Son zamanlar Azərbaycana qarşı bəzi Qərb dövlətləri və institutları səfərbər olunublar. Bu, müxtəlif platformalarda özünü açıq şəkildə büruzə verir. Bunların da önündə gedən Fransa dövləti və rəsmiləridir. Emmanuel Makron hakimiyyəti çalışır ki, Azərbaycan hakimiyyətinə kölgə salsın. Azərbaycanın suveren hüququ olan ərazi bütövlüyünün və suverenliyinin təmin edilməsi ilə bağlı addımlarını fərqli şəkildə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırsın. Bunu sanki beynəlxalq hüquqa zidd, eyni zamanda, Ermənistanın ərazi bütövlüyünə təhdid kimi diqqətə çatdırmağa çalışır. Amma, əslində Fransanın da zamanında imza atdığı BMT Təhlükəsizlik Şurasının, həm də BMT Baş Assambleyasının 2008-ci ildə qəbul etdiyi qətnamələrə uyğundur. Bu, həm də Fransanın öz üzərinə vəzifə və öhdəlik kimi götürdüyü ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin həyata keçirməli olduğu bir qanuna və hüquqa uyğun addımdır ki, bu gün Fransa bunu fərqli şəkildə diqqətə çatdırmağa çalışır.
Bu fikirləri “İki sahil”ə özəl açıqlamasında Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin sədri Xəyal Bəşirov söyləyib.
Politoloqun sözlərinə görə, BMT-nin nizamnaməsindən, qətnamələrdən, beynəlxalq hüquqa uyğun olan addımlardan kənara çıxmamışıq Azərbaycan özünün ərazi bütövlüyünü təmin etmək istiqamətində hüquqa və qanuna uyğun addımlar atıb. Fransa kimi dövlətlərin bu fikirləri səsləndirməsi Fransanın prezidentinin, baş nazirinin, xarici İşlər nazirinin və digər rəsmilərinin, eyni zamanda, onlara qoşularaq özlərinin ermənipərəst mövqeyini nümayiş etdirməyə cəhd göstərən bəzi dövlətlərin rəsmilərinin və beynəlxalq təşkilatların rəhbərlərinin səsləndirdikləri fikirlər əsassız ittihamlardan, absurd iddialardan və dezinformasiyadan başqa bir şey deyil.
Təbii ki, bu gün Fransanın bu prosesə hansı şəkildə münasibət bildirdiyini tam aydınlaşdırmaq üçün sadəcə bəzi məqamları diqqətə çatdırmaq kifayətdir ki, əslində məsələnin nə yerdə olduğunu görə bilək. Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən biri kimi 1993-cü ildə dörd qətnamə imzalayıb. Həmin o qətnamələr əsasə Ermənistan ordusu işğal etdiyi Azərbaycan ərazilərini qeydsiz-şərtsiz dərhal tərk etməli idilər. Fransa BMT Baş Assambleyasında 2008-ci ilin mart ayında qəbul edilmiş Azərbaycan ərazilərinin işğaldan azad edilməsi ilə bağlı qətnaməyə uyğun olaraq Ermənistanın addımlarını pisləyən bir dövlət olub.
Həmsöhbətimiz qeyd edib ki, Fransa uğursuz Minsk qrupunun həmsədri kimi 30 ilə yaxın müddət ərzində keçmiş münaqişənin həlli istiqamətində addımlar atacağı ilə bağlı üzərinə öhdəliklər götürmüşdü. Amma şahidi olduq ki, şəxsən Emmanuel Makron 2022-ci ilin oktyabr ayında müsahibə verərək tarixi torpağımız olan Qarabağı Ermənistanın ürəyi adlandırdı. Fransanın baş naziri Ermənistanın ərazi bütövlüyünü, müstəqilliyini, ərazisini, suverenliyini qorumağı Fransa dövləti üçün vəzifə adlandırır. Əslində, Fransa dövləti dünyada 200-ə qədər digər dövlətlərdən heç bir şeyi ilə fərqlənmir. Söhbət de-yure fərqlilikdən gedir. Bəli, de-fakto Fransa müxtəlif formalarda fərqli siyasət yürüdür, bütün dünyada dövlətlərə qarşı yüzilliklər boyu soyqırımı, təcavüz cinayətləri törədən, müstəmləkəçilik siyasətini davam etdirən, milyonlarla insanı həyatdan məhrum edən və bu günə qədər də Okeaniya bölgəsində müxtəlif xalqların müstəqilliyi uğrunda apardıqları mübarizələrini boğan siyasət yürüdür. Amma, Fransa dövləti beynəlxalq səviyyədə hər hansı bir üstünlüyü, hər hansı bir digər dövlətlərlə bağlı hüquq fərqliliyi yoxdur. Fransaya heç bir dövlət, təşkilat, sənəd, haqq vermir ki, o, hansısa digər dövlətin müstəqilliyini, ərazi bütövlüyünü, suverenliyini qorumağı özünün vəzifəsi hesab etsin.
Fransa həqiqətən də ərazi bütövlüyünə, suverenliyə, müstəqilliyə hörmətlə yanaşan bir dövlətdirsə...
Politoloqun sözlərinə görə, Fransa həqiqətən də ərazi bütövlüyünə, suverenliyə, müstəqilliyə hörmətlə yanaşan bir dövlətdirsə, bu siyasətin tərəfdarıdırsa Korsikanın və onun xalqının təməl hüquqlarının qorunmasına hörmətlə yanaşsın. Qəmər və Mayot adalarındakı insanların azadlıq səslərini boğmasın, Martinikdə, Qvadelupada, Fransız Qvineyasında, Polineziyasında, Yeni Kaledoniyada insanların özlərinin ilkin təməl hüquqları uğrunda apardıqları mübarizəni boğmasın, onlara qarşı güc tətbiq etməsin, dəyənək siyasətini tətbiq etməsin. Azərbaycana münasibətdə xalqların öz müqəddaratını müəyyənetmə, Ermənistanla bağlı isə ərazi bütövlüyü məsələsini gündəmə gətirərək Fransa fərqli münasibət ortaya qoyur. Bu, Fransanın öz-özlüyündə standartlar müəyyən etməsi və o standartları ayrı-ayrı dövlətlərə tətbiq etməyə cəhd etmək siyasətindən xəbər verir. Unutmasınlar ki, Azərbaycan 90-cı illərin Azərbaycanı deyil. Əgər Fransanın Ermənistanın müstəqilliyi, ərazi bütövlüyü, suverenliyi ilə bağlı narahatçılığı varsa, o halda niyə 30 ilə yaxın müddət ərzində Rusiyanın forpostu olduğu bütün məsələlərdə mövqe ortaya qoymurdu. İndimi yadına düşüb, Ermənistanın ərazi bütövlüyü...
Həmsöhbətimiz qeyd edib ki, bütün bunlar gözdən pərdə asmaq, Azərbaycana qarşı səfərbər olunmağa haqq qazandırmaq və Cənubi Qafqazda sülhə, demokratiyaya, insan hüquq və azadlıqlarına, dövlətlərin ərazi bütövlüyünə, müstəqilliyinə, təhlükəsizliyinə təhdid yaradacaq siyasətə xidmət edən addımlardır. Fransa dövlət bu yolla Cənubi Qafqazda sülhə mane olmağa cəhd göstərir. Hesab edirəm ki, bu cəhd uğursuzluğa düçar olacaq. Azərbaycan Fransanın həm Ermənistan, həm də müxtəlif regionlarda yürütdüyü neokolonist siyasəti ifşa etməkdə davam edəcək.
Yaqut Ağaşahqızı, “İki sahil”