29 mart 2024 22:19
416

Başqa yol yoxdur: İşğal altındakı kəndlərimiz geri qaytarılmalıdır!

Cəmiyyətimiz işğal altındakı kəndlərimizin azadlığa qovuşacağına əmindir

Hazırda Qazax rayonunun 7 (Sofulu, Bərxudarlı, Bağanis Ayrım, Qızılhacılı, Yuxarı Əskipara, Aşağı Əskipara və Xeyrimli), Naxçıvan Muxtar Respublikasının 1 kəndi (Kərki) Ermənistanın işğalı altındadır. Bu fakt təcavüzkar ölkənin Azərbaycana qarşı ərazi iddiasından hələ də əl çəkmədiyinin göstəricisidir. Rəsmi Bakı həmin anklav (Kərki və Qazağın Sofulu, Yuxarı Əskipara və Bərxudarlı) və qeyri-anklav (Bağanis Ayrım, Qızıl Hacılı, Aşağı Əskipara və Xeyrimli) kəndlərin azad edilməsi istiqamətində əməli addımlar atmaqda davam edir. Azərbaycan isə işğal altındakı bütün kəndlərin qaytarılmasında israrlıdır. Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində demişdir ki, o kəndlər ki, anklav kəndlər deyil, həmin dörd kənd Azərbaycana qeyd-şərtsiz qaytarılmalıdır: “O kəndlər ki, anklav kəndlərdir, - çünki Ermənistanın bir anklav kəndi Azərbaycan ərazisindədir, - həmin kəndlərlə əlaqədar ayrıca bir ekspert qrupu yaradılmalıdır və o, müzakirə edilməlidir. Biz hesab edirik ki, bütün anklavlar qaytarılmalıdır”.

Göründüyü kimi, rəsmi Bakı işğal altında qalan 8 kəndin beynəlxalq hüquq normaları çərçivəsində qaytarılması ilə bağlı "mərhələli həll" variantından çıxış edib. Amma Qərbdən, xüsusilə Fransadan təlimatlar alan Hayastan bu məsələdə hələ də nala- mıxa vurmaqdadır. Yeri gəlmişkən qeyd edək ki, bu ərazilər Nikol Paşinyanın tez- tez təkrar elədiyi Ermənistanın 29,8 min kvadratkilometrlik ərazisinə daxil deyil. Yəni, bu ərazilərin əsil sahibi Azərbaycandır.

Doğrudur, bu yaxınlarda Ermənistanın baş nazir Nikol Paşinyan 4 kəndin qeyd-şərtsiz Azərbaycana qaytarılacağını bildirib. Amma hələ ki, real addımlar atılmır.  Daha doğrusu, rəsmi İrəvan bir yandan sülh bəyanatı səsləndirir, əməldə isə fərqli fəaliyyət həyata keçirir. Bu mənada demək olar ki, Hayastan öz ənənəvi gedişlərindən istifadə etməkdədir. Amma Azərbaycan cəmiyyəti həmin kəndlərin işğaladan azad olunacağına əmindir. Bunu Sosial Tədqiqatlar Mərkəzinin Azərbaycan və Ermənistan arasında sərhədlərin dəqiqləşməsi prosesi çərçivəsində hazırda Ermənistanın işğalı altında olan Qazax rayonunun 7 kəndinin və Naxçıvan MR Sədərək rayonunun Kərki kəndinin təhvil verilməsi məsələsinin aktuallığını nəzərə alaraq, vətəndaşların bu barədə gözləntilərinin öyrənilməsi məqsədilə keçirdiyi sorğu da sübut edir. Respondentlərə “Ermənistanın işğalı altındakı kəndlərin yaxın gələcəkdə azad ediləcəyinə inanırsınızmı?” sualı ünvanlanıb. Sorğunun nəticələrinə əsasən, cəmiyyətin Ermənistanın işğalı altında olan kəndlərin azad ediləcəyi ilə bağlı gözləntisi yüksəkdir. Belə ki, respondentlərin mütləq əksəriyyəti - 95.8 faizi Ermənistanın işğalı altındakı kəndlərin yaxın gələcəkdə azad ediləcəyinə inandığını, 3.6 faizi inanmadığını bildirib. 0.6 faizi bu barədə fikir bildirməkdə çətinlik çəkib. Bu nəticə isə o deməkdir ki, bu gün xalqımız vaxtilə işğal altındakı 20 faiz ərazisinin azad olunması məsələ-sində həmrəy olduğu kimi, 8 kəndinin əsarətdən qurtulmasında da yekdil mövqedədir

Qeyd edək ki, Azərbaycanın Qazax rayonunun Sofulu, Bərxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara, Aşağı Əskipara, Xeyrimli kəndləri və Naxçıvan MR Sədərək rayonunun Kərki kəndi Ermənistan tərəfindən 1990-1992-ci illərdə işğal edilib. İşğal altında olan bu 8 kəndin 4-ü Azərbaycanın eksklav əraziləridir.

Qvami Məhəbbətoğlu, “İki sahil”