30 mart 2024 01:13
469

Fransa anlamalıdır ki...

Makronun siyasəti Cənubi Qafqazda vəziyyətin gərginləşməsinə xidmət edir

Fransanın Azərbaycana qarşı qərəzli siyasəti artıq sistemli xarakter daşıyır. Fransanın baş naziri Qabriel Attal Erməni Təşkilatlarının Əlaqələndirmə Şurasının tədbirində Azərbaycana qarşı və Ermənistanı birtərəfli qaydada müdafiə edən əsassız iddialar da bunu bir daha təsdiq edir. Fransa hökumətinin Cənubi Qafqazla bağlı siyasəti regionda sabitliyi pozmağa, gərginlik yaratmağa hesablanıb. Azərbaycanın müstəqil siyasət yürütməsi, bəzi ölkələri, o cümlədən Fransanı narahat edən əsas məqamlardan biridir. Bu gün bizim ölkəmiz regionda tamamilə müstəqil siyasət yürüdür, xüsusilə beynəlxalq əhəmiyyətli məsələlərdə öz milli maraqlarına uyğun qərarlar qəbul edir. Eyni zamanda, Azərbaycanın uzun illərdən sonra öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi də bəzi dövlətlərin narahatlığına səbəb olur. Azərbaycanla təzyiq və təhdid dili danışmaq mümkün deyil. Ona görə də, Fransa kimi ölkələr Azərbaycana öz maraqlarını diktə etməyin mümkün olmadığını başa düşməlidirlər.  Bu fikirləri “İki sahil”ə eksklüziv açıqlamasında Milli Məclisin deputatı Soltan Məmmədov deyib.

Rəsmi Paris Cənubi Qafqazla bağlı siyasətinin uğursuzluğun məsuliyyətini başqalarının üzərinə atmaq istəyir

Deputat xatırladıb ki, Fransanın “Le Fiqaro” qəzeti Makronun ermənilərin taleyinə səmimi olaraq biganə yanaşmayan yeganə lider olduğunu, amma Fransanın təşəbbüslərinin nəticə vermədiyini yazıb. Məqalədə Fransanın Qarabağa dair təşkil etmək istədiyi konfransın ABŞ-ın etirazı səbəbindən  baş tutmadığı, Makronun “erməni məsələsini” Roma Papası ilə də müzakirə etmək istəyinin də dəstək almadığı qeyd olunur: “Hökumətə yaxınlığı ilə seçilən bir qəzetdə belə bir materialın getməsi, onu deməyə əsas verir ki, Fransa hökuməti Cənubi Qafqazla bağlı siyasətinin uğursuzluğun məsuliyyətini başqalarının üzərinə atmaq istəyir. İstənilən halda bu həm də, Fransanın xarici siyasətində üzləşdiyi ardıcıl məğlubiyyətlərin etirafı kimi qiymətləndirilə bilər”. S.Məmmədov vurğulayıb ki, Fransanın atdığı addımlar Cənubi Qafqaz regionunda vəziyyətin gərginləşməsinə xidmət edir, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına, iki ölkə arasında münasibətlərin normallaşmasına maneə yaratmaq məqsədi daşıyır.

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin sədri Xəyal Bəşirov isə “İki sahil”ə bildirib ki, son zamanlar bəzi Qərb dövlətləri  və institutları Azərbaycana qarşı səfərbər olunublar. Bu, müxtəlif platformalarda özünü açıq şəkildə büruzə verir. Bunların da önündə gedəni Fransanın hazırkı hakimiyyətidir.  Emmanuel Makron iqtidarı çalışır ki, Azərbaycan dövlətinin  beynəlxalq uğurlarına kölgə  salsın. Azərbaycanın suveren hüququ olan ərazi bütövlüyünün və suverenliyinin təmin edilməsi ilə bağlı addımlarını fərqli şəkildə  beynəlxalq ictimaiyyətin diqqətinə çatdırsın.  Bu səbəbdən də rəsmi Paris özünün uydurmalarını sanki beynəlxalq hüquqa zidd, eyni zamanda, Ermənistanın ərazi bütövlüyünə təhdid kimi  qiymətləndirməyə çalışır. Amma əslində Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi Fransanın da zamanında imza atdığı BMT Təhlükəsizlik Şurasının, həm də BMT Baş Assambleyasının qəbul etdikləri qətnamələrə uyğundur. Bu, həm də Fransanın öz üzərinə vəzifə və öhdəlik kimi götürdüyü ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin həyata keçirməli olduğu  tədbirlərə  uyğun addımdır ki, bu gün Makron hökuməti bunu fərqli şəkildə diqqətə çatdırmağa çalışır.

Politoloqun sözlərinə görə, hazırda Fransanın bu prosesə hansı şəkildə münasibət bildirdiyini  tam aydınlaşdırmaq üçün sadəcə bəzi məqamları diqqətə çatdırmaq kifayətdir ki, əslində məsələnin nə yerdə olduğunu görə bilək. Fransa  BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən biri kimi 1993-cü ildə dörd qətnamə imzalayıb. Həmin o qətnamələrə əsasən Ermənistan ordusu işğal etdiyi Azərbaycan ərazilərini qeydsiz-şərtsiz dərhal tərk etməli idi. Fransa 2008-ci ilin mart ayında BMT Baş Assambleyasında qəbul edilmiş Azərbaycan ərazilərinin işğaldan azad edilməsi ilə bağlı qətnaməyə uyğun olaraq Ermənistanın addımlarını pisləyən bir dövlət olub.

Həmsöhbətimiz qeyd edib ki, Fransa artıq dəfn edilmiş uğursuz Minsk qrupunun həmsədri kimi 30 ilə yaxın müddət ərzində keçmiş münaqişənin həlli istiqamətində addımlar atacağı ilə bağlı üzərinə öhdəliklər götürmüşdü: “Amma şahidi olduq ki, şəxsən Emmanuel Makron 2022-ci ilin oktyabr ayında  müsahibə verərək tarixi torpağımız olan Qarabağı Ermənistanın ürəyi adlandırdı. Fransanın Baş naziri bu gün Ermənistanın ərazi bütövlüyünü, müstəqilliyini, ərazisini, suverenliyini qorumağı Fransa dövləti üçün başlıca vəzifə adlandırır. Əslində, Fransa dünyada mövcud olan 200-ə qədər digər dövlətlərdən heç  nə ilə  fərqlənmir. Söhbət de-yure fərqlilikdən gedir. Bəli, de-fakto Fransa müxtəlif formalarda fərqli siyasət yürüdür, bütün dünyada dövlətlərə qarşı yüzilliklər boyu soyqırımı, təcavüz cinayətləri törədən, müstəmləkəçilik siyasətini davam etdirən, milyonlarla insanı həyatdan məhrum edən  və bu günə qədər də Okeaniya bölgəsində müxtəlif xalqların müstəqillikləri uğrunda apardıqları mübarizələrini boğan siyasət yürüdür. Amma Fransa dövləti beynəlxalq səviyyədə hər hansı bir üstünlüyü, hər hansı bir digər dövlətlərlə bağlı hüquq fərqliliyi  yoxdur. Fransaya heç bir dövlət, təşkilat, sənəd haqq vermir ki, o, hansısa digər dövlətin müstəqilliyini, ərazi bütövlüyünü, suverenliyini qorumağı özünün vəzifəsi hesab etsin.

Politoloqun sözlərinə görə, Fransa həqiqətən də ölkələrin ərazi bütövlüyünə, suverenliyinə, müstəqilliyinə hörmətlə yanaşan bir dövlətdirsə, bu siyasətin tərəfdarıdırsa Korsikanın və onun xalqının təməl hüquqlarının qorunmasını təmin etsin. Qəmər  və Mayot adalarındakı  insanların azadlıq səslərini boğmasın, Martinikdə, Qvadelupada, Fransız Qvineyasında, Polineziyasında, Yeni Kaledoniyada  insanların özlərinin ilkin təməl hüquqları uğrunda apardıqları mübarizəni boğmasın, onlara qarşı  dəyənək siyasətini tətbiq etməsin.Rəsmi Paris Azərbaycanda 30 il meydan sulamış separatizm  münasibətdə xalqların öz müqəddaratını müəyyənetmə, Ermənistanla bağlı  isə ərazi bütövlüyü məsələsini gündəmə gətirərək fərqli münasibət ortaya qoyur. Bu, Fransanın özündə yeni standartlar müəyyənləşdirməsindən, o standartları ayrı-ayrı dövlətlərə tətbiq etmək siyasətindən xəbər verir. Unutmasınlar ki, Azərbaycan 90-cı illərin Azərbaycanı deyil. Əgər Fransanın Ermənistanın müstəqilliyi, ərazi bütövlüyü, suverenliyi ilə bağlı narahatlığı varsa, o halda niyə 30 ilə yaxın müddət ərzində onun Rusiyanın  forpostu olduğu bütün məsələlərdə mövqe ortaya qoymurdu. İndimi yadına düşüb, Ermənistanın ərazi bütövlüyü?..

Həmsöhbətimiz qeyd edib ki, bütün bunlar gözdən pərdə asmağa, Azərbaycana qarşı səfərbər olunmağa haqq qazandırmağa və Cənubi Qafqazda sülhə, demokratiyaya, insan hüquq və azadlıqlarına, dövlətlərin ərazi bütövlüyünə, müstəqilliyinə, təhlükəsizliyinə təhdid yaradacaq siyasətə xidmət edən addımlardır: “Fransa  bu yolla Cənubi Qafqazda sülhə mane olmağa cəhd göstərir. Hesab edirəm ki, bu cəhd uğursuzluğa düçar olacaq. Azərbaycan Fransanın həm Ermənistan, həm də müxtəlif regionlarda yürütdüyü neokolonialist siyasəti ifşa etməkdə davam edəcək”.

Yaqut Ağaşahqızı, “İki sahil”