxçıvan sərhəd baxımından Azərbaycandan ayrıldı. Bu da imperiya siyasəti idi və bu ayrılma ötən əsrin sonlarında ermənilik tamahına ünvan olmuşdu.
Naxçıvanla quru sərhədlərinin yaradılmasının Azərbaycan dövləti üçün başlıca niyyətlərdən olduğunu xatırladan dövlət başçımız bildirdi ki, “İkinci Qarabağ müharibəsinin başa çatması ilə əlaqədar üçtərəfli bəyanat imzalanmışdır - Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın Baş naziri. Əslində, bu, Ermənistan üçün kapitulyasiya aktı idi, çünki Ermənistan təslim oldu. O vaxt hələ işğal altında olan, - müharibə yolu ilə hələ biz o bölgələri azad etməmişdik, – Ağdam, Kəlbəcər və Laçın rayonları bir güllə atılmadan bizə qaytarıldı. Təbii ki, Ermənistan bunu könüllü etməmişdir, biz onu məcbur etdik. Kimisə müharibə şəraitində məcbur edirsənsə, deməli, həmin o tərəf kapitulyasiyaya uğrayır. Yəni bu termində hər hansı bir alçaldıcı, yaxud da ki, təhqiramiz bir məna axtarmaq lazım deyil. Bu, sadəcə olaraq, reallıqdır”.
2020-ci il noyabrın 9-da Şuşa işğaldan azad olunandan sonra Rusiya Prezidentinin vasitəsilə üçtərəfli danışıqlarda imzalanacaq bəyanatda Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirən dəhlizin mütləq öz əksini tapmasını təkid etdiyini xatırladan dövlət başçımız müsahibəsində bildirdi ki, “...2025-ci il avqustun 8-də tarixi Vaşinqton Zirvə Görüşündə bu məsələ öz həllini tapdı. TRIPP adını daşıyan bu layihənin icrasına artıq start verilmişdir. Bu yaxınlarda, üç gün bundan qabaq - avqustun 8-də Prezident Trampla söhbət əsnasında bu məsələyə də toxunuldu və hər iki tərəf əminliyini vurğuladı ki, bu önəmli nəqliyyat layihəsi mütləq və tezliklə icra ediləcək...”.
Müsahibəsində Horadiz–Ağbənd avtomobil yolunun hazır olduğunu, Naxçıvanda müasir sənaye komplekslərinin yaradılacağını, Naxçıvanın da, işğaldan azad olunmuş ərazilərimizin də - Şərqi Zəngəzurun, Qarabağın vahid konsepsiya əsasında inkişaf edəcəyini, ... bildirən dövlət başçımız Qarabağda və Şərqi Zəngəzurda yeni idarəetmə sisteminin üstünlükləri haqqında dedi: “Əminəm ki, artıq orada yaşayan 90 mindən çox insan da bunu görür. Eyni idarəetmə - Prezidentin xüsusi nümayəndəliyi Naxçıvanda da tətbiq olundu. Beləliklə, kadr islahatları ilə paralel olaraq, bu struktur islahatları da, əlbəttə, əsas hədəfə istiqamətlənmiş bir yanaşmadır ki, bu bölgə, bu qədim diyar daim inkişaf etsin, insanlar burada rahat, təhlükəsizlik şəraitində yaşasınlar, firavan yaşasınlar...”.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Naxçıvana səfəri Azərbaycanın iqtisadi inkişafının vahid konsepsiya əsasında aparıldığının, bu inkişaf Azərbaycanın daha nurlu sabahlarının zəmanətidir. Dövlət başçımızın Naxçıvana səfəri bu zəmanətin tərkib hissələrindəndir...
Səbinə Xasayeva,
Milli Məclisin deputatı