30 mart 2024 00:48
470

Ekoloji tarazlığı pozmaq erməni vandalizminin əsas hədəflərindəndir

Ermənistan regionun ekoloji tarazlığı üçün də ciddi təhlükələr yaradır. Torpaqlarımızın işğal altında olduğu 30 il müddətində bədnam qonşumuz yurd yerlərimizi viran qoymaqla, dinc insanları hədəfə almaqla yanaşı, təbiət abidələrini, flora və faunanı da vandalcasına məhv edib.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında Ermənistanın həyata keçirdiyi ekoloji terror nəticəsində 10-dan çox qoruq və yasaqlıq, ölkəmizin “Qırmızı Kitab”ına və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının “Qırmızı Siyahı”sına daxil olunan nadir bitki və heyvan növləri, Azərbaycan və Qarabağ endemləri birdəfəlik məhv edilib. Təkcə onu qeyd etmək kifayətdir ki, Qarabağ və ətraf ərazilərin 280 min hektardan çox meşə fondu, o cümlədən Avropada yeganə çinar meşəsinin əksər hissəsi, yaşı 120 ildən 2600 ilədək olan yüzlərlə ən qiymətli ağac–təbiət abidəsi vəhşicəsinə talan edilərək Ermənistana daşınıb və ya xarici ölkələrə satılıb.

Bununlada Ermənistan ekoloji mühitin toxunulmazlığı haqqında beynəlxalq konvensiyaların tələblərini, BMT-nin ətraf mühit üzrə müvafiq təşkilatlarının normativ aktlarını kobud şəkildə pozub. Ətraf mühitə və inkişafa dair Rio-de-Janeyro Bəyannaməsinə görə, müharibələr davamlı inkişaf prosesinə dağıdıcı təsir göstərməməlidir. Bu səbəbdən dövlətlər silahlı münaqişələr zamanı ətraf mühitin mühafizəsinə dair beynəlxalq hüquqa hörmət etməlidirlər. Lakin ermənilər nəinki bu prinsipləri gözləmədi, əksinə onları kobud surətdə pozaraq işğal etdikləri ərazilərimizin təbiətini viran qoydular.

Ermənistanın dağ-mədən sənayesinin son illərdəki fəaliyyəti də ciddi narahatlıq doğurur. Çünki bu ölkədə dağ-mədən sənayesi işləri zamanı heç bir ekoloji norma və standartlar gözlənilmir, nəticədə ətraf mühitə vurulan ciddi zərərin, ekoloji fəsadların miqyası sürətlə artır. Ermənistanda genişlənən qanunsuz dağ-mədən işləri səbəbindən isə bölgə ekoloji fəlakətin astanasındadır. Bu isə beynəlxalq miqyasda olduğu kimi, ölkə daxilində də ciddi narazılıqla qarşılanır. Amma Ermənistan rəhbərliyi daxili etirazlara, xarici ölkələrin və beynəlxalq təşkilatların müraciətlərinə məhəl qoymur. Artıq Ermənistanın Cənubi Qafqazı ekoloji fəlakət bölgəsinə çevirməsi  beynəlxalq miqyasda narahatlıqla qarşılanır. İndi bütün dünya anlayır ki, işğalçı ölkənin bu qanunsuz əməlləri təkcə region deyil, həm də bütün bəşəriyyət, ümumi evimiz olan planetimiz üçün ciddi təhlükə yaradır. Hələ cari ilin 31 yanvar tarixində 22 ölkəni təmsil edən 49 QHT və ekofəallar Azərbaycan və Ermənistanın qeyri-hökumət təşkilatlarının səsinə səs verərək həmrəylik nümayiş etdiriblər. Onlar Ermənistanın dağ-mədən sənayesində beynəlxalq ekoloji norma və standartları pozaraq həyata keçirilən işlərin dünyanın ekosistemini pozmasına dair bəyanat yayıblar. Onların bu xoşməramlı bəyanatında Cənubi Qafqaz regionu üçün ekoloji ədalət tələb olunur.

İkinci Qarabağ müharibəsindən sonra aşkarlanan minaların 2021-ci ildə istehsal edilməsi onu göstərir ki, hayların bu terrorçu əməli sülh prosesi çərçivəsində də davam etmişdir. Problem hələ var və nə qədər insanımız həlak olub, nə qədər insanımız sağlamlığını itirib əlil olub, təbiətimizə, heyvanat aləminə nə qədər ziyan dəyib, bunu mütəxəssislər dəfələrlə bəyan ediblər. Belə ki, İkinci Qarabağ müharibəsindən indiyədək 340-dan çox soydaşımız minaya düşərək həlak olmuş və ya xəsarət almışdır.

Bu gün minaların mövcudluğu nəticəsində ekosid davam edir. Azad olunmuş ərazilərdəki heyvanlar da minaların qurbanı olurlar. Mina terroru həm də ekoloji tarazlığın pozulmasına gətirib çıxarır. Ermənistan tərəfindən heyvanlara, vəhşi faunaya qarşı sərgilənən bu cür qəddar münasibət yolverilməzdir. Cənubi Qafqaz kimi biomüxtəliflik cəhətdən zəngin bir regionun nadir təbiət inciləri, heyvanları bu cür rəftara məruz qalmamalıdır.

Ermənistan bu anti-humanizm hərəkətlərinə, eko müharibəyə, faunaya qarşı qəddarlığa görə cavab verməlidir. Beynəlxalq ictimaiyyət Ermənistan hakimiyyətinə torpaqlarımızda basdırılmış minaların dəqiq xəritələrini ölkəmizə təqdim etməsi üçün ciddi təzyiq göstərməlidir. Əks halda terrorçu ölkə ətraf mühitə, biomüxtəlifliyə qarşı yeni cinayətlərə təşəbbüs göstərəcək.

Nigar Orucova, “İki sahil”