Dünya xalqlarını düşündürən, planetdə sülhün bərqərar olunması, silahlar üçün ayrılan vəsaitin insanların rahat, əmin- amanlıq şəraitində yaşamasına sərf olunması üçün bütün dövlətlər, beynəlxalq təşkilatlar... hər kəs terrorizmə qarşı mübarizədə birləşməli, planetimizin gələcəyi üçün məsuliyyət daşımalıdırlar.
Çünki bir dövlətdə baş verən terror region, bölgəni bürüyən kabus isə bütünlükdə bəşəriyyət üçün təhlükədir. Bədniyyətli insanların müasir texnologiyalardan belə istifadə etməklə törətdikləri terror elə qorxulu dəhşətdir ki, onların qanlı-qadalı nəticələrinin aradan qaldırılması bütün xalqların gücündən, qüvvəsindən istifadə etməklə mümkündür. Təcrübə göstərir ki, ən qüdrətli dövlət də nə qədər güclü müdafiə olunsa belə terrora qarşı təkbaşına mübarizə apara bilməz.
2001-ci ildə Amerikada qoşa göydələnlərin dağıdılması ilə müşahidə olunan hadisədən sonra ABŞ-ın yaratdığı beynəlxalq antiterror koalisiyaya qoşulan və illərdən bəri ermənilərin hərbi, ekoloji. mədəni və mənəvi terrorundan əziyyət çəkən Azərbaycan milliyyəti, vətəni olmayan terrorçuların hər aktını insanlığa, bəşəriyyətə qarşı yönəlmiş cinayət hesab edərək koalisiyanın üzvü kimi bu sahədə səylərini artırır.
Ən radikal terror təşkilatları ilə birgə dünyanın bütün bölgələrində insanları qətlə yetirən, şəhərləri dağıdan Ermənistanın qanunsuz silahlı qruplaşmaları ilə mübarizə aparır. İnsanların, pulların, silahların, narkotik məhsulların qeyri-qanuni yolla nəqlinə qarşı mübarizədə, sərhəd təhlükəsizliyinin təmin olunmasında, terrorçuluq fəaliyyəti ilə məşğul olmaqda şübhəli bilinən qrupların və onların vasitəçilərinin aşkarlanmasında səyini artıran Azərbaycan bu sahədə peşəkarlıq nümayiş etdirir.
İstər Avropa, istər Şərq və Qərb ölkələrində baş verən terrorlar bütünlükdə dünyamızın gələcəyi üçün risklər yaradır, təhlükəsizlik tədbirlərinin gücləndirilməsini tələb edir. Özlərinin maraqları üçün terror təşkilatlarını maliyyələşdirən, silahlandıran, onların törətdikləri dağıntılara, günahsız körpələrin ahılların ölümlərinə biganə qalan “güclülər” qələbələrini gücsüzlərin tökülən qanları bahasına qeyd etməkdən zövq alırlar.
Ən təhlükəli virusdan da qorxulu olan ikili standartlar siyasətinin tətbiqi ilə “soyuq müharibə” dövründə hakim olan ideologiyalar arası mübarizənin artıq odlu silahların dili ilə aparılması ərazi münaqişələrini, “rəngli inqilablar”ın ünvanlarını çoxaldır, düşünülməmiş qloballaşma siyasəti, digər dövlətlərin və bütöv regionların inkişafını ləngidir, mədəni, dini, tarixi mənbələrə əsaslanmayan saxta iddialar konfliktlərin və qeyri-sabitliyin artmasına gətirib çıxarır. Mənafelərin kəskin toqquşması vahid iqtisadi şəraitə məhvedici təsir göstərir. Böhranın dərinləşməsi və beynəlxalq hüququn nəzarətindən kənarda qalan münaqişələrin əmələ gəlməsinə şərait yaradılması suveren milli qurumların inkişafı prosesinə hədsiz ziyan vurur, qarşıdurma vəziyyətində olan tərəflər arasında kompromislər axtarışı vəziyyəti son həddə qədər kəskinləşdirir. Beynəlxalq siyasətin qarışıq, qlobal, çirkin proseslərini Dağlıq Qarabağ müharibəsinin timsalında aydın hiss etmək mümkündür. Dünyada hegemonluq uğrunda mübarizədə qalib olmaq istəyən “süper güc”lərin müəlliflik etdikləri ikili oyunlar sonda terrorlar üçün münbit şərait yaradır.
Maliyyə və iqtisadi böhranın genişləndiyi müasir dünyamızda belə gərginliklərin yaranmasında, başqa dövlətlərdə və regionlarda yaranmış mürəkkəb problemlərlə bağlı qərarlar qəbul etmək hüququnun inhisarlaşdırılmasında Qərb, Avropa təsisatları və təşkilatları da az rol oynamırlar. Nəticədə isə qeyri-ənənəvi müharibə taktikası olan terror genişlənərək beynəlxalq münasibətlərdə anarxiyanın, hüquq normalarının gücdən düşməsinə səbəb olur. Qərbin istənilən bölgədə “rəngli inqilab”ların təşkili üçün yaratdığı qiyamçılarının dəstəklənməsi, o dövlətin siyasi , iqtisadi inkişafına, ölkədəki proseslərə təsir və təzyiqlərini artırması münaqişələrin təməl prinsiplərindəndir. Müsəlman dövlətlərində “xeyir-dua” verilən “ərəb bahar”ları, bir neçə ölkənin dağılmasına səbəb olan dövlət çevrilişlərinin acı nəticələri, miqrantların üzləşdikləri ədalətsizliklər bu gün də hiss olunmaqdadır. Müharibənin əsas məqsədi isə dost olmayan dövlətin iqtisadi və maliyyə resurslarını tükətmək, zəifləmiş ölkələri öz məqsədləri naminə köləyə çevirmək, yeraltı, yerüstü resurslarını mənimsəməkdir. Nəticədə həm dost olmayan ölkə, həm də onu əhatə edən qonşu dövlətlər zərər çəkir. Onlar müharibələr, terror dalğası, inqilablar, separatizm, etnik və dini təmizləmələr ilə üzləşirlər. İllərdən bəri belə təhlükələrlə üz-üzə dayanan, Ermənistanın terror təşkilatlarının törətdikləri qətliamların qurbanı olan soydaşlarımızın sayı minlərlədir.
Soydaşlarımızın Qərbi Azərbaycandan sonuncu kütləvi deportasiyası zamanı ermənilərin törətdikləri vəhşiliklər alman faşistlərinin cinayətləri ilə müqayisədə çox humanist görünür. O zaman 13-15 yaşlı uşaqları dəmir borulara dolduraraq hər iki tərəfini bağlayan ermənilər ana ilə iki azyaşlı qızını quyuya ataraq zəhərli ilanların onları necə sancaraq əzabla öldürdüyünü zövqlə izləmişlər. Xocalı soyqırımı isə erməni qəddarlığının ölçüyəgəlməz vəhşiliyinin ifadəsi oldu. Terrorçuları maliyyələşdirməklə insanların qətlə yetirilməsinə fitva verənlər həm də Ermənistanı dəstəkləyənlərdir. Çox təəssüf ki, özlərinə vurulan “dəyənəyin” ağrısını hiss etdikdə “beynəlxalq terrora qarşı mübarizə məqsədilə koalisiya” yaradanlar əslində beynəlxalq terroru maliyyələşdirib, silahlandırmaqla kifayətlənməyib, dini zəmində qarşıdurmaların yaranması üçün formalaşdırdıqları müxalif qüvvələri təlimatlandırır, daxili gərginliyi artırmaqla dövlət çevrilişləri üçün zəmin hazırlayır, terrorçu qruplardan vasitə kimi istifadə edirlər. İşğal etdikləri ərazilərdən axan çaylara partladıcı yerləşdirməklə azərbaycanlı azyaşlıları - Fariz Bədəlovu, Aygün Şahmalıyevanı, balaca Zəhranı və nənəsini öldürən ermənilərin də sıralarında çoxluq təşkil etdikləri terrorçular bu gün Türkiyəyə qarşı Qərbin planlaşdırdıqları əməliyyatlarda, silahlı basqınlarda qaniçən kimi insanları qətlə yetirirlər. Suriyalı miqrant, dənizdə boğulan 3 yaşlı Aylin Kürdinin sosial şəbəkələrdə yayılan şəkilini məsxərəyə qoyan terrorçuları dəstəkləyənlər Reyhanlıya atdıqları raketlər nəticəsində evində öldürülən 17 yaşlı Fatmanın qətlinə də biganə qalırlar. Terrorun butun hallarına qarşı mübarizəni bütün insanların gələcəyimiz qarşısında ən başlıca vəzifəsi hesab edən Prezident İlham Əliyevin “ Bizim aramızda bölüşdürəcəyimiz heç nə yoxdur. Hamımız eyni planetdə yaşayırıq. Bütün xalqlar sülh, əmin-amanlıq və təhlükəsizlik şəraitində yaşamağı, ailələrini qorumağı, övladlarını böyütməyi arzulayır. Bütün dinlər eyni dəyərləri - insanlıq, mərhəmət, həmrəylik və sülhü təbliğ edir. Bu gün dünyanın tələb etdiyi səylərimizin birləşdirilməsidir” sözləri insanları bu qorxulu kabusa qarşı mübarizədə fəal olmağa çağırışdır.
Bəllidir ki, daşnakların türklərə qarşı yürütdüyü etnik təmizləmə siyasətinin əsasında ümumerməni maraqları dayanır. Aqressiv, milli emosiya ilə müşayiət olunan “vətən axtarışı” siyasəti həmişə onların ictimai şüurunda qan üzərində formalaşıb. Onlar üçün vətən stabil bir coğrafiya deyil, maddi maraqlarını təmin etdikləri ərazidir . Ona görə də digər millətləri qəbul etmək, beynəlmiləlçilik ruhu onlara yaddır. Daşnakların Türkiyəyə, Gürcüstana, Azərbaycana qarşı ərazi iddialarının əsasında da “ vətənsizlik” amili dayanır.
Qardaş Türkiyənin illərdən bəri terrora qarşı apardığı mübarizənin hələ də davam etməsi məhz Qərbin və Avropanın terrorçulara göstərdikləri yardımlar səbəbindən bitmək bilmir. Qardaş ölkənin Suriya ilə sərhəd bölgəsində toplanaraq Türkiyənin şəhərlərinə bomba yağdıran “Əl-Qaidə”, “İŞİD”, PKK, PYD kimi terror qruplarını maliyyələşdirən də “terrora qarşı mübarizə məqsədilə koalisiya” yaradanlardır.
Həqiqi mənada terrora qarşı mübarizəsini “Zeytun budağı” adlı əməliyyatı ilə davam etdirən Türkiyəni bu yolundan çəkindirməyə çalışanlar yenə də qardaş ölkəyə qarşı təzyiqlər göstərir, terrorçu qrupları silahlandırır, günahsız insanların ölümünə səbəb olan kütləvi qırğınlar, ölkə daxilində təxribatlar törədir. Hazırda dünya siyasətinin gündəmində olan Əfqanıstan və Suriyada baş verənlər də deyilənlərə əyani sübutdur.
...2016-cı ildə həmin dairələrin təlimatlarına uyğun İstanbulun Atatürk hava limanında baş verən və kütləvi insan qırğını ilə nəticələnən terrordan sonra Türkiyədə baş verən hərbi qiyam bir daha göstərdi ki, regionda nüfuzu artan, siyasi sabitliyin qorunmasına çalışan bu dövlətin qüdrətindən təşvişə düşənlər ən çirkin vasitələrə belə əl atırlar. Həmin ilin iyul ayının 15-16-da Türkiyədə dövlət çevrilişinə cəhdin qarşısının xalqın birlik və həmrəyliyi ilə alınması bu dövlətin yenilməzliyini, xalqın birliyini təsdiqlədi. Vətənə sadiq qalacaqları ilə bağlı içdikləri hərbi anda xilaf çıxan müxtəlif rütbəli zabitlərin iştirakı və əmri ilə baş verən dövlət çevrilişlərinə cəhdin qarşısının alınması, belə xəyanət yolunu tutanların həbs olunması Türkiyənin qüdrətini təsdiqlədi. O vaxt qiyam törədənlərin cəzalandırılmasını tələb edən milyonlar bu gün “Zeytun budağı” əməliyyatını dəstəkləyir, terrora qarşı mübarizə aparan orduya könüllü qoşulmaq istəyənlərin sayı artır.
BMT-nin Bakıda keçirilən VII Forumunda çıxış edən, terrordan ən çox əziyyət çəkən ölkə olan Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirdi ki, terrorun bütün formalarına qarşı mübarizədə zəfər ancaq ağıllara, qəlblərə, vicdanlara müraciət edərək əldə oluna bilər: “Dözümsüzlüyə, ayrı-seçkiliyə, ksenofobiyaya, müxtəlifliyə qarşı olan qorxuya qalib gəldiyimiz gün bu mübarizədə uğur əldə edə bilərik. Zorakılıq tərəfdarları dini dəyərləri təhrif etməklə yaratdıqları utopiyalarla gənc nəsillərə təsir göstərir, onları fəlakətə aparırlar. Bunun əvəzində yeni nəsillərə inancları, ədaləti və bərabərliyi əsas götürən həqiqi mesajları ən doğru şəkildə öyrətməliyik.” R.T.Ərdoğan Forum iştirakçılarına belə bir çağırış etdi ki, müxtəlif dinlərin nümayəndələri olaraq, bunu bacardığımızda dünyanın hamımızın birlikdə yaşaya biləcəyi yer olduğu daha yaxşı anlaşılacaq. Gələcək nəsillərə daha gözəl bir gələcək miras qoymaq üçün səsimizi bu gündən ucaltmalı və dərhal fəaliyyətə başlamalıyıq.
Xuraman İsmayılqızı, “İki sahil”
Çıxış Azərbaycanın Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlığının perspektivləri haqqında zəmanət oldu
Xankəndidə Böyük Qayıdışın yeni mərhələsi: doğma yurdda həyat yenidən canlanır